CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daşıyıcı şirkətlər müflisləşirlər: Gedişhaqqı artırılacaq?

© Sputnik / Murad OrujovBakıda nəqliyyatın hərəkəti
Bakıda nəqliyyatın hərəkəti - Sputnik Azərbaycan, 1920, 01.09.2022
Abunə olmaq
Sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlər xərclərini qarşılamaq üçün artıq avtobuslarını satışa çıxartdıqlarını söyləyirlər.
BAKI, 1 sentyabr — Sputnik. Bakıda sərnişindaşıma ilə məşğul olan sahibkarlar qarajlarında olan avtobusları satışa çıxardıblar. Bu barədə daşıyıcılar özləri məlumat yayıb. Bildiriblər ki, borclarını ödəmək üçün bu addımı atmaq məcburiyyətində qalıblar.
Bəs görəsən daşıyıcıların bu vəziyyəti sərnişindaşımada xidmətin keyfiyyətinə və gediş haqqına necə təsir göstərəcək?
"Borclarımız xirtdəyə yığılıb"
Marşrut xəttinin istismarçılarından biri, "Azland Plaza" MMC-nin rəhbəri Azadxan Xanməmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq o bir neçə avtobusunu satışa çıxardıb.
Onun sözlərinə görə, gündəlik onun istismarında olan xətlərdən 90-a yaxın avtobus xəttə çıxır. O, qarajda qalan artıq avtobuslarını satıb banka olan borclarını ödəmək məcburiyyətində qalıb:
"Avrostandartlara cavab verən "İsuzu Citibus" markalı avtobusları satışa çıxartmışam. Çünki, borclarım xirtdəyəcan yığılıb".
A.Xanməmmədov bildirir ki, əvvəllər 38 manata aldığı dəmir listin birinin qiyməti 118 manata qalxıb. Banklar bir yandan borcu tələb edir, digər tərəfdən də ehtiyat hissələri bahalaşıb. Daşıyıcı gedişhaqqı bahalaşmasa, sahibkarların çətin durumda qalacağını söyləyir:
"Biz xalqı da düşünürük, dövlətimizi də. Əlbəttə hökumətə gedişhaqqını artırmaq asan deyil. Çünki, dövlətimiz də xalqımızı fikirləşir. Elə bizim özümüz də sərnişinlərin vəziyyətini nəzərə alırıq. Amma artıq çıxış yolu da qalmayıb. Dünya bazarında ehtiyat hissələri sürətlə bahalaşır. Bəlkə gedişhaqqı 80 qəpik olsa, xərci-borcunu ödəyər. Bununla belə, gedişhaqqını nə qədər artırmaq hökumətin qərarıdır".
A.Xanməmmədov əlavə edib ki, gedişhaqqının 5-10 qəpik artması onların "yarasını sağaltmayacaq".
Gediş haqqı 50 qəpik olarsa...
"Çinar Trans" MMC-nin direktoru İsmayıl Hüseynov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, digər daşıyıcılar kimi o da ağır durumdadır. Hazırki gedişhaqqı ilə xərclərini ödəmək daşıyıcılar üçün çox çətindir:
"30 qəpik gedişhaqqı ilə biz heç bir xərcimizi ödəyə bilmirik. Çünki, ehtiyat hissələri xaricdən gəlir və 2019-cu ildən bu tərəfə onların qiyməti çox bahalaşıb. Həmçinin daşınmalar azalıb".
İ.Hüseynovun fikrincə, gedişhaqqı 50 qəpik olarsa, xərcləri qismən qarşılamaq olar.
Onun sözlərinə görə, bir sərnişinin daşınma xərci 70 qəpikdir.
" Hər gün 40 min manat ziyanla işləyirik"
"Xaliq Faiqoğlu" şirkətinin mətbuat katibi Nizam Rzayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, şirkət mülkiyyətində olan 423 nəqliyyat vasitəsindən 191 ədəd "Daewoo" markalı avtobusun satılmasını planlaşdılır:
"Daşıyıcı şirkətlərin düşdüyü hazırki vəziyyət bu sektorda olan hər kəsə məlumdur. 30 qəpik gedişhaqqı ilə müasir standartlara uyğun şəkildə sərnişindaşıma xidməti göstərmək çox çətindir. Biz uzun illərdir buna çalışırıq və avtobus parkımızı böyük ölçüdə yeniləmişik. Lakin sürətlə bahalaşan qiymətlər qarşısında duruş gətirmək çox çətindir, ictimai nəqliyyata hər hansı dəstək yoxdur, bu istiqamətdə heç bir addım atılmayıb. Daşıyıcı şirkətlərin dövlət qurumlarına kollektiv müraciəti də təəssüf ki,cavabsız qalıb".
Müsahibimiz deyir ki, ən çox xərci amortizasiya, yanacaq, sosial ödənişlər, məvaciblər və sair aparır. Son dövrlər dünyada davam edən iqtisadi proseslər, aldıqları ehtiyyat hissələri və xidmətlərin kəskin bahalaşması şirkətin də fəaliyyətində ciddi çətinliklər yaradıb. Ümumilikdə 16 marşrut xəttini istismar edən "Xaliq Faiqoğlu" şirkəti hər gün orta hesabla 40 min manat ziyanla işləyir:
"Yaranmış vəziyyətlə bağlı aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət etsək də, müraciətlərimiz cavabsız qalıb".
"BNA daşıyıcıların vəziyyətini dövlətə izah etməlidir"
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə bildirir ki, əgər dövlət yaranmış vəziyyətə müdaxilə etməsə, yaxın vaxtlarda Bakıda ictimai nəqliyyatın işi tamamilə iflic olacaq. Daşıyıcı şirkətlər banklar qarşısındakı öhdəliklərini yerinə yetirə bilmirlər. Ona görə də çıxış yolunu avtobuslarını satıb borclarını ödəməkdə görürlər.
"Daşıyıcıların vəziyyətinin pisləşməsi keyfiyyətsiz taksi xidmətinə rəvac verir. Həmsöhbətimizin fikrincə, mövcud vəziyyətdə Bakı Nəqliyyat Agentliyi tənzimlyəcəyi dövlət qurumu olaraq yaxasını qabağa verərək daşıyıcılarla dövlət arasında vasitəçi olmalı, onların dərdini dövlətə izah etməlidir", - E.Muradlı deyib.
Ekspert bildirir ki, daşıyıcı şirkətlərin bu problemi iki ildir davam edir. BNA vaxtilə gəlirli marşrutları müsabiqəyə çıxardaraq elə şərtlər qoyub ki, sıradan sahibkar o müsabiqə şərtini ödəyə bilməyib. Beləliklə "Bakubus" MMC müsabiqə şərtlərinə cavab verərək ən gəlirli xətlər üzrə qalib olub. Həmin vaxt "Bakubus" BNA-nın tabeliyində olduğundan, Agentlik öz mənafeyini güdüb.
E. Muradlının sözlərinə görə, hazırda BNA daşıyıcı şirkətlərlə müqaviləni üç aylıq bağlayır. Banklar isə bu müddət üçün daşıyıcıya kredit ayırmır:
"Marşrut xətlərinin qısamüddətli müqavilədə olması daşıyıcıların kredit götürmək imkanını məhdudlaşdırır. İki il öncə isə ölkəyə gətirilən avtobuslara rüsum artırıldı. Ölkənin avtobus parkının köhnə olması, Azərbaycanda avtobus istehsal edilmədiyi nəzərə alınamadan belə addım atılması daşıyıcıların vəziyyətini daha da pisləşdirdi. Rüsum az qala bir avtobusun qiyməti qədər qaldırıldı. Bütün bunlar daşıyıcıların onsuz da ağır olan vəziyyətini bir az da ağırlaşdırdı".
Bir sərnişinin daşınma xərci nə qədərdir?
E. Muradlı onu da bildirdi ki, hazırda bir sərnişinin daşınma xərci 85 qəpiyə başa gəlir. Daşıyıcı şirkətlər 2015-ci ilədək qazanc əldə ediblər. Ondan sonra sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şirkətlər ancaq ziyana işləyir:
"200 ABŞ dollarına alınan təkərin qiyməti indi 500 ABŞ dollarınadır. Sürtgü yağları və digər ehtiyat hissələri bahalaşıb. Ona görə də şirkətlərin ağır duruma düşməməsi üçün dövlət dəstək göstərməlidir".
"Bakubus" a da ümid qalmayıb
Həmsöhbətimiz deyir ki, əks halda təkcə "Bakubus" la paytaxtın sərnişindaşımaya olan təlabatını ödəmək mümkün olmayacaq:
""Bakubus" da da xidmət keyfiyyəti çox aşağı düşüb. "Bakubus" üçün dövlət vəsaiti hesabına 715 avtobus alınmışdı. Amma "Bakubus" həmin avtobuslardan 300-ü söküb başqa avtobuslar üçün ehtiyat hissəsi kimi işlədib. Bu gün orada salamat vəziyyətdə qalan 400 avtobusun da hamısı xəttə çıxarılmır. 120 avtobus qarajda saxlanılır. Şirkət zərərlə işəməmək üçün avtobusları xəttə buraxmır. Nəticədə sərnişinlər saatlarla yollarda "Bakubus"-ın avtobuslarını gözləyirlər".
Elə sərnişinlər də hazırki sərnişindaşıma xidmətinin qanedici olmadığını söyləyirlər. Hər gün 205 saylı avtobusdan iştirak edən sərnişin Venera Məmmədova deyir ki, azı yarım saat dayanacaqda bu avtobusu gözləyir:
"Əvvəl interval 15 dəqiqə idi. İndi yarım saata bir avtobus gələndə sevinirik. "Bakubus" avtobusları alınanda sevinmişdik ki, normal avtobusda gedib-gələcəyik. Amma sevincimiz uzun sürmədi. Yarım saat intervalın qoyulması ədalətsizlikdir. Qışda soyuqda dayanacaqda donuruq. Məcbur qalıb bir manatlıq taksilərdən istifadə edirik. Bəs bu dövlətin hesabına "Bakubus"a alınan avtobusları hara etdilər? Niyə xəttə buraxmırlar? Nə qədər şikayət etsək də, baxan yoxdur. Bakının sərnişindaşıma sistemi iflic vəziyyətə salınıb. Bu xidmətə hələ 30 qəpik gedişhaqqı da çoxdur. Elə avtobuslar var ki, pik saatda camaat bir-birinin üstündə gedir. Belə xidmətə 50 qəpik çoxdur".
Qonşu ölkələrdə qiymət də artıb, güzəştlər də...
Qeyd edək ki, son illər qonşu ölkələrdə sərnişindaşımada qiymət artımı baş verib. Gürcüstanda ötən il verilmiş qərara əsasən, bu ildən ictimai nəqliyyatdan 90 dəqiqə ərzində istifadə haqqı 1 lari, Azərbaycan valyutası ilə 58 qəpik olub. Amma Gürcüstanda bir günlük, bir aylıq, hətta bir illik gedişhaqqı qiymətləri daha sərfəlidir. 1 gün ərzində ictimai nəqliyyatdan istifadə qiyməti 3 lari, Azərbaycan valyutası ilə 1 manat 70 qəpik təşkil edir.
Türkiyədə isə gediş haqqı 6,5 lirədir. Bu isə Azərbaycan valyutası ilə təxminən 65 qəpikdir. Bununla belə, Türkiyədə əhalinin çox hissəsi gedişhaqqının yarısını ödəyir. Məktəblilər, tələbələr bu qiymətin yarısını ödəyir, pensiyaçılar və qazilər üçün nəqliyyat pulsuzdur. Üstəlik, bayram günləri bütün ictimai nəqliyyat vasitələri pulsuz işləyir. Bu ölkələrdə sərnişindaşıma xidmətinin Azərbaycanla müqayisədə daha mükəmməl və keyfiyyətli qurulduğunu nəzərə alsaq, orada qiymətlərin baha olması məntiqlidir. Amma Azərbaycanda bunun əksi müşahidə olunur. Qiymət qalxdıqca, keyfiyyət aşağı düşür. Vəziyyəti izah etmək üçün isə hər gün pik saatlarda avtobus daynacaqlarındakı insan izdihamını, avtobuslarda yaranan basabası görmək kifayətdir.
BNA- daşıyıcıların fəryadına cavab verdi
Bakı Nəqliyyat Agentliyinin mətbaut katibi Mais Ağayev isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirdi ki, müntəzəm sərnişindaşıma şirkətlərinin üzləşdiyi mövcud vəziyyətdən məlumatlıdırlar:
"Əlbəttə vəziyyətin bu formada davam etməsinin sərnişindaşımalarda xidmətin keyfiyyətinə mənfi təsirləri ola bilər. Sərnişindaşımalar isə gündəlik sosial həyatın vacib bir elementidir. Burada dayanıqlığın qorunması mütləqdir. Biz pandemiya zamanı bunun nə dərəcədə vacib olduğunu gördük. Əgər o zaman dayanıqlı olmasaydı, xüsusilə də həyat əhəmiyyətli sahələrdə çalışan vətəndaşların ictimai nəqliyyata əlçatanlığında çətinliklər olacaqdı. Lakin vaxtında və düzgün iş nəticəsində bu, baş vermədi".
M. Ağayev qeyd edib ki, hazırda sərnişindaşımalarda mövcud problemlərin həlli də məhz düzgün və kompleks yanaşma tələb edir:
"Söhbət müasir çağırışlara cavab verən yeni tənzimləmə mexanizimlərindən gedir. Çünki mövcud tənzimləmə modeli bizə müəyyən mərhələdə sərnişindaşımalarda dayanıqlığın təmin olunmasına, xidmətin keyfiyyətinin artırılmasına imkan verirdisə, indiki halda xüsusilə də post-pandemiya dönəmində bu sahədə inkişaf imkanlarını məhdudlaşdırır. Yeni modelin tətbiqi daşıyıcı şirkətlərin maliyyə dayanıqlığını təmin etməklə xidmət keyfiyyətinin artmasına və onların fəaliyyətinə daha səmərəli nəzarət mexanizimlərinin yaranmasına səbəb olacaq".
Xəbər lenti
0