CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məktəb gəldi, dərd gəldi - Dərslər açılmamış tıxac problemi dərinləşib

© Photo : Baku Transport AgencyBakıda Ziya Bünyadov prospektinin sonunda tıxac
Bakıda Ziya Bünyadov prospektinin sonunda tıxac - Sputnik Azərbaycan, 1920, 11.09.2022
Abunə olmaq
Ekspertlər bildirir ki, Bakıda tıxac probleminin qarşısını almaq üçün alternativ ictimai nəqliyyat növləri yaradılmalıdır.
BAKI, 11 sentyabr — Sputnik. Yeni tədris ili hələ başlamasa da, paytaxtın bir çox küçə və prospektlərində tıxac müşahidə olunur. Bakıda nə qədər yeni yollar, körpülər, tunellər tikilsə də tıxac probleminin qarşısını almaq mümkün deyil. Ölkə başçısı İlham Əliyev iki il öncə Bakı-Sumqayıt yolunun genişləndirilməsi ilə bağlı tapşırıq versə də bu yolda tıxac problemi hələ də qalır. Bakı-Sumqayıt yolunda artıq indidən tıxac yaranır. Sumqayıt və Abşeron sakinlərinin sözlərinə görə, əvvəl bu yolda tıxac Dövlət Yol Polisinin Ekoloji postunu keçdikdən sonra başlayırdı. İndi isə tıxac Masazır dairəsindən Şamaxinka adlanan əraziyə qədər davam edir. Sakinlər bildirir ki, dərslər başlayanda bu yolda hərəkət demək olar ki, iflic olur.
Bakı-Sumqayıt yolunda tıxac problemi dərinləşir
Abşeron sakini Əziz Seyidov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, tıxac səbəbindən evdən hər gün evdən tez çıxır ki, işə vaxtında gedib çata bilsin. Masazır qəsəbə sakini Gülnar Səfərova isə evdən 20 Yanvar metrostansiyasına 1 saat 40 dəqiqəyə çatdığını söyləyir. Həmsöhbətimiz deyir ki, Bakı-Sumqayıt yolu genişləndiriləndə tıxacda canlarının qurtaracağına ümid etsələr də, vəziyyət bu yolda düzəlmək əvəzinə daha da pisləşir.
Sumqayıt sakini Esmira Kazımova isə Sumqayıtdan Bakıya işə gəlib getməyin daha çətin olduğunu söyləyir. Bildirir ki, Sumqayıtla Bakı arasında 30 kilometr məsafə olsa da, onlar yol tıxac olduğundan bu məsafəni 1 saatdan çox müddətə qət edirlər. Onun sözlərinə görə, tıxacda qalmamaq üçün çox vaxt sürət qatarından istifadə edir: "Elə vaxt olur ki, Bakı-Sumqayıt yolunda tıxac Ceyranbatan su anbarını keçən kimi başlayır. Saatlarla tıxacda qalırıq. Bu yolun probleminə əncam çəkən yoxdur".
Amma paytaxtda tıxacın olduğu yol təkcə Bakı-Sumqayıt yolu deyil. Babək prospektində, İstiqlaliyyət küçəsində, Ziya Bünyadov prospektində, Tiblis prospektində də mütəmadi olaraq tıxac yaranır. Bir sözlə, yeni dərs ili ərəfəsi Bakı, Sumqayıt və Abşeron sakinlərini ən çox qayğılandıran məsələlərdən biri də məhz tıxac problemidir.
Sputnik Azərbaycan yollarda tıxacın azalması üçün hansı tədbirlərin görülməli olduğunu araşdırıb.
Metro şəbəkəsi genişlənmir
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yollardakı indiki vəziyyətdən görükür ki, bu il dərslər başladıqdan sonra Bakının küçələrində son illər rast gəlmədiyimiz tıxaclara şahidlik edəcəyik. Ekspert deyir ki, Bakıda tıxacın yaranmasının səbəbləri müxtəlifdir. Onun sözlərinə görə, metropolitenin genişlənməməsi tıxac problemini artırır: "Bakı metropoliteni genişlənmir, demək olar ki, yerində sayır. Az qala 8-10 ilə bir stansiya istismara verilir. Paytaxtın ictimai nəqliyyatının bel sütunu olan avtobuslarla sərnişin daşıma çox ciddi iqtisadi, texniki və təşkilati böhran yaşayır. Belə davam etsə, dövlətin ciddi dəstəyi və müadxiləsi olmasa, bu sektorun çöküşü çox uzaqda deyil".
