Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rusiyanın ədəbiyyat portalında Nigar Rəfibəylinin şeirləri

© Photo : AZƏRTACNigar Rəfibəyli
Nigar Rəfibəyli - Sputnik Azərbaycan, 1920, 12.09.2022
Abunə olmaq
Azərbaycanın xalq şairi Nigar Xudadat qızı Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub, 1981-ci ildə Bakı şəhərində vəfat edib.
BAKI, 12 sentyabr - Sputnik. Rusiyanın populyar “litprichal.ru” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin rus dilinə tərcümə edilmiş “Neyləyim”, “Sevda kimiyəm”, “Çiçəklər” şeirlərinin yayımına başlayıb.
Tərcümə MərkəzindənAzərtac-a verilən məlumata görə, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin rus dilinə tərcümə müəllifləri – tanınmış Rusiya tərcüməçiləri Mark ŞexterVladimir Portnovdur.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “litprichal.ru” portalı mütəmadi olaraq səhifələrində A.Puşkin, A.Fet, S.Yesenin, A.Ahmatova, M.Svetayeva, O.Mandelştam kimi korifey şairlərin yaradıcılığını işıqlandırır.
Xatırladaq ki, Azərbaycanın xalq şairi Nigar Xudadat qızı Rəfibəyli XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan qadın şairlərimizdən biri, incə ruha, zərif təbiətə malik ədibdir.
Nigar Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Fəhlə-gənclər məktəbində, 1932-1936-cı illərdə isə Moskva Pedaqoji İnstitutunda təhsil alıb. O, əvvəlcə Bakı kinostudiyasında ssenari şöbəsində tərcüməçi və redaktor, 1937-1939-cu illərdə isə “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində çalışıb.
N.Rəfibəyli ədəbiyyata 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc etdirdiyi “Çadra” şeiri ilə gəlib. Elə ilk şeirindən ədəbi mühitdə rəğbətlə qarşılanan gənc şairin şeirlər kitabı 1934-cü ildə nəşr olunub. Kitabda toplanmış yaradıcılıq nümunələrində Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edilib.
Nigar xanım hələ gənclik illərindən başqa xalqların inqilabi mübarizəsini, həyatlarında baş verən ictimai-siyasi prosesləri bir ziyalı vətəndaş olaraq izləyib, öz əsərlərində bu hadisələrdən bəhs edib. Onun “Dolores İbarriru” (1936) şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. Şairin “Cəmilə” şeirində isə Əlcəzair xalqının milli-azadlıq mübarizəsi, gələcəklə bağlı arzu və istəkləri böyük məhəbbətlə tərənnüm edilib.
Nigar Rəfibəyli ictimai həyatda və yaradıcılıqda mübarizələrlə dolu bir ömür yaşayıb. Sözündə və əməlində qorxmaz, cəsur olan şair özünün poetik ecazı ilə Azərbaycan ədəbiyyatına gözəl, ibrətamiz əsərlər bəxş edib. Yaşadığı dövrün gerçəklikləri müxtəlif mövzularda yazdığı poetik əsərlərinin mövzusu olub. Belə ki, təbiət mənzərələri, insanın mənəvi aləmi, vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları Nigar xanımın əsərlərinin leytmotivini təşkil edib. Onların arasında “İşıqlı dünyam” (1969), “Günəşdən gənclik istədim” (1974), “Həzin bir axşamda düşərsən yadıma”, “Şanlı nəsillərin yadigarısan” (1982), “Zəfər nəğməsi” (1943), “Yol xatirələri”, “Avropa ətrafında səyahət gündəliyindən” kitabları (1957) nəşr olunduğu vaxtlardan böyük oxucu marağı və sevgisi ilə qarşılanıb.
Nigar Rəfibəyli öz yaradıcılığında uşaqları da unutmayıb, onlar üçün də poetik ilhamla, böyük sevgi ilə əsərlər yazıb. Şairin müxtəlif illərdə çap olunmuş “Balaca qəhrəman” (1942), “Günəşin cavabı” (1966), “Məstanın balaları” (1968), “Bizə bahar yaraşır” (1978) kitabları balaca oxucularının sevdiyi kitablardan olub.
Onun bir çox şeirlərinə musiqi bəstələnib, tanınmış müğənnilər tərəfindən ifa olunub. Həyat yoldaşı Azərbaycanın Xalq şairi R.Rzaya həsr etdiyi və görkəmli müğənni Akif İslamzadənin ifasında filmotekamızın qızıl fonduna daxil edilmiş “Ala gözlüm” mahnısı bu gün də hamının sevərək dinlədiyi ən gözəl əsərlərdən biridir.
Nigar Rəfibəylinin ədəbi yaradıcılığında tərcümə ədəbiyyatı da xüsusi əhəmiyyət kəsb edib. Belə ki, şair həyatı boyu ədəbi yaradıcılığını poeziya ilə yanaşı, tərcümə sahəsində də aparıb, hər ikisində böyük sənətkarlıq nümunələri yaradıb. Onun tərcümə əsərlərinin sadəcə adlarına diqqət edəndə yaradıcılığının bu qolunda da necə bir mükəmməllik yaratdığının şahidi oluruq.
Məhsəti Gəncəvinin rübailəri, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Pavloviç Çexovun “Vanya dayı”, “Albalı bağı” dramları, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanları, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərləri məhz Nigar xanım Rəfibəylinin tərcüməsində Azərbaycan oxucularına təqdim olunub.
Nigar Rəfibəyli 1981-ci ildə Bakı şəhərində vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.
Xəbər lenti
0