Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Muğam Günü: Ermənilər təkcə Qarabağı dağıtmayıb, gözəl səsləri də məhv edib

© Sputnik / Kemale AliyevaMusiqi alətləri, arxiv şəkli
Musiqi alətləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.08.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Üç bayram bir arada: Bu gün həm Laçın işğaldan azad edilib, həm muğamımızın hamisi Mehriban Əliyevanın doğum günüdür, həm də Beynəlxalq Azərbaycan Muğamı Günüdür.
BAKI, 26 avqust — Sputnik. Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur.
2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir.
Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır. Qarabağın işğalı milli-mənəvi dəyərimiz olan muğamımıza da təsirsiz ötüşməyib.
Xan Şuşinskinin qızı və Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Cavanşirova bildirir ki, bu gün Azərbaycan üçün üç qat bayramdır:
"Bu gün Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Bundan başqa, bu gün muğamımızın hamisi Mehriban Əliyevanın doğum günü, həm də Beynəlxalq Azərbaycan Muğamı Günüdür. Muğam kimi milli sərvətə malik olmaq hər xalqa qismət olmur. Bu gün Mehriban xanımın sayəsində muğamımız daha da inkişaf etdi. Onun sayəsində gənc muğam ifaçılarına yeni yollar açıldı, tar və kamançamız UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi.
Bundan başqa, Heydər ƏLiyev fondunun dəstəyi ilə hər il Muğam müsabiqələri təşkil olundu. İndi onların arasında fəxri adlar alanlar da var. VIII "Muğam" Televiziya Müsabiqəsinin finalı və qala-konsertinə Şuşa şəhərində keçirilməsi özü də muğama olan dəyər idi. Bu gün atam Xan Şuşinskinin ruhu şaddır, çünki onun doğma torpağında muğam səslənir".
Bəyimxanım Cavanşirovanın fikrincə, 29 il müddətində Şuşadan heç bir sənət adamı çıxmayıb:
"Çünki orada ermənilər məskunlaşmışdılar. Xarıbülbül gülü də çiçək açmadı. Torpaq riakarlığı qəbul etmir. Şuşa işğal olunmazdan öncə oradan yüzlərlə muğam ustası çıxmışdı. Atam Xan Şuşinski Qarabağ xanı, həmin diyarda 1747-ci ildə xanlığın təməlini qoymuş Pənahəli xan Cavanşirin kötükcəsidir. Deyilənlərə görə, Pənahəli xan Şuşa qalasını inşa etdirəndən sonra ora sənətkarları çağırıb. Orada bütün sənət adamları yaşayıb, yaradıb. Elə ona görə də təkcə təbiətinə görə yox, həm də bu nüansa görə, Şuşadan istedadlı adamlar çox çıxıb".
İşğaldan sonra muğamımız dəyərli səsləri itirdi
Xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov müsahibəsində bildirib ki, Qarabağımızın işğalı gözəl səslərimizin itirilməsinə gətirib çıxardı. Bir milyona yaxın qaçqın Azərbaycanın başqa bölgələrində məskunlaşdı. Nəticədə muğamımız dəyərli səslərini itirdi. Xalq artisti Qarabağın işğalının muğamımıza təsirinin nəticəsini Muğam müsabiqəsində hiss etdiyini söyləyib:
"Azərbaycan muğam sənətinin korifeylərinin böyük bir qismi Qarabağdan çıxıb. Muğam müsabiqəsində münsiflər heyətində iştirak elədiyimə görə görürdüm ki, Qarabağ bölgəsindən səs gəlmirdi. Çünki yetişmirdi. Biz işğal vaxtı təkcə torpaqlarımızı, tarixi abidələrimizi, evlərimizi itirmədik, eyni zamanda muğamımız gözəl səslər itirdi".
Xalq artisti əlavə edib ki, 2005-ci ildə Heydər Əliyev Fondu, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən muğam müsabiqələrinin keçirilməsi muğamımızı dirçəltdi. Bu vaxta qədər 7 Muğam müsabiqəsi keçirilib. Həmin müsabiqənin nəticəsində onlarla muğam ifaçısı səhnəmizə gəlib:
"Artıq onların fəxri adları var. Onlar artıq operamızın səhnəsində çıxış edirlər. Eyni zamanda Dövlət Televiziyamızın solistləridir. Bizimlə bərabər nəinki Azərbaycanda, dünyada da ləyaqətlə təmsil edirlər. Bundan sonra Beynəlxalq muğam müsabiqələrinə start verildi. 6 Beynəlxalq muğam müsabiqəsi keçirilib".