Taksiyə təlabatın artması tıxacı daha da artırır
Ə. Hüseynov deyir ki, nəticədə Bakıda ucuz taksi xidmətinin artması tıxac problemini daha da artırır: "Taksi aqreqatorları “hər kəsi ucuz qiymətə biz daşıyacağıq” devizini açıq səsləndirirlər. İlk baxışdan cazibədar, lakin Bakı kimi iri şəhərdə reallıqdan uzaq olan bu ideya son illərdə taksi minik avtomobillərinin sayının dəfələrlə artmasına gətirib çıxardıb. İctimai nəqliyyatla qane olmayan, çox vaxt ona əli çatmayan və “ucuz taksi” şüarının keçici olduğunu bilən insanlar bütün imkanlarını səfərbər edərək fərdi avtomobil əldə etməkdədirlər. Köhnə, bəzən yarasız avtomobil sahibləri isə ondan bərk-bərk yapışıblar ki, yollarda qalmasınlar. Əslində fərdi avtomobillərin artması qorxulu deyil, çünki bu, firavanlıq, maddi rifahın yüksək olması deməkdir . Amm bizim dərdimiz odur ki, fərdi avtomobil nəinki ailənin, hətta bəzən qohum-qonşunun yeganə yerdəyişmə vasitəsi olur. Bu səbəbdən az qala hər kəsin avtomobili hər gün küçədə olur".
Həmsöhbətimiz deyir ki, velosipedin real mobillik vasitəsinə çevirilməsi istiqamətində isə sadəcə söz-söhbət var. Ə. Hüseynov bildirir ki, tıxac yaradan digər səbəblər-müəyyən yerlərdə hərəkətin təşkilindəki qüsurlar, qanunsuz parklanma, bəzən elementar mədəniyyətsizlik və s. də tıxac problemini daha da tətikləyir. Onun sözlərinə görə, belə mənzərə fonunda tıxaclar qaçılmaz olur: " Nəticədə vaxtımız, pulumuz, əsəblərimiz, əmək qabiliyyətimiz və s. yollarda xərclənir. Ən kədərlisi isə odur ki, hansısa dövlət qurumunun bu bəlanı həll etmək istiqamətində aydın fəaliyyət planı, ideyası yoxdur. Təbii ki, belə ola bilməz. Bu istiqamətdə real ciddi işlər görmək lazımdır".
Bakının yol infrastrukturu yenidən qurulmalıdır!
Azərbaycan Memarlıq və İnşaat Universitetinin baş mühəndisi Bulud Bağırov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakıda tıxac probleminin qalmasının müxtəlif səbəbləri var. Baş mühəndisin fikrincə, Bakıda əhali sayının sürətlə artması, yeni metrostansiyaların inşa olunmaması, eləcə də yol infrastrukturunun yenidən qurulmaması tıxac problemini artırır: "Bakıda yol infrastrukturu yenidən qurulmalıdır. Çünki, Bakı günü-gündən böyüyür. Əhali sayı paytaxtda kəskin artıb. Yol infrastrukturu isə bu qədər əhali sayına hesablanmayıb".
Harada gəldi binalar tikilərsə...
B. Bağırov deyir ki, xüsusilə Abşeronda əhali sayı durmadan artır, yeni binalar inşa olunur. Rayon icra hakimiyyətlərinin memarları isə bu binaların inşasına icazə verərkən yolların vəziyyətini nəzərə almırlar.
B. Bağırovun sözlərinə görə, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda tıxacın qarşısını almağın yeganə yolu yerüstü metronun çəkilməsidir: "Sumqayıt istiqamətindən, Xırdalan, Masazır, Xocahəsən, Biləcəri istiqamətindən gələn avtomobillərin hamısı Bakıya şimal girişdən daxil olur. Bu avtomobillərin hamısı gəlib daxil olur 20 Yanvar istiqamətindəki girişdə. Burada isə zolaqların sayı 6-dır. Bu qədər nəqliyyat axınına mövcud yol infrastrukturu adekvat deyil. Nəticədə istər-istəməz tıxac yaranır".
B.Bağırov bildirir ki, tıxacı aradan qaldırmaq üçün alternativ köməkçi yollardan istifadə edilməlidir. Universitetin baş mühəndisi bildirir ki, bunun üçün dairəvi yol tikilib başa çatdırılmalıdır. Həmçinin Sumqayıta qədər yerüstü metro xəti çəkilməlidir.
