CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Altı hərbçi Vətən müharibəsində itkin düşmüş şəxs kimi qeydiyyata alınıb

© Photo : Ministry of Emergency Situations (Azerbaijan) Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının axtarışları
 Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının axtarışları - Sputnik Azərbaycan, 1920, 30.08.2022
Abunə olmaq
BAKI, 30 avqust — Sputnik. Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Respublikasının aidiyyəti qurumları tərəfindən təqdim edilmiş siyahıya əsasən, 300-ə yaxın Azərbaycan hərbçisi itkin düşmüş hesab edilirdi.
"Report"un xəbərinə görə, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilən "İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma" mövzusunda konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
Onun sözlərinə görə, üçtərəfli Bəyanata uyğun olaraq, Rusiya sülhməramlı kontingentinin və BQXK-nın yaxından iştirakı ilə həyata keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində itkin düşmüş hərbi qulluqçularımızın əksəriyyətinin nəşi işğaldan azad edilmiş ərazilərimizdən götürülüb və eyniləşdirilərək ailələrinə təhvil verilib: "Təəssüf ki, Vətən müharibəsində iştirak etmiş 6 hərbçimizin axtarışı ilə bağlı zəruri tədbirlərin keçirilməsinə baxmayaraq, onların sonrakı taleyinin müəyyən edilməsi mümkün olmamış və onlar Vətən müharibəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmışdır. Onların taleyinin bu vaxtadək məlum olmaması hər birimizin qəlbini ağrıdır".
İ.axundov deyib ki, Beynəlxaq Qızıl Xaç Komitəsinin məlumatına əsasən, I Qarabağ müharibəsi zamanı 776 nəfər, II Qarabağ müharibəsi zamanı isə 345 erməni əsilli şəxs itkin düşmüş hesab edilir.
Onun sözlərinə görə, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəynatdan sonra həyata keçirilmiş birgə tədbirlər nəticəsində 1713 Ermənistan hərbçisinin meyiti tapılaraq ərazidən götürülmüş və qarşı tərəfə təhvil verilib: "I Qarabağ müharibəsi dövründə 1480 nəfər azərbaycanlı əsir-girovluqdan azad edilib, qarşı tərəfə isə 509 nəfər təhvil verilib. Eyni zamanda, qoşunların qarşıdurma xəttində həlak olmuş və əsir-girovluqda ölmüş hər iki tərəfə aid onlarla insanın meyiti BQXK-nın vasitəçiliyi ilə tərəflərə təhvil verilib. Ümumiyyətlə, BQXK-nın iştirakı ilə 650-dən çox humanitar proses həyata keçirilib. Vətən müharibəsindən sonra imzalanmış Üçtərəfli Bəyanatdan sonra qarşı tərəf Azərbaycan Respublikasına 25 nəfər (19 hərbçi, 6 mülki) Azərbaycan vətəndaşını təhvil verib".
İ.Axundovun sözlərinə görə, onlardan 5 nəfəri (1 hərbçi, 4 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanılmış şəxslərdir Azərbaycan Respublikası isə 159 nəfər (118 həbçi, 41 mülki, o cümlədən 5 qadın) erməni əsilli şəxsi azad edib. Onlardan 6 nəfəri (4 hərbçi, 2 mülki) 27 sentyabr 2020-ci il tarixdən əvvəl saxlanılmış şəxslərdir: "Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə sadiq qalaraq əsir düşmüş Ermənistan hərbçilərini və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxsləri internə edib, saxlanma şəraitini, onlarla ləyaqətli davranışı, qida, su təminatını və yaralıların müalicə hüquqlarını təmin edib. Dövlət Komissiyası əsir düşmüş Ermənistan hərbçiləri və saxlanılan şəxslər barədə məlumatları müntəzəm qaydada BQXK-ya təqdim edib, qurum əməkdaşlarının onlara baş çəkmələrinə hərtərəfli şərait yaradıb. Həmçinin, əsirlərin və saxlanılan şəxslərin öz yaxınlarına məktub yazması, video ismarıclar göndərməsi, o cümlədən telefon əlaqəsi saxlamaları təmin edilib".
Prezident Administrasiyasının sektor müdiri Həbib Mikayıl isə qeyd edib ki, Azərbaycan ərazilərinin azad olunması itkin düşmüş şəxslərin axtarışı üçün yeni imkanlar yaradıb: "Edilli və Fərruxda kütləvi məzarlıqlar aşkarlanıb. İkincisi, münaqiqə bitib və Azərbaycan Ermənistanla itkin düşmüş şəxslərlə bağlı da danışıqlar aparır. Brüsseldə danışıqların gündəliyinə itkin düşmüş şəxslərlə bağlı məsələ də daxil edilib".
Onun sözlərinə görə, Ermənistan itkin şəxslərin kütləvi qətlə yetirilməsi ilə bağlı halların hərbi cinayət kimi xarakterizə oluna biləcəyindən çəkindiyi üçün kütləvi məzarlıqların yeri barədə məlumatları təqdim etmir:
"Mina problemi də bu məsələlərin araşdırılmasını çəkindirir. Gələn aydan BQXK ilə birlikdə bu sahədə addımlar atılacaq. Bu sahədə məhkəmə-tibbi ekspertizasından istifadə olunması da labüddür. BQXK-nın Azərbaycan və Ermənistanla birgə müştərək mexanizmi bu sahədə effektiv ola bilər".
PA rəsmisi qeyd edib ki, BQXK 37 azərbaycanlı itkini qeydə alıb, ancaq bu itkinlərin sonrakı taleyi hazırda məlum deyil:
"BQXK-nin bu məsələləri araşdırmağa çağırıram. BMT-nin bu sahədə xüsusi məruzəçisi də ola bilər. Bu məruzəçi tək Azərbaycan və Ermənistan üzrə deyil, ümumən dünyada itkin düşmüş şəxslərlə bağlı məsələ ilə məşğul ola bilər".
Həbib Mikayıl nəzərə çatdırıb ki, Azərbaycan və Ermənistanın bu sahədə səmimi əməkdaşlıq ən effektiv yol ola bilər.
Xəbər lenti
0