Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çörəyin qiyməti qalxıb, çəkisi düşüb - FOTO

© Sputnik / Murad OrujovÇörək
Çörək - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Alıcılar çörəyin yapışqan kimi, həmçinin çəkisinin də aşağı olmasını bildirirlər.
BAKI, 23 avqust — Sputnik. Ötən həftədən ölkədə unun və çörəyin qiyməti bahalaşıb. Qiymət artımı çörəyin çəki və keyfiyyət problemini də gündəmə gətirib. Çörək gündəlik istehlak məhsulu olduğundan, qiymət artımının çörəyin keyfiyyətinə necə təsir edəcəyi hər kəsi maraqlandırır.
Çörəyin qiyməti artıb çəkisi isə...
Sputnik Azərbaycan-ın ərzaq mağazalarında apardığı araşdırma zamanı məlum olub ki, çörəyin qiymət artımından sonra bəzi istehsalçılar çəkini azaldıb. Ərzaq mağazalarından birində çörəyin çəkisi 424 qram gəldi. Bəzi mağazalarda satılan çörəyin çəkisi isə 485 qram idi. Satıcılar çörəyin çəkisinin və qiymətinin istehsalçılar tərəfindən müəyyənləşdirildiyini bildirdilər.
Alıcılar çörəyin keyfiyyətindən narazıdır
Alıcılar isə çörəyin həm çəkisindən, həm də keyfiyyətindən narazıdırlar. Solmaz Şabanova adlı alıcı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, çörəyin qiyməti artandan çəkisi də xeyli azalıb. Həmsöhbətimiz bildirib ki, istehsalçılar çörəyin qiyməti qalxdıqda çəkisini də azaldırlar: "Çörəyin keyfiyyətindən razı deyiləm. Evdə bişirməyə vaxtım olmadığından mağazadan alıram. Amma çörəyin demək olar ki, tutumu yoxdur. İki il əvvəl aldığımız bir zavod çörəyi ilə dörd nəfərlik ailə nahar edirdi. İndi bir çörək iki nəfəri güclə dordurur".
Digər müsahibimiz Şövkət Allahverdiyeva isə bildirdi ki, çörək çox yapışqandır: "Ona görə də səhər alınan çörək axşama xarab olur. Onun dərdindən çörəyi isti-isti alırıq. Mağazalarda satılan çörəkləri ancaq isti-isti yemək olur. Çörək axşama qalan kimi yapışır. Yaxşı olardı ki, çörəyin qiymətini artıranlar keyfiyyətinə də nəzarət etsinlər. Xüsusilə zavod çörəkləri çox keyfiyyətsizdir".
Çörəyin keyfiyyəti niyə yoxlanılmır?
Həmsöhbət olduğumuz digər satıcılar da çörəyin keyfiyyətindən tam razı olmadıqlarını bildirdilər. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, çörəyin keyfiyyəti ilə bağlı AİB-ə mütəmadi şikayətlər daxil olur. Birlik sədri bildirir ki, çörəyin hazırlanması ilə bağlı texniki şərtlər var. Amma bütün çörək istehsalçıları bu şərtlərə əməl etmir:"Azərbaycanda çörəyin yalnız təhlükəsizliyi yoxlanılır. Keyfiyyət məsələsi bazarın ixtiyarına buraxılır. Alıcı, məhsul keyfiyyətlidirsə, alır, keyfiyyətsizdirsə, yox. Amma çörək elə məhsuldur ki, onun keyfiyyəti daim diqqətdə saxlanılmaldır. Hazırlanarkən texniki tələblərə əməl edilib-edilmədiyi yoxlanılmaldır. AİB-ə də mütəmadi olaraq çörəyin keyfiyyəti ilə bağlı şikayətlər daxil olur. Əksər hallarda çörəyin nəmliyi ilə bağlı normalara əməl olunmur".
Çörəyin daşınmasında da problemlər var
E.Hüseynov deyir ki, çörəyin daşınmasında da nöqsanlara yol verilir. İri çörək istehsalçılarının çörək daşıyan avtomobilləri olsa da, bəzi kiçik çörək sexləri çörəyi minik avtomobilləri ilə daşıyıb mağazalara paylayır. Bu zaman çörək çirklənməyə məruz qalır. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirdilər ki, ölkəmizdə fəaliyyət göstərən çörək istehsalı müəssisələrində çörəyin keyfiyyəti yox, təhlükəsizliyi yoxlanılır. İllik plan əsasında çörək istehsalı müəssisələrində yoxlamalar aparılaraq təhlükəsizliyi yoxlanılır. Amma AQTA-dan şikayətlər əsasında da çörək istehsalı müəssisələrində plansız yoxlama aparıldığını bildirdilər.
Texniki şərtlər var, amma...
Qurumdan onu da qeyd etdilər ki, ərzaqlıq buğda unu çörəyi üçün texniki şərtlər mövcuddur. Çörək müəyyən edilmiş qaydada təsdiq edilmiş reseptura və texnoloji təlimat üzrə əla, birinci, ikinci və kəpəkli növ buğda unundan və digər əlavə qatqılardan istifadə etməklə bu standartın tələblərinə uyğun olaraq dairəvi və formalı hazırlanıb qablaşdırılmalıdır.
Çörəkdə kənar əlavələrə, mineral qarışıqların xırçıltısına, kifə və digər xəstəliklərə yol verilmir. Kəpəkli un çörəyində nəmlik 48, turşuluq 7, məsaməlik 54-55 olmalıdır. İkinci növ dairəvi buğda çörəyində isə nəmlik 45, turşuluq 4, məsaməlik 64-67 arası olmalıdır. Birinci növ un çörəyində isə nəmlik 44-45 faiz arasında,turşuluq 3, məsaməlik 67-70 təşkil etməlidir.
Çörək sobadan çıxarıldıqdan sonra müəssisə daxilində maksimal saxlama müddəti kəpək unundan hazırlanan çörək üçün - 14 saatdan, digər çörək növləri üçün 10 saatdan, ümumi çörəyin saxlama müddəti 24 saatdan çox olