Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Əliyev: Biz hər bir qonşumuzla ədalətli və səmimi davranırıq, heç vaxt vədimizi pozmuruq

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib - Sputnik Azərbaycan, 1920, 03.09.2022
Abunə olmaq
Dövlət başçısı deyib ki, Azərbaycan potensial olaraq Avropaya 20 milyard kubmetrdən artıq da qaz ixrac edə bilər.
BAKI, 3 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibə verib.
Roberto Boncorni: Son görüşümüzdən sonra bir çox dəyişikliklər baş verib və biz regionda dinamikanı anlamağa çalışırıq.
Prezident İlham Əliyev: Bizim regionda vəziyyət sülhə doğru inkişaf edir, mən buna ümid edirəm. Mən İtaliyaya Brüsseldən gəldim. Orada mənim, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında üçtərəfli görüşümüz oldu. Biz razılığa gəldik ki, bir ay müddətində Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı praktiki danışıqlara başlamaq məqsədilə görüşəcəklər. Bu, bizim İkinci Qarabağ müharibəsinin bitməsindən demək olar ki, dərhal sonra irəli sürdüyümüz təklif idi. Biz bildirdik ki, bizim sülhə, sülh sazişinə ehtiyacımız var. Bununla razılaşmaq üçün Ermənistana təqribən iki il lazım oldu. Zənnimcə, bu, görüşün ən mühüm nəticələrindən idi. Əlbəttə, bu sülh danışıqlarının gedişatından çox şey asılı olacaq. Zaman çərçivəsi və məzmun nədən ibarət olacaq. Hesab edirəm ki, biz bir neçə ay ərzində sülh sazişini yekunlaşdırıb imzalaya bilərik. Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, zənnimcə, bu, realdır. Biz sülh sazişinin üzərində qurulmalı olduğu beş baza prinsipini irəli sürdük və Ermənistan bunu qəbul edib.
- Yəni, bu, iki ölkəni və bütün regionu birləşdirən infrastrukturun yaradılması istiqamətində çox vacib addım ola bilər.
- Tamamilə haqlısınız. Azərbaycan, Ermənistan və digər qonşularımızı birləşdirən infrastrukturun yaradılması məsələsi müharibənin bitməsindən sonra imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Azərbaycan azad olunmuş ərazilərdə artıq irimiqyaslı infrastruktur layihələrinin icrasına başlayıb. Biz birinci beynəlxalq hava limanını istifadəyə vermişik. İkinci beynəlxalq hava limanının uçuş-enmə zolağı artıq fəaliyyət göstərir və tezliklə hava limanının açılışı olacaqdır. Biz elektrik stansiyaları tikmişik və elektrik xətləri çəkmişik. Avtomobil yolları, tunellər, körpülər və dəmir yolları inşa edirik. Bütün işlər gedir və biz bu işləri yalnız qonşular ilə bağlılığı təmin etmək və daxili istifadə üçün görmürük. Bu səylər, həmçinin Ermənistan vasitəsilə Azərbaycanı özünün Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin icrasına yönəldilib.
- İcazə verin, qaz məsələsinə keçək. Çünki bu, vacib məsələdir. Avropa Rusiyanın təbii ehtiyatlarından asılılığına son qoymağa çalışır. Siz qeyd etdiniz ki, iyul ayında Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə görüşdünüz və Azərbaycandan Avropaya nəql edilən qazın həcminin iki dəfə artırılması, sərmayə qoyuluşu ilə bağlı anlaşma memorandumu imzaladınız. Burada söhbət 2027-ci ilədək ixracın 10 milyarddan 20 milyard kubmetrə çatdırılmasından gedir. Cənab Prezident, bu, mühüm addımdır. Lakin bu, Rusiyanın Avropaya ixracı ilə müqayisədə kiçik həcmdir. Çünki 2021-ci ildə Rusiya Avropaya 155 milyard kubmetr qaz nəql edib. Sizin rəhbərliyinizlə Azərbaycan həcmi artırmaq baxımından Avropanın digər hissələrinə qaz nəql etmək məqsədilə hər hansı əlavə layihələri nəzərdən keçirirmi? Buna böyük ehtiyac var.