Xalq artisti 2008-ci ildə Beynəlxalq Muğam Mərkəzinin, ondan sonra Ağcabədidə, Ağdamda, Füzulidə və Sumqayıtda muğam mərkəzlərinin tikildiyini xatırladıb.
Muğam çiçəklənmə dövrünə qayıdacaq
Bu gün muğamın bütün dünyada tanınıb sevildiyini vurğulayan M.İbrahimovun fikrincə, qarabağlılar öz torpaqlarına geri qayıtdıqdan sonra muğam öz çiçəklənmə dövrünə qayıda bilər:
"Çox şükür ki, Ali Baş Komandanımızın sayəsində, qazilərimiz və şəhidlərimizin qanı, canı bahasına Qarabağımız artıq azaddır. Artıq muğamımız Qarabağımızda səslənir. İşğaldan azad olunduqdan sonra ikinci dəfə may ayında təşkil olunan "Xarıbülbül" festivalında artıq bütün dünya buna şahid oldu. Düşünürəm ki, həmin torpaqların insanları öz torpaqlarına qayıdandan sonra muğamımız əvvəlki intibah dövrünə geri qayıdacaq".
Xalq artisti Nəzakət Teymurova da bildirir ki, Qarabağın işğalında ən çox itirən muğam sənəti olub. Bu 30 ildə o torpaqlarda insanlar doğulmayıb, oradan səslər gəlməyib. Muğamımız keyfiyyətli səsləri itirib:
"Az da olsa səs qalıb. Onların da əksəriyyəti o torpaqlardan gələn insanların səsləridir. Qaçqın düşüb, hansısa bölgəmizdə məskunlaşmış insanların səsləridir. Qarabağ ifaçılarının səsini bülbülə bənzədirdilər. Təəssüf ki, bülbül kimi səslərimizi itirdik. Torpaq önəmli bir faktordur. Səs torpaqdan bəhrələnir, ilham alır. O səsləri Allah bizə o torpaqlardan bəxş edib. İndi də var, amma o keyfiyyət yoxdur. Müəyyən vaxt lazımdır ki, o torpaqlar yenidən bizə o səsləri bəxş etsin".
Əməkdar artist Təyyar Bayramov deyib ki, Qarabağın çox möhtəşəm muğam ifaçıları olub. Son dövrlər, demək olar ki, belə musiqiçilər yox idi. Çünki Qarabağ işğal olundu, o qızıl səslərin sahibləri başqa bölgələrimizdə məskunlaşdılar. Onları birləşdirib bir iş görmək mümkün deyildi.
Ansamblları yetişdirən məktəblər viran qaldı
Xanəndə pərən-pərən düşmüş qızıl səs sahiblərini bir araya toplamaq istəyib:
"Çox istəyirdim ki, dəstək olum, onları bir yerə yığım. Hətta Ağdamda ansambl da yaratmışdım. O ifaçıları bir yerə toplamaqda çox çətinlik çəkirdik. Hamısı pərən-pərən düşmüşdü. Qarabağ işğal olunmamışdan əvvəl Şuşada, Ağdamda məktəblər var idi. Həmin məktəblərin özlərinin ansamblları var idi. Xanəndələr özlərini orada püxtələşdirirdilər. Sonra nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkələrində təşkil olunan festivallarında iştirak etdilər".
Xanəndə təəssüf hissi ilə qeyd edib ki, Qarabağın məşhur "Qarabağ bülbülləri" və "Şur" ansamblı da həmin illərdə dağıldı. Çünki baza yox idi. Həmin ansamblları yetişdirən məktəblər işğal vaxtı viran qaldı:
"O məktəblər Bakının hansısa bir küncündə fəaliyyət göstərirdilər. Həmin məktəblərdən də mütəmadi olaraq yaxşı ifaçılar gəlmirdi. İndi az da olsa, var. Amma havanın, mühitin, səsin formalaşmasında böyük rolu var. Elə hallar olub ki, səsimdə problem olub, nagüman rayona konsertə getmişəm. Oranın havasını alan kimi səsim dəyişib, başqa bir səs olub. Oranın soyuq bulaqlarından su içəndə də səsə zərəri olmurdu. Bunu mən Şamaxıda da hiss etmişəm".
Qeyd edək ki, Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır.
UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.
Ölkəmizdə "Muğam aləmi" Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, "Qarabağ xanəndələri" albomunun buraxılması, "Muğam" jurnalının, "Muğam ensiklopediyası"nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət "Azərbaycan muğamı" multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.
Xəbər lenti
0