Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan və Ermənistan rəsmilərinin Rusiyada görüşü keçirilir

© Mark Wilson / Getty Images / AFPMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 30.08.2022
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyində bağlı qapılar arxasında keçirilən iclasda Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfini isə Baş nazirin müavini Mqer Qriqoryan təmsil edir.
BAKI, 30 avqust — Sputnik. Moskvada Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclası başlayıb.
Rusiya Xarici İşlər Nazirliyində bağlı qapılar arxasında keçirilən iclasda Azərbaycanı Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfini isə Baş nazirin müavini Mqer Qriqoryan təmsil edir.
Xatırladaq ki, bu, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı ikinci görüşdür. İlk görüş bu il mayın 24-də Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində baş tutub.
Komissiyanın iclası Rusiya tərəfinin yardımı ilə keçirilir. Rusiya Xarici İşlər Nazirliyinin bağlı qapılar arxasında keçirilən görüşün nəticələri ilə bağlı məlumat açıqlayacağı gözlənilir.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 26 noyabr 2021-ci il tarixində Soçidə imzalanmış üçtərəfli sazişi çərçivəsində Rusiya tərəfinin köməyi ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması haqqında razılıq əldə olunub.
Sərhədin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması
Mayın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradılıb.
Baş nazirin müavini Şahin Mustafayev Komissiyanın sədri təyin olunub.
Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini, eləcə də xarici işlər, daxili işlər, ekologiya və təbii sərvətlər, ədliyyə, kənd təsərrüfatı, müdafiə nazirlərinin müavinləri, həmçinin Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini, Dövlət Sərhəd Xidməti və Xarici Kəşfiyyat Xidməti rəislərinin müavinləri, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC sədrinin müavini, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Komissiyanın üzvləri təyin olunublar. Dövlət Komissiyasının tərkibinə Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı və Zəngilan Rayon İcra hakimiyyətlərinin başçıları da daxil ediliblər.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etmək tapşırılıb.
Mayın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın yaradılması haqqında fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanla sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaya Baş nazirin müavini Mger Qriqoryan rəhbərlik edəcək.
Xəbər lenti
0