- Bəli, mən bunu anlayıram. Biz hazırda sərmayə qoyuluşu baxımından yeni imkanlar və planları nəzərdən keçiririk. Ancaq sizin istinad etdiyiniz vəziyyət olduqca yenidir. Heç kəs buna hazır deyildi. Bizim bütün enerji layihələrimiz, o cümlədən təbii qazın nəqli ilə bağlı olan layihələrimiz mövcud həcmlərə əsaslanıb. Biz Azərbaycandan qaz alan Avropa şirkətləri ilə müqavilələri uzun illər əvvəl imzalamışıq. Daha sonra biz boru kəmərlərinə sərmayə qoyduq. Biz Avropaya yalnız bir il yarım əvvəl qaz nəql etməyə başladıq. 2021-ci ilin ilk günündə biz İtaliyaya qaz nəql etməyə başladıq. Beləliklə, bizim nəzərdə tutduğumuz planlar tam şəkildə həyata keçirilib.
Xanım Ursula Fon der Lyayen ilə istinad etdiyiniz görüşə gəldikdə isə, biz hasilatı qısa zamanda artırmaq məsələsini müzakirə etdik. Avropaya ixracı iki dəfə artırmaq böyük işdir. Bu, xırda məsələ deyil. Buraya sərmayə yatırılmalı, texniki imkanlar genişləndirilməlidir. Çünki hazırda Avropaya qaz nəql edən boru kəmərimiz TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir. Yəni, biz onu 20 milyard kubmetrə çatdırmalıyıq. Bu isə maliyyə vəsaiti və səhmdarlar arasında razılıq tələb edir və bu, bir prosesdir.
Bizim ehtiyatlarımıza gəldikdə, mən konfransda bu haqda danışdım. Təsdiq edilmiş ehtiyatlarımızın həcmi ən azı 2,6 trilyon kubmetr qaz təşkil edir. Potensial olaraq biz Avropaya 20 milyard kubmetrdən artıq da qaz ixrac edə bilərik. Lakın biz anlamalıyıq ki, Avropa bizim üçün yeganə bazar deyil. Biz Türkiyəni İtaliya ilə eyni həcmdə qazla təchiz edirik. İxrac 10 milyard kubmetr təşkil edir və Türkiyə bazarının tələbatı da artmaqdadır. Bazar o qədər böyük olmasa da, biz Gürcüstanı da qazla təchiz edirik. Bizim bu il ümumi ixracımız 22-23 milyard kubmetr təşkil edəcək. Ancaq hasilatı artırmaq üçün yataqlara böyük sərmayə qoyulmalı və texniki imkanlar genişləndirilməlidir. Söhbət təkcə TAP-dan getmir. Biz TANAP-ı genişləndirməliyik. Biz TANAP-ı 16 milyard kubmetrdən 32 milyard kubmetrə qədər genişləndirməliyik. Bəli, bunun üçün bizə yeni kəmər tikmək lazım olmayacaq. Bizə yalnız kompressor stansiyalarının istifadəyə verilməsi lazım olacaq. Bu isə sərmayə gözləyir.
Bir mühüm məqamı da qeyd etməliyəm ki, biz nə əvvəllər, nə də indi öz qarşımıza Avropa bazarında Rusiya qazı ilə rəqabətə girmək kimi hədəf qoymamışıq. Bizim öz yerimiz var. Biz Avropanın üç ölkəsi ilə, yəni, İtaliya, Yunanıstan və Bolqarıstanla müqavilələr imzalamışıq. Avropanın digər ölkələrinin də tələbatı var və biz həmin tələbatı qiymətləndiririk. Sizin də qeyd etdiyiniz kimi, digər layihələr də var. Məsələn, Balkan dövlətlərinə qədər uzanan İon-Adriatik kəməri, tezliklə istifadəyə veriləcək Yunanıstan-Bolqarıstan interkonnektoru və digər interkonnektorlar. Ancaq bütün bunlar masanın üzərində bir pazlı xatırladır. Bizim potensial istehlakçılarla fəal dialoq aparmağımız, sərmayədarlarla, maraqlı tərəflərlə həm istehsalat, həm də distribütor işlərində, həmçinin qiymətlə bağlı danışıqlar aparmaq kimi qarşımızda görüləsi çox iş dayanır.