Tramvay xətləri bərpa olunmalıdır
Həmsöhbətimiz deyir ki, Bakıda isə tıxacı önləmək üçün tramvay və troleybus xətlərinin çəkilməsi vacibdir: "Bakıda elə yollar var ki, orada tramvay xətləri çəkmək olar. Əvvəllər Bakıda əhali sayı az olub. Bununla belə paytaxtda əhalinin rahat hərəkəti üçün metro, avtobus ilə yanaşı tramvay xətti də olub. İndi bu xətləri yenidən qurmaq lazımdır. Əgər tramvay, torleybus xətləri olarsa avtobuslarda da bu qədər yüklənmə olmaz. Həmçinin ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı artar. Nəticədə taksiyə təlabat azalar. Bu isə yollarda avtomobil sıxlığını azaldar".
Dövlət qurumlarının ötür-ötür oyunu
B. Bağırov deyir ki, bu gün Bakıda və Abşeronda tıxacın yaranmasında aidiyyatı qurumların da rolu var: "Yollarda nəqliyyatın hərəkətinə cavabdeh olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi bu il tıxacın qarşısını almaq üçün həyata keçirəcəkləri planlarını açıqlamalıdırlar".
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Agentlik yol hərəkətinin təşkili ilə məşğul olmur: "Yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə digər qurumlar məşğul olur. Biz yollarda təmir-tikinti işlərini aparırıq. Təkliflər olarsa və müvafiq büdcə ayrılarsa buna müvafiq işlər görüləcək. Amma bu gün bir yolu genişləndirməklə tıxacın qarşısını almaq mümkün deyil. Bunun üçün geniş tədbirlər planı hazırlanmalıdır".
Bakı Nəqliyyat Agentliyindən isə bildirdilər ki, yol hərəkətinin təşkili ilə bağlı səlahiyyətlər artıq qurumda deyil.
Ümid alternativ ictimai nəqliyyat növlərinə qalıb
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru, polis mayoru Araz Əsgərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yol polisi yollarda hərəkətin təhlükəsizliyinə cavabdeh olan qurumdur. Onun sözlərinə görə, yol polisi mütəmadi olaraq sıxlıq olan yollarda hərəkətin təşkilini nizamlayır: "Bakıda yollarda tıxacın qarşısını almaq üçün kompleks tədbirlər görülməlidir. Paytaxtda avtomobil sayının sürətlə artması yollarda sıxlığa səbəb olan əsas amillərdəndir. Buna görə də paytaxtda alternativ ictimai nəqliyyat vasitələrinin sayı artırılmalıdır. Bakıda sərnişinlərin daşınmasında əsas yük avtobusla metronun üzərinə düşür. Amma xarici ölkələrdə bu yük digər ictimai nəqliyyat vasitələri üzərində paylanır. Paytaxtda tramvay, troleybus xətlərinin salınmasına ciddi ehtiyac var. Bu yollarda yüklənmənin qarşısını ala bilər. Xarici ölkələrə nəzər salsaq görərik ki, avtobus və metro ilə yanaşı yerüstü metro, tramvay, traleybuslar fəaliyyət göstərir".
İş saatları dəyişdirilməlidir?
A.Əsgərli deyir ki, yollarda tıxacı artıran daha bir məqam iş saatının əksər qurumlarda səhər saat 09:00-da başlayıb axşam saaat 18:00-da bitməsindədir: "Biz dəfələrlə təkliflər səsləndirmişik ki, iş yerlərində işin başlanma və bitmə saatları fərqli olarsa yollarda tıxac azalar. Amma bu təklif olaraq qalır".
Məktəbli avtobusları niyə yoxdur?
Həmçinin A. Əsgərli dərslər başlayan kimi yollarda sıxlığın artmasında məktəbli avtobuslarının olmamasının da rol oynadığını söyləyir: "Yol polisi dəfələrlə bu təklifi səsləndirib. Hər ailədən məktəbə gedən şagirdləri aparmaq üçün bir nəqliyyat vasitəsindən istifadə olunur. Məktəbli avtobusları olarsa yollarda səhər saatlarında bu qədər tıxac yaranmaz".
Polis mayoru bütün bunların hər birinin yollarda yeni dərs ili ərəfəsi tıxacın artmasına rəvac verdiyini, səslənən təkliflərin çoxunun icra olunmadığını da söyləyir. Həmsöhbətimiz deyir ki, Bakı şəhərində tıxacın qarşısını almaq təkcə yol polisinin görəcəyi iş deyil. Bütün məsul qurumlar bu məsələyə öz töhvələrini verməli, paytaxtın tıxac probleminə kompleks yanaşma tətbiq olunmalıdır.
Xəbər lenti
0