Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiyadan Azərbaycana elit buğda sortları gətirilir

© AP Photo / Hussein MallaBuğda, arxiv şəkli
Buğda, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.09.2022
Abunə olmaq
Krasnodar Elmi-Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yaradılmış sortların toxumu pas, unlu şeh və sürmə xəstəliklərinə qarşı davamlıdır.
BAKI, 8 sentyabr — Sputnik. Kənd təsərrüfatı məhsulları istehsalçılarının yüksək məhsuldar bitki sortlarının toxumları ilə təchiz olunması, bölgələrdə toxuma olan ehtiyacın aradan qaldırılması, daxili bazarda toxum çatışmazlığının və toxumun qiymət artımının qarşısının alınması istiqamətində elit toxumların ölkəmizə idxal olunması Dövlət Toxum Fondu tərəfindən davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, son illər yerli fermer və toxumçular tərəfindən yüksək məhsuldarlıqla nəticələnən Qrom, Tanya, Alekseiç elit buğda sortları, o cümlədən Fondun təşəbbüsü ilə Dövlət Reyestrinə qeydiyyata alınmış Qomer yumşaq buğda sortunun Rusiyanın Krasnodar vilayətindən idxalı nəzərdə tutulub.
Belə ki, idxal olunacaq 1200 ton elit buğda sortlarının Almaniyanın "Petkus" şirkətinə məxsus xüsusi avadanlıq ilə çeşidlənməsi və təmizlənməsi prosesi həyata keçirilib. Daha sonra dərmanlanaraq 50 kq kisələrə yığılıb.
Qeyd edək ki P.P.Lukyanenko adına Krasnodar Elmi-Tədqiqat Kənd Təsərrüfatı İnstitutunda yaradılmış qeyd olunan sortların toxumu pas, unlu şeh və sürmə xəstəliklərinə qarşı davamlı, septerioz və fuzarioza qarşı orta həssasdır. Toxumlar 99 faizlik cücərmə qabiliyyətinə malikdir. Sortların Azərbaycanın torpaq-iqlim şəraitinə tam uyğunluğu nəzərə alınıb.
Fond tərəfindən təklif olunan sertifikatlı toxumlar artıq yaxın günlərdə ölkəmizə idxal olunaraq fermerlərə, təsərrüfat sahiblərinə təklif olunacaq. Qeyd olunan toxum sortları əkin keyfiyyətinin yüksək olması ilə yanaşı, gələcəkdə toxumçular tərəfindən istehsal olunan məhsulun toxum kimi istifadəsinə imkan yaradır.
Qeyd edək ki, ötən il Dövlət Toxum Fondu tərəfindən ölkəmizə 340 ton elit buğda toxumu idxal olunub. Fermer və təsərrüfat sahibləri tərəfindən alınan buğda toxumları ölkənin müxtəlif regionlarında əkilib. Fondun aqronom və mütəxəssisləri tərəfindən toxumluq sahələrdə aparılan monitorinqin nəticəsinə görə, bu il fermerlər yüksək məhsul əldə ediblər.
Azərbaycanın bölgələrində toxum sərgi-satış yarmarkaları davam edir. Növbəti toxum sərgi-satış yarmarkası sentyabrın 8-də Hacıqabul rayonunda təşkil olunacaq. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumatlar verilir. Fermer və torpaq mülkiyyətçilərinin sertifikatlı toxuma əlçatanlığı təmin olunur.
Dövlət Toxum Fondu
Ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədilə Prezident İlham Əliyevin 2015-ci ilin mart ayının 2-də imzaladığı Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondu yaradılıb. Ölkəmizdə toxumçuluğun inkişaf etdirilməsi məqsədilə artıq 5 rayonda müasir standartlara uyğun toxum emalı zavodları tikilib.
Dövlət Toxum Fondu toxumçuluq sahəsində qabaqcıl ölkələrin elmi-tədqiqat mərkəzləri ilə yaratdığı əlaqələr nəticəsində məhsuldar toxum sortlarının ölkəyə idxalını təşkil edir, fermerlərə və toxumçulara münasib qiymətlərlə məhsul almaq imkanı yaradır.
Xəbər lenti
0