- Cənab Prezident, icazə verin, Sizə uzunmüddətli perspektivlə bağlı sual verim. Ölkənizin potensialı çox genişdir və o, mühüm strateji mövqeyə malikdir. Məsələn, 30 illik mübahisədən sonra, 2021-ci ildə Siz Türkmənistanla Xəzər dənizində “Dostluq” qaz yatağının işlənməsi ilə bağlı müqavilə imzalamısınız. Siz, məsələn, Transxəzər kəmərinin tikintisini nəzərdən keçirirsinizmi? Çünki bununla siz Qazaxıstanın və Türkmənistanın qaz yataqlarını birləşdirərək təkcə Avropa deyil, bütün region üçün misilsiz bir qaz qovşağına çevrilə bilərsiniz.
- Bəli, siz haqlısınız. Mən Azərbaycanın Türkmənistanla “Dostluq” yatağının birgə işlənilməsi qərarını tarixi qərar kimi dəyərləndirirəm. Çünki biz hər iki ölkənin milli maraqlarına, qardaşlıq münasibətlərimizə əsaslanaraq bu qərarı vermişik. İndi bizim qarşımızda bu yatağın işlənilməsinə başlanması kimi hədəf dayanır. Bu, qaz deyil, əsasən neft yatağıdır.
Transxəzər layihəsi ilə bağlı sualınıza gəldikdə isə, bu layihə uzun illərdir ki, müzakirə olunur. Bu məsələnin 15 ildir müzakirə olunduğunu xatırlayıram. Amma praktiki nöqteyi-nəzərdən heç bir addım atılmayıb. Biz Cənub Qaz Dəhlizinin tikintisi ilə bağlı təşəbbüs irəli sürdükdə aparıcı rolu öz üzərimizə götürdük, biz komanda yaratdıq, xarici dövlətlərlə, istehlakçılarla, şirkətlərlə danışıqlar apardıq. Biz, həmçinin əsas investor idik. Bakıdan Ceyhana qədər kəmərin tikintisi zamanı da belə oldu. Onu demək istəyirəm ki, bu layihənin təşəbbüskarı tranzit ölkələr deyil, resursların sahibləridir. Tranzit ölkələr yalnız dəstək verə, ərazi təmin edə və ya ortaq sərmayədar, yaxud tranzit haqlarını qəbul edənlər ola bilərlər. Başqa sözlə desək, Transxəzər kəməri Azərbaycanın layihəsi deyil. Bizim neft və qaz layihələrimizə gəldikdə isə onların hamısı icra olunmuşdur. Biz indi elektrik enerjisinin Avropaya ixraci ilə bağlı layihəni icra edirik. Ancaq Transxəzər layihəsi isə Türkmənistanın resurslarına əsaslanır. Ona görə də əgər Türkmənistan hökuməti Transxəzər kəmərini tikmək qərarına gələrsə, bu, onların qərarı olacaq. Əgər onlar belə bir qərar verərlərsə, əlbəttə ki, biz onları dəstəkləyəcəyik. Ancaq burada biz təşəbbüskar olmayacağıq.
- Azərbaycan kiçik, lakin müasir dövlətdir və üç güclü regional dövlətin - Sizin güclü müttəfiqiniz olan Türkiyə, Rusiya və İranın əhatəsində yerləşir. Həmişə balansı qoruyub saxlamağa müvəffəq olmusunuz. Lakin son altı ayda vəziyyət köklü şəkildə dəyişib və Siz qazla bağlı Avropaya daha da yaxınlaşırsınız. Siz Rusiya tərəfindən hərbi deyil, kommersiya və diplomatik sahələrdə hər hansı təzyiqlə üzləşirsinizmi?
