Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda əhali arasında yayılan hansı xəstəlikdir?

© Depositphotos.com / Stockassoevdə xəstə
evdə xəstə - Sputnik Azərbaycan, 1920, 12.09.2022
Abunə olmaq
Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev də deyib ki, yeni tədris ilində uşaqların daha sıx təmasda olması virusa yoluxmanı alovlandıracaq.
BAKI, 12 sentyabr — Sputnik. Havaların qəflətən soyuması əhali arasında virusa yoluxmanı sürətləndirib. Artıq həm böyüklər, həmçinin də kiçik yaşlılar arasında yüksək temperatur, ishal və qrip əlamətlərini əks etdirən xəstəlik müşahidə olunur.
Valideyn Fatimə Şabanova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq bir həftədir ailəliklə hamısında eyni xəstəlik əlamətləri müşahidə olunur. O, azyaşlı övladını bu səbəbdən həkimə apardığını, Xırdalan şəhər Uşaq Xəstəxanasına hərarət, öskürək qusma və ishalla müraciət edən uşaqların çox olduğunu bildirib. Valideynin sözlərinə görə, həkimlər ona bunun mövsümi xəstəlik - rotavirus olduğunu deyiblər.
İnfeksion xəstəliklər və klinik mikrobioligiya üzrə uzman, Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov da qeyd edib ki, əhali arasında yayılmış xəstəlik koronavirusdan daha çox mövsümi qrip virusuna bənzəyir. O, son vaxtlar müraciət edən xəstələrdə mədə-bağırsaq pozğunluğu, qusma və hərarətin olduğunu söyləyib:
"Son günlər müraciət edən xəstələrdə koronavirusun yox, rotavirusun əlamətləri müşahidə olunur. Bu, daha çox boğaz ağrısı, qripin əlamətləridir. Ona görə belə olduqda həm böyüklər, həmçinin də kiçiklər test verməlidirlər. Bu əlamətlərlə test verənlərdə koronavirus pozitiv çıxmır. Ümumiyyətlə, son günlər yoluxma sayında elə də artım müşahidə olunmur".
F.Sədirov havanın qəfil soyumasının da burada rol oynadığını bildirib.
Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev də deyib ki, hazırda yayılmış virus mövsümi xarakter daşıyır:
"Payız fəslində rotaviruslar aktivləşir. Havaların soyuması ilə əlaqədar bədən temperaturunun aşağı düşməsi virusa yoluxmanı sürətləndirir. Bu isə uşaqlarda hərarət, qusma, öskürək, ishal hallarının yaranmasına gətirib çıxarır".
İnstitut direktoru kəskin respirator virusların hava şəraitinin dəyişməsi zamanı daha aktiv olduğunu söyləyib. Bununla belə o, uşaqlar arasında koronavirusun təsirlərinin də olduğunu deyib. Bildirib ki, bu, uşaqlarda böyrək, ürək xəstəliklərinin yaranmasına gətirib çıxarır.
A.Musayev hazırda viruslardan qorunmaq üçün orqanizmin immun sistemini güclü saxlamağın, insanların sıx təmasda olduğu yerlərdə maksimun gigiyenik tələblərə əməl etməyin vacibliyini vurğulayıb. O, yeni tədris ilində uşaqların daha sıx təmasda olmasının virusa yoluxmanı alovlandırdığını söyləyib. Odur ki, sentyabrın 15-dən etibarən virusa yoluxma hallarının artacağı proqnozlaşdırılır.
Xəbər lenti
0