İtaliya-Azərbaycan Universiteti ilə bağlı sənədlərin mübadiləsi mərasimi keçirilib
14:36 01.09.2022 (Yenilənib: 14:46 01.09.2022)
© Official website of President of Azerbaijan RepublicRomada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib
Abunə olmaq
ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib.
BAKI, 1 sentyabr — Sputnik. Sentyabrın 1-də Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib.
© Official website of President of Azerbaijan RepublicRomada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib
Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Əvvəlcə sazişlərin mübadiləsi olub.
“İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Luiss Guido Carli Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Luiss Guido Carli Universitetinin vitse-prezidenti professor xanım Paola Severino mübadilə etdilər.
“İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Romanın Sapienza Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Romanın Sapienza Universitetinin rektoru professor xanım Antonella Polimeni mübadilə etdilər.
“İtaliya-Azərbaycan Universiteti üzrə ADA Universiteti və Turin Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Turin Politexnik Universitetinin rektoru, professor Guido Saraçço mübadilə etdilər.
“İtaliya-Azərbaycan Universiteti ilə bağlı ADA Universiteti və Alma Mater Bolonya Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Alma Mater Bolonya Universitetinin İcraçı prorektoru professor xanım Simona Tondelli mübadilə etdilər.
“ADA Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair Saziş”i ADA Universitetinin rektoru professor Hafiz Paşayev və Milan Politexnik Universitetinin Dizayn Departamentinin direktoru professor Alessandro Deserti mübadilə etdilər.
Sənədlərin mübadiləsindən sonra dövlətimizin başçısı çıxış edib.
Mərasim iştirakçılarını salamlayan Prezident İlham Əliyev deyib:
Bugünkü mərasim Azərbaycan səfirliyinin yeni binasında keçirilir. Onu da deməliyəm ki, bu, yeni binada keçirilən ilk tədbirdir. Romanın tarixi məhəlləsində yerləşən bu tarixi bina bu gün öz qapılarını açır və eyni zamanda, bu binada Azərbaycanın Mədəniyyət Mərkəzi də fəaliyyət göstərəcək.
Mən çox şadam ki, bu binada keçirilən ilk tədbir məhz təhsil sahəsinə aiddir. Bu gün İtaliya-Azərbaycan əlaqələrinin yeni səhifəsi açılır. Təhsil sahəsində biz yeni genişmiqyaslı əməkdaşlığa başlayırıq. İki il bundan əvvəl İtaliyada dövlət səfərində olarkən mən bu təkliflə çıxış etmişdim ki, İtaliya-Azərbaycan Universiteti yaradılsın. İtaliya rəhbərliyi də bunu alqışladı və qısa müddət ərzində artıq biz praktiki fəaliyyətə başlayırıq.
Bu ilin aprel ayında Bakıda ADA Universitetinin kampusunda İtaliya xarici işlər naziri cənab Luici Di Maionun iştirakı ilə yeni tədris korpusunun təməli qoyuldu. İtaliyanın aparıcı universitetləri ilə ADA Universitetinin əməkdaşlığı iki ölkə arasındakı dostluq əlaqələrini möhkəmləndirəcək. Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik Universiteti, Turin Politexnik Universiteti, Roma Sapienza Universiteti – bu adlar İtaliyanın kənarında da məşhurdur. Onu da bildirməliyəm ki, İtaliya-Azərbaycan Universitetinin nəzdində iki institut – Kənd Təsərrüfatı və Qida Elmləri İnstitutu və Dizayn və Memarlıq İnstitutu fəaliyyət göstərəcək.
© Official website of President of Azerbaijan RepublicRomada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib
Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar imzalanmış sənədlərin mübadiləsi mərasimi keçirilib
İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Bizim çox güclü siyasi-iqtisadi əlaqələrimiz mövcuddur. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 9,6 milyard, bu ilin yeddi ayında isə 11 milyard dollara çatıb.
Bugünkü mərasim isə onu göstərir ki, biz gələcəkdə təhsil sahəsində də strateji tərəfdaş kimi fəaliyyət göstərəcəyik. Heç kimə sirr deyil ki, hər bir ölkənin inkişafını təbii resurslar yox, bilik, savad, texnoloji tərəqqi müəyyən edir. Biz Azərbaycanda təbii resurslardan əldə edilmiş gəliri insan kapitalına yönəldirik və bugünkü tədbir bunun əyani sübutudur. Eyni zamanda, əminəm ki, İtaliya-Azərbaycan Universiteti İtaliya-Azərbaycan dostluğu mərkəzi olacaq. Bir sözlə, mən hesab edirəm ki, bu gün biz tarixi hadisənin şahidiyik. Bu gün mənim İtaliyaya işgüzar səfərimin birinci günüdür və birinci tədbiridir. Əminəm ki, İtaliya rəhbərləri ilə keçiriləcək görüşlər bizim dostluğumuzu, tərəfdaşlığımızı daha da möhkəmləndirəcək.
Daha sonra İtaliya Respublikası Ekoloji Keçid Nazirliyinin dövlət katibi xanım Vannia Qava, İtaliya-Azərbaycan Universiteti üçün tərəfdaş italyan universitetləri adından Luiss Guido Carli Universitetinin vitse-prezidenti professor xanım Paola Severino və ADA Universitetinin rektoru professor Hafiz Paşayev çıxış etdilər.
Qeyd edək ki, bu il İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun ölkəmizə səfəri çərçivəsində aprelin 2-də Bakıda ADA Universitetinin kampusunda təməli qoyulan İtaliya-Azərbaycan Universiteti Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı əldə olunub.
Bu ali təhsil ocağında tədris olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Universitet, eyni zamanda, kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, o cümlədən elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, həmçinin şəhərsalma və landşaft memarlığı, dizayn, sosial elmlər, biznesin idarə olunması, italiyaşünaslıq və digər istiqamətlər üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq ediləcəyi elm və bilik ocağı olacaq.