- Xeyr, qətiyyən yox. Bunun səbəbi odur ki, bizim regiondakı münasibətlərimiz çox yaxşı balanslaşdırılmışdır, onların öz dinamikası var. Bizim hər bir qonşu ilə xüsusi ikitərəfli əməkdaşlıq gündəliyimiz var və bu gündəlik bütün qonşularla fərqlidir. Biz hər bir qonşumuzla ədalətli və səmimi davranırıq, heç vaxt vədimizi pozmuruq. Əgər nəyisə deyiriksə, qonşularımız əmin olurlar ki, biz onu edəcəyik. Bizim sözümüzün imzamız qədər qüvvəsi var. Ona görə də bu çətin vəziyyətdə biz nə Rusiyadan, nə də İrandan mövqeyimizlə bağlı hər hansı mesaj almamışıq. Bizim mövqeyimiz çox sadədir. Biz hər bir dövlətin ərazi bütövlüyünü daim dəstəkləyirik və bu, fundamental mövqedir. Bəli, bu, bizim öz problemimizə əsaslanırdı. Çünki bizim ərazi bütövlüyümüz pozulmuşdu və biz indi ərazi bütövlüyümüzü bərpa etdikdən sonra da bu mövqedəyik. Çünki ölkənin ərazi bütövlüyü zor tətbiq edilərək pozula bilməz, bu, beynəlxalq hüququn pozulmasıdır. Bu mövqe kiminsə xoşuna gələ bilər, kiminsə yox, ancaq onlar bunu nəzərə almalıdırlar. Qısa olaraq demək istəyirəm ki, bizim regional inkişafla bağlı narahatçılıq yaradan heç bir məqamımız yoxdur.
Siz Türkiyənin bizim müttəfiqimiz olduğunu dediniz. Türkiyə qlobal səviyyədə güclü dövlətdir və əlbəttə ki, bizim keçən il Türkiyə ilə imzaladığımız müttəfiqlik haqqında Bəyannamə regional sabitlik üçün çox əhəmiyyətli amildir. Türkiyənin Azərbaycana həm siyasi, həm də mənəvi dəstək göstərdiyi İkinci Qarabağ müharibəsi bitəndən sonra bizim münasibətlərimiz daha da gücləndi. Beləliklə, bu, çox mühüm amildir. Türkiyə və Azərbaycan regionda bir çox məsələlərlə bağlı demək olar ki, vahid komanda kimi hərəkət edir. Bu da hamı tərəfindən nəzərə alınmalıdır.
- Gəlin, mövzumuzu iqtisadiyyata yönəldək. Düşünürəm ki, bu gün Azərbaycan enerjidən çox gəlir əldə edir. Ancaq Siz qeyd etmisiniz ki, iqtisadiyyatın şaxələndirilməsi ölkəniz üçün başlıca prioritetdir. Bu proses necə gedir? Belə görünür ki, bu proses Sizin təsəvvür etdiyiniz kimi getmir?
- Gəlirlərlə bağlı onu demək istəyirəm ki, belə bir ümumi fikir var: yüksək neft qiymətləri ixracatçılara həddindən artıq əlavə sərvət gətirir. Bəli, bu, doğrudur. Bizim gəlirlərimiz artıb. Ancaq, eyni zamanda, biz kapital bazarlarında pul itirmişik, çünki bizim Dövlət Neft Fondunun sərvətləri müxtəlif alətlərdədir. Kapital bazarı çöküb. Ona görə də biz digər suveren fondlar kimi pul itirmişik, ancaq elə də çox pul itirməmişik. Bəzi suveren fondlar 100 milyard dollardan çox vəsait itiriblər. Biz 2-3 milyard dollar itirmişik.
