Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Uşaqlarda böyrək daşının vaxtında aşkarlanması üçün mütəmadi müayinədən keçirilmə vacibdir

© AFP 2024 / PIERRE-PHILIPPE MARCOUböyrək
böyrək  - Sputnik Azərbaycan, 1920, 30.08.2022
Abunə olmaq
Böyrək daşı xəstəliyi özünü bel nahiyəsində kəskin və ya küt ağrılarla büruzə verir.
BAKI, 30 avqust — Sputnik. Xroniki böyrək çatışmazlığının əsas əlamətlərinə yorğunluq, halsızlıq, ürəkbulanma, qusma, bədəndə maye balansının pozulması ilə əlaqədar olaraq ayaqlarda və digər orqanlarda şişkinlik (ödəm), yuxu problemləri və gözlərdə şişkinlik, dəri quruluğu, hipertenziya, başağrısı və s. aiddir.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uroloq Rauf Nağıyev bildirib. Onun sözlərinə görə, xroniki böyrək çatışmazlığının 5 mərhələsi var. Bu mərhələlərə bölünmənin əsas kriterləri - qanda kreatininin səviyyəsi, yumaqcıqların filtrasiya sürətinin təyini və sidikdə albuminin dəyərləndirilməsidir.
Uroloq bildirib ki, hamiləlik dövründə sidikdə zülalın miqdarı fizioloji olaraq normadan 2 dəfə daha yüksək olur:
"Lakin proteinuriya səviyyəsi bundan daha yüksək olduğu hallarda həm ananın, həm də ana bətnindəki uşağın sağlamlığına ciddi təhlükə hesab edilir və vaxtında müalicə olunmazsa müxtəlif fəsadların yaranmasına səbəb olur. Anada arterial təzyiqin yüksəlməsinə səbəb olaraq, preeklapsiya və eklapsiya vəziyyətlərinə gətirib çıxara bilər".
O qeyd edib ki, preeklapsiya olan zaman böyrəklərdə, qaraciyərdə və baş beyində funksional dəyişikliklər müşahidə edilir ki, bu da fetoplasentar çatmazlığına gətirib çıxara bilir:
"Eklapsiya zamanı isə qıc olmalar, qaraciyər-böyrək çatışmazlığı, ağ ciyərlərin ödəmi və beyin qansızmaları müşahidə edilir".
"Ana bətnində olan uşaqda isə böyrək zədələnməsi, qaraciyər fermentlərinin yüksəlməsi, fiziki və zehni inkişaf geriliyi, az çəki ilə doğulma və s. müşahidə olunur, çox ağır formalarda isə beyin qanaxmalarına səbəb ola bilər. Bunları nəzərə alaraq, hamilələrdə hətta heç bir şikayətləri olmadığı hallarda 3-cü aydan sonra ayda bir dəfə sidiyin ümumi analizinin və sidikdə zülalın səviyyəsinin təyin olunması tövsiyə edilir", - deyə o əlavə edib.
Böyrək daşlarının yaranmasının səbəbləri
Böyrək daşların əmələ gəlməsinin səbəblərindən söz açan mütəxəssis bildirib ki, əsas risk faktorlarına qidalanma tərzi, metabolik pozğunluqların olması, yetərsiz maye qəbulu, bəzi dərmanlar, fərdi olaraq insanın anatomik quruluşu, irsi və coğrafi amillər və s. aiddir:
"Böyrəkdə yaranan daşlar kiçik olduğu hallarda və yerləşməsindən asılı olaraq, sidik axarına düşə bilər. Ölçüsü kiçik olan daşlar (6 mm-ə qədər) spontan olaraq tamamilə sidik traktından xaric ola bilər".
Uşaqlarda böyrək və sidik kanalında daşlarının yaranmasının əsas səbəbini açıqlayan Rauf Nağıyev qeyd edib ki, böyüklərlə müqayisədə uşaqlarda daş xəstəliyi dəfələrlə az rast gəlinir:
"Uşaqlarda böyrək daşının yaranmasının əsas səbəblərindən coğrafi, iqlimi, irsi və alimentar faktorları qeyd etmək olar. Bununla yanaşı, metabolik pozğunluqlar və sidik yollarında olan müxtəlif anadangəlmə qüsurlar da vacib amillər sırasındadır".
"Anadangəlmə qüsurlardan əsasən polikistik və nalvari böyrəklər, böyrək-sidik axarı seqmentinin darlığı, sidik kisəsi-sidik axarı reflüksu, sidik kanalının darlığını qeyd etmək olar", - deyə o əlavə edib.
Əlamətləri nədir?
Həkim deyir ki, böyüklərdə olduğu kimi, uşaqlarda da böyrək daşı xəstəliyi özünü bel nahiyəsində kəskin və ya küt ağrılar, sidikdə qanın olması, temperaturun yüksəlməsi, ürəkbulanma, qusma, ümumi zəiflik, halsızlıq kimi şikayətlərlə büruzə verir:
"Bəzi hallarda isə sidik daşı xəstəliyi heç bir şikayətlər olmadığı hallarda inkişaf edir. Bu baxımdan uşaqların vaxtlı-vaxtında dispanser müayinədən keçirmək vacibdir. Daşların tərkibinə gəldikdə isə uşaqlarda daha çox oksalat daşları - 75%, sonra urat və sistin daşlarına rast gəlinir".
Xəbər lenti
0