SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Müharibə başlayandan ondan artıq ölkədən rəsmi müraciətlər almışıq - İlham Əliyev

© Official website of President of Azerbaijan Republicİlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak edib
İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak edib - Sputnik Azərbaycan, 1920, 02.09.2022
Abunə olmaq
Prezident Ursula Fon der Lyayenlə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım adlandırıb.
BAKI, 2 sentyabr — Sputnik. Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində "The European House – Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropa və İtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi" mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumu başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və "The European House – Ambrosetti" beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib.
Dövlətimizin başçısı forumun plenar iclasında "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxış edib.
O, əvvəlcə "The European House – Ambrosetti" beyin mərkəzinə bu vacib tədbirdə çıxış üçün dəvətə görə təşəkkür edib. İtaliyaya tez-tez səfər etdiyini vurğulayan prezident sonuncu dəfə burada 2020-ci ildə dövlət səfərində olduğunu bildirib.
"O zaman biz İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzaladıq. Budəfəki səfərim də çox uğurlu oldu. Mənim cənab Prezident və cənab Baş nazir ilə görüşlərim oldu və biz ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı geniş məsələləri müzakirə etdik. Həmçinin əlavə etmək istərdim ki, dörd il öncə Prezident Mattarella Azərbaycanda rəsmi səfərdə olub. Beləliklə, bu, onu nümayiş etdirir ki, bizim siyasi dialoqumuz olduqca fəaldır və biz ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil edirik. Onlardan biri təhsildir. Dünən biz yalnız enerji və iqtisadi inkişaf məsələləri haqqında deyil, həm də təhsil barədə danışdıq. Dünən Azərbaycanın Romadakı səfirliyinin binasında İtaliya-Azərbaycan Universitetinin yaradılmasına həsr edilmiş gözəl mərasim təşkil olundu. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir. Bu, o deməkdir ki, bizim gündəliyimiz çox genişdir", - Azərbaycan Prezidenti deyib.
İ.Əliyev qeyd edib ki, həmin mürəkkəb dönəmdə müzakirələrin əsas mövzusu enerji siyasəti idi:
"Enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu haqqında danışarkən sizin diqqətinizi bəzi tarixi məqamlara yönəltmək istəyirəm. Bizim enerji strategiyamız mərhələlərə bölünüb. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq".
Prezident bildirib ki, Azərbaycanın enerji strategiyasının ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı olub. Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır:
"Lakin mövcud potensial və qaz infrastrukturuna sərmayə yatırmaq planlarımızı nəzərə alsaq, bizim böyük qaz təchizatı boru kəmərinin inşasına ehtiyacımız var idi. Biz bunu Cənub Qaz Dəhlizi adlandırdıq. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü – dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var".
Prezident ötən ay Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenlə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıqlarını xatırladıb. Bunu enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım adlandırıb.
"Mən bunu gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdım. Biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və əminəm ki, buna nail olacağıq. Bunun üçün isə vacib addımlar atılmalıdır - siyasi qərarlar, texniki tədbirlər və əlbəttə ki, sərmayə. Çünki Cənub Qaz Dəhlizinin müxtəlif seqmentlərinin imkanları fərqlidir. TANAP-ın ötürmə qabiliyyəti 16 milyard kubmetrdir. Biz onu 32 milyard kubmetrə çatdırmağı planlaşdırırıq. TAP-ın ötürmə qabiliyyəti 10 milyard kubmetrdir, hazırda o, tam gücü ilə işləyir və biz onun imkanlarını ən azı 20 milyard kubmetrə çatdırmalıyıq. Bu, əlbəttə ki, əlavə maliyyə vəsaiti tələb edir. Biz bir ölkə və investor olaraq buna hazırıq. Lakin burada komandamızın digər üzvlərinin də iştirakı zəruridir", - Prezident deyib.
O, Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsinin avropalıların gündəliyində ən aktual məsələlərdən biri olduğunu vurğulayıb:
"Burada interkonnektorlar ilə bağlı müzakirələr gedir və onlardan biri - Yunanıstan-Bolqarıstan interkonnektoru istismara verilməyə yaxındır. Həmin qəbildən olan digər layihələr də var. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Ümumilikdə deyə bilərəm ki, Rusiya-Ukrayna müharibəsi başlayandan biz qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər almışıq. Burada bizdən bu vaxta qədər onsuz da qaz alan ölkələr də var – Türkiyə, Gürcüstan, İtaliya, Bolqarıstan və digərləri.
Beləliklə, artan ehtiyacı təmin etmək üçün bizim sıx əməkdaşlığa və əlaqələndirməyə ehtiyacımız var. Bu məqsədlə biz artıq rəsmi olaraq Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start vermişik. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Bununla biz Azərbaycanın enerji strategiyasının üçüncü mərhələsinə gəlib çıxdıq. Bu isə bərpaolunan enerji mənbələrinə sərmayənin qoyulmasıdır. Biz bir neçə il əvvəl bu prosesə başlamışıq. Əlbəttə, neft və qaz ilə bağlı diqqətinizə çatdırdığım rəqəmləri nəzərə alsaq, biz özümüzü olduqca rahat hiss edə bilərik. Çünki bizim elektrik enerjisi istehsal edən stansiyalarımız təbii qaz, yanacaq və su ehtiyatlarından istifadə edir.
Ancaq bərpaolunan enerjiyə, xüsusən də bu sahənin böyük potensialını nəzərə alaraq sərmayə qoymaq bizim mənəvi öhdəliyimiz idi. Artıq biz bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialını da dəyərləndirmişik. Belə ki, Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır.
2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Biz artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Sizə deyə bilərəm ki, biri Səudiyyə Ərəbistanı, biri Birləşmiş Ərəb Əmirliyi və digəri isə Birləşmiş Krallıqdan üç aparıcı enerji şirkəti artıq investisiya yatırır və onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu, bizə ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək. Bu isə bizim ixrac potensialımızı gücləndirəcək".
"Bu gün biz elektrik enerjisini Avropaya necə nəql edəcəyimizdən danışırıq. Gürcüstan, Türkiyə, Bolqarıstandan keçməklə Avropaya çıxacaq artıq mövcud olan xətt vasitəsilə, yoxsa yeni xətlə? Yoxsa enerji təchizatı üzrə geniş potensialı olan Zəngəzur dəhlizi ilə? Bunlar bizim enerji planlarımızın üç mərhələsidir. Bu, yalnız Avropanı deyil, həmçinin daha geniş sahəni əhatə edəcək. Biz öz tərəfdaşlarımızın ehtiyaclarını qarşılamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Aydındır ki, enerji təhlükəsizliyi milli təhlükəsizlikdir. Ukraynada müharibə başlayandan sonra bu, hər zamankından daha aydındır", - İlham Əliyev əlavə edib.
Xəbər lenti
0