Şaxələndirməyə gəldikdə isə, əlbəttə ki, ixracımızı şaxələndirməyimizdən asılı olmayaraq, bizim qeyri-neft və qeyri-qaz ixracımız neft və qaz ixracına uyğun gəlməyəcək. Çünki neft və qaz ixracı artır. Məsələn, keçən il biz İtaliyaya 9,6 milyard kubmetr, bu ilin 7 ayında isə 11 milyard kubmetr təbii qaz ixrac etmişik. Qazın qiyməti düşdü. Beləliklə, şaxələndirmə bizim üçün ümumi daxili məhsulda öz əksini tapan statistika deyil, o, xalqımız üçün iş yerləri təmin etmək və yaxşı həyat şəraiti yaratmaq deməkdir. Məsələn, bu ilin altı ayındakı ümumi daxili məhsulumuza baxsanız, nə görəcəksiniz? Ümumi daxili məhsul 6,2, qeyri-enerji sektorunda isə demək olar ki, 10 faiz, qeyri-enerji ilə bağlı sənayedə isə 11 faizdən çox artıb, qeyri-enerji ixracı 25 faiz artıb. Beləliklə, bu, göstərir ki, artım göz qabağındadır, ancaq bu, kifayət deyil. Buna görə də bizim daha çox islahatlara, qeyri-enerji sektorunda daha çox sərmayəyə və bunu üçün də, əlbəttə ki, biznes mühitinə ehtiyacımız var. Əlbəttə ki, o sahədə irəliləyişlər var. Lakin bütün bu bürokratik maneələri və keçmiş sovet dövrünün psixoloji mirasını aradan qaldırmaq üçün hələ də çox iş görməliyik.
- Əlbəttə, Siz azad olunmuş əraziləri yenidən qurmalısınız. Azad olunmuş ərazilərdə işlərin şaxələndirilməsində İtaliya şirkətlərinin ölkənizə kömək etməsi üçün yeni müqavilələr imzalana bilərmi?
- İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Türkiyə şirkətlərinin birinci yerdə olması təbiidir. Çünki Türkiyə bizim müttəfiqimiz, yaxın dostumuz və qonşumuzdur. Onların məşhur tikinti şirkətləri var. İkinci yerdə isə İtaliya şirkətləridir. Mən sizə misal göstərə bilərəm. Məsələn, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib.
- Yaşıl enerjidən bəhs edirsiniz?
- Bu, hidroenerjidir. Şirkətin adı “Ansaldo”dur. Daha bir İtaliya şirkəti bizim xahişimizlə Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək. Beləliklə, bu, bizim münasibətlərimizin nə dərəcədə yaxın olduğunu göstərir. Çünki Şuşa hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Şuşada tikiləcək yeni məscidin layihəsi İtaliya şirkətinə həvalə olunub. Bu, o deməkdir ki, bizim aramızda çox yüksək dərəcədə etimad var və bu addımı atmışıq. Bizim böyük planlarımız da var. Məsələn, bərpaolunan - külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək üçün böyük planlarımız var. Dünən Baş nazirlə görüşüm zamanı biz İtaliya şirkətlərinin Azərbaycan tərəfindən maliyyələşdirilən və Azərbaycanda İtaliya şirkətlərinin icra etdiyi müqavilələrin dəyərini nəzərdən keçirdik. Həmin müqavilələrin dəyəri on milyard dollardan çoxdur. Beləliklə, İtaliya Azərbaycanda yaxşı təmsil olunub. Lakin əminəm ki, işğaldan azad olunan bölgələrdə Türkiyədən sonra öz ikinciliyini bütün yenidənqurma prosesi zamanı qoruyub saxlayacaq.
- Dünən Sercio Mattarella ilə çox yaxşı görüşünüz oldu. Bu, ilk görüşünüz deyildi. Çoxşaxəli strateji tərəfdaşlıqla bağlı nə deyə bilərsiniz?
- Tərəfdaşlığımız uğurla həyata keçirilir. Bizim ikitərəfli gündəliyimiz getdikcə genişlənir. Təbii ki, bunun əsas hissəsini enerji və ticarət təşkil edir. Lakin bunlar yeganə mövzular deyil. Dünən səfirliyimizin yeni binasında biz İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı sənədlərin mübadiləsinə həsr edilmiş gözəl mərasimin şahidi olduq. Bunlar ADA Universiteti və İtaliyanın beş universiteti - Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Gözəl məkanda yerləşən universitet binası inşa edilməkdədir və 2024-cü ilin sonunadək hazır olacaq.
