Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bəzi qruplarda 500-dən çox bal toplayanlar ali məktəbə qəbul ola bilməyib - DİM sədri

© Sputnik / Murad OrujovMəleykə Abbaszadə
Məleykə Abbaszadə - Sputnik Azərbaycan, 1920, 01.09.2022
Abunə olmaq
Məleykə Abbaszadə ali məktəbə bu ilki qəbul imtahanlarında qruplar üzrə yerlərin neçə faizinin artıq tutulduğunu açıqlayıb.
BAKI, 1 sentyabr — Sputnik. Cari ildə Abituriyentlərin ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbulolma faizi açıqlanıb. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib ki, qruplar üzrə cəmi 95,22 faiz yer tutulub:
"I qrup üzrə 97,99%, II qrupda 95,70%, III qrupda 93,25%, IV qrpda 92,81%, V qrup üzrə isə 92,29% yer tutulub".
500-dən çox bal toplayanlar kəndarda qalıb
M.Abbaszadə həmçinin qeyd edib ki, bu il I və IV qrupda 500-dən çox bal toplayan bir neçə abituriyent ali təhsil müəssisələrinə qəbul ola bilməyib.
DİM sədri onu da qeyd edib ki, IV ixtisas qrupu üçün bu hal təbiidir. Çünki abituriyent tibb ixtisası üzrə yalnız bir yer yazdığı üçün ali məktəbə daxil ola bilmir.
"Amma bu il üçün Tibb Universitetində yeni açılan ixtisaslar da var ki, onların keçid balı aşağıdır. Əgər həmin şəxslər bu ixtisasları seçsəydilər, kənarda qalmazdılar. Sevindirici hal odur ki, bu il Bakı Dövlət Universitetində Biotexnologiya ixtisası açılıb və həmin yer üçün axın yüksək olub. Burada keçid balı Tibb Universiteti ilə eyni səviyyədə olub. Bu, o deməkdir ki, gənclərimiz müasir ixtisaslar barədə məlumatlıdırlar və düzgün addım atırlar", - deyə sədr bildirib.
İki yüz baldan yüksək nəticə göstərənlərə şans
M.Abbaszadənin sözlərinə görə, bu il bütün qruplar üzrə 200-dən yuxarı bal toplayaraq müsabiqədən kənarda qalan abituriyentlərin sayı ötən illə müqayisədə çox azdır. Mərkəz sədri uğur qazana bilməyən abituriyentlərin boş qalan yerlərə ixtisas seçimə şanslarının olduğunu bildirib:
"Təxminən 2400 plan yeri boş qalıb. Həmin yerlər artıq təqdim edilib. İki yüzdən yüksək nəticə göstərən və uğur qazanmayanlar abituriyentlər boş qalan yerlərə qəbul üçün seçim etsələr, uğur qazana biləcəklər. Yüz əlli - iki yüz arası balla müsabiqədən kənarda qalan abituriyentlərin sayı daha çoxdur. Bu bal aralığı üçün təxminən 245 boş yer qalıb".
Müəllimlik ixtisası üzrə ən yüksək nəticə
DİM sədrinin sözlərinə görə, bu il birinci dəfədir ki, Bakı Dövlət Universitetinin riyaziyyat müəllimliyi ixtisasına keçid balı hüquqşünaslıq ixtisasından daha yüksəkdir. O bunu böyük hadisə adlandırıb:
"Bu, o deməkdir ki, gələcəkdə çalışacaq müəllimlər daha savadlı və daha peşəkar olacaqlar. Riyaziyyat və ana dilinin tədrisi məktəbdə nə qədər güclü olarsa, uşaqların bilik səviyyələri digər fənnlər üzrə də bir o qədər çox olur".
Xəbər lenti
0