Bu il 90 və daha aşağı bal toplayanlar tələbə adını qazanıb - ŞOK nəticələr
16:49 01.09.2022 (Yenilənib: 16:59 01.09.2022)
© AFP 2024 / MARTIN BUREAUtələbə
© AFP 2024 / MARTIN BUREAU
Abunə olmaq
Eksklüziv
Ekspert bildirib ki, III qrup üzrə yüksək bal toplayan abituriyentlərin sayı azalıb, I qrupda isə ballarda artım müşahidə olunub.
BAKI, 1 sentyabr — Sputnik. Dünən bütün qruplar üzrə ali məktəblərə qəbulun nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bəyan edib ki, qruplar üzrə cəmi 95,22 faiz yer dolub. I qrup üzrə 97,99%, II qrupda 95,70%, III qrupda 93,25%, IV qrupda 92,81%, V qrup üzrə isə 92,29% yer tutulub.
2400 plan yeri boş qalıb
DİM sədri bildirib ki, bu il I və IV qrupda 500-dən çox bal toplayan bir neçə abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib. Onun sözlərinə görə, bütün qruplar üzrə 200-dən yuxarı bal toplayaraq müsabiqədən kənarda qalan abituriyentlərin sayı ötən illə müqayisədə çox azdır.
Bununla belə DİM sədri deyib ki, uğur qazana bilməyən abituriyentlərin boş qalan yerlərə ixtisas seçimə şansları var. Çünki, təxminən 2400 plan yeri boş qalıb. Onun sözlərinə görə, həmin yerlər artıq təqdim edilib.
DİM sədri onu da bildirib ki, 200-dən yüksək nəticə göstərən və uğur qazanmayan abituriyentlər boş qalan yerlərə qəbul üçün seçim etsələr, uğur qazana biləcəklər.
M.Abbaszadə onu da qeyd edib ki, 150-200 arası balla müsabiqədən kənarda qalan abituriyentlərin sayı daha çoxdur. Bu bal aralığı üçün təxminən 245 boş yer qalıb.
Bəs görəsən ümumilikdə bu qəbul ilini necə qiymətləndirmək olar?
I ixtisas qrupunda ballar artıb
Təhsil üzrə ekpert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu il al təhsil müəssisələrinin bakalavr pilləsinə keçirilən qəbul imtahanları məzmununa görə fərqlənib. Çünki, bu il pandemiyadan sonra ilk dəfə abituriyentlər geniş imtahan prosesinə cəlb ediliblər.
© Sputnik / Irade JELILKamran Əsədov
Kamran Əsədov
© Sputnik / Irade JELIL
Onun sözlərinə görə, DİM-in təşkil etdiyi imtahanlarda hər hansı çatışmazlıq qeydə alınmayıb. O ki, qaldı bu ilki ali məktəblərə qəbul imtahanlarının nəticələrinə, K.Əsədov deyir ki, ən ciddi bal artımı I ixtisas qrupunda müşahidə olunub:
"Bu il li ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə nəticələrin təhlili göstərir ki, ən ciddi bal artımı I ixtisas qrupunda qeydə alınıb. Sözügedən qrupda əvvəlki illərlə müqayisədə bu il informasiya texnologiyaları, kompyuter mühəndisliyi ixtisasları üzrə dövlət sifarişli və tədrisi ingiliscə aparılan ixtisaslarlarda ciddi bal artımı müşahidə edilib. I qrupunda 206 balla ödənişsiz ixtisaslara qəbul olmaq mümkün olub".
Ekspertin sözlərinə görə, I ixtisas qrupunda İKT ixtisaslarına keçid balları artsa belə, digər ixtisaslarda azalma olub.
II qrupda qəbul əlçatan olub
Ekspert deyir ki, II ixtisas qrupunda ali təhsil müəssisələrinin bakalavr pilləsinə qəbul əlçatan olub. K. Əsədov bildirib ki, bu il özəl universitetlərin ballarında da artım müşahidə edilib:
"Ötən il marketinq, biznesin idarəedilməsi ixtisasları üzrə 150 balla qəbul olmaq mümkün idisə, bu il bu ixtisaslara qəbul balı 168-170 bala qədər artıb. II ixtisas qrupunda Regionşunaslıq və Beymnəlxalq münasibətlər ixtisasının çıxardılması öz təsirini göstırib. Birmənalı şəkildə bu ixtisasların çıxardılması ballara təsir edib".
Ən şanslı qrup
K.Əsədov bildirir ki, III qrupda bütün ixtisaslar üzrə kəskin bal azalması müşahidə olunub:
"Məsələn, hüquq ixtisası üzrə keçid balı 523, ödənişlisində isə daha aşağı olub".
Ekspert deyir ki, ötən il 450 balla ödənişsiz ixtisaslara qəbul mümkün deyildisə, bu il bu qrupda perespektivli və prestijli ixtisalara 350 balla qəbul mümkün olub: "III qrupda bütün ixtisaslar üzrə qəbul balı aşağı olub. Ötən ilki qəbulda 200 balla qəbul mümkün olmadığı halda, bu il 180 balla da qəbul olanlar oldu. Ona görə də, III ixtisas qrupunda daha çox tələbə adını qazananlar oldu".
IV qrupda ballar artıb, V qrupda isə...
IV qrupda isə ötən illə müqayisədə bu il balların artması müşahidə edilib. K. Əsədov bildirib ki, abituriyentlər bu il bu qrup üzrə yüksək ballarla ödənişli ixtisaslara qəbul ola biliblər. Bu da IV qrupa tibb ixtisası üzrə plan yerlərinin azalması ilə də bağlı olub. V qrupda isə ciddi bal artımı müşahidə olunmayıb.
K.Əsədov onu da bildirdi ki, III qrup üzrə yüksək bal toplayan abituriyentlərin sayı azalıb. I qrupda isə ballarda artım müşahidə olunub. Onun sözlərinə görə, qəbul ilini ümumilikdə qənaətbəxş hesab etmək olar. Çünki, bu ilki qəbul imtahanlarında 90 və daha aşağı balla ali məktəbə qəbul olmaq mümkün olub.
Vakant yerlərin sayı
Məlumat üçün bildirək ki, DİM-dən verilən xəbərə görə, ixtisas qrupları üzrə ümumilikdə vakant yerlərin sayı 2451-dir (4,78%). Minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı isə 285-dir (2,78%).
I qrup üzrə vakant yerlərin ümumi sayı 327-dir (2,01%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı 7-dir (0,28%).
II qrup üzrə vakant yerlərin ümumi sayı 519-dur (4,30%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yer yoxdur.
III qrup üzrə vakant yerlərin ümumi sayı 1010-dur (6,75%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı 127-dir (4,92%).
IV qrup üzrə vakant yerlərin ümumi sayı 286-dır (7,19%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı 151-dir (13,92%).
V qrup üzrə vakant yerlərin ümumi sayı 309-dur (7,71%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yer yoxdur.
Dövlət İmtahan Mərkəzi qəbul planı 100 faiz dolan ali təhsil müəssisələrinin adlarını açıqlayıb.
Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi və, Dövlət Gömrük Komitəsinin Akademiyasının 2022-2023-cü tədris ili üzrə qəbul planı 100 faiz dolub.