Biz Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıq edirik. İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasını güclü şəkildə dəstəkləyib. İtaliya hər zaman bizim NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərimizi dəstəkləyib. Əlbəttə, bu gün Bakını İtaliya sahilləri ilə birləşdirən 3500 kilometrlik enerji körpüsü enerji təhlükəsizliyi körpüsüdür. Bu, təkcə İtaliyaya şamil edilmir. Əminəm ki, İtaliya Azərbaycanın karbohidrogen resurslarını Avropanın digər yerlərinə ötürəcək ölkə olacaqdır.
Beləliklə, burada enerji seqmenti, iqtisadiyyat və ticarətin inkişafı mövzuları var. İtaliya bizim əsas ticarət tərəfdaşımızdır. Bundan başqa, təhsil, mədəniyyət və bir sıra digər sahələr var. Yəni, strateji tərəfdaşlıqla bağlı bəyanat fəaliyyətdədir.
- Sonuncu qısa sual. Rusiya ilə bağlı bütün çətinliklərin fonunda yeni İpək Yolunun Xəzər üzərindən keçməsi və zəruri infrastruktur olduğu halda ölkəniz kommersiya mərkəzinə çevrilə bilər. Bu haqda nə vaxtsa düşünə bilərdiniz?
- Bəli, siz haqlısınız. Biz bunun üzərində illər öncə çalışmağa başlamışıq. Biz Xəzər dənizində ən böyük ticarət limanı inşa etmişik. Bu gün o tam gücü ilə çalışır və biz artıq onu genişləndirməliyik. O, 25 milyon ton yük və 1 milyon konteyner qəbul etmək imkanına malik olmalıdır. Biz Bakıda gəmiqayırma zavodu inşa etmişik. Biz Xəzər dənizinin şərq sahillərindən neft və digər yük daşıyan hər növ gəmilər inşa edə bilirik. Biz dəmir və avtomobil yolları tikmişik. Çin və Mərkəzi Asiya ölkələrindən Azərbaycan vasitəsilə ixrac artmaqdadır və zənnimcə, artım 20 faiz səviyyəsindədir.
Bütün bu işlər Rusiya-Ukrayna müharibəsindən əvvəl görülüb. Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün bir siqnal oldu ki, bu marşrut daha da yaxından nəzərdən keçirilməlidir. Biz isə yaxşı tariflər təklif edir və bütün zəruri logistika dəstəyi təmin edirik. Yəni, açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycan bu gün regional nəqliyyat mərkəzinə çevrilir - təkcə Şərqdən Cənuba və geriyə deyil, həmçinin Şimaldan Cənuba. Cənub-Şimal nəqliyyat dəhlizi Azərbaycandan keçir və başqa marşrut variantı yoxdur. Həmin dəhliz, məsələn, Rusiya şirkətləri üçün əhəmiyyətli olur, çünki bu gün sanksiyalar səbəbindən onlar Avropa məntəqələrinə yük daşıya bilmir. Yəni, Azərbaycandan keçərək İrana və Fars körfəzi sahillərinə gedən marşrut Rusiya şirkətləri üçün ən cəlbedici olur. Bunu Fars körfəzindən Azərbaycan vasitəsilə Rusiyaya uzanan marşrut haqqında da demək olar.
Biz iki dəhliz üzərində yerləşirik – Cənub-Şimal və Şərq-Qərb. Əlbəttə, bu, Azərbaycanın geosiyasi əhəmiyyətini artırır və yeni iş yerlərinin yaradılmasına imkan verir. Biz Cənub-Şimal nəqliyyat dəhlizinin Şərq-Qərb dəhlizi qədər vacib olacağı qənaətindəyik. Bizim üçün onlar bərabər dərəcədə əhəmiyyətlidir. Çünki hər iki dəhliz bizim ərazimizdən keçir.
Xəbər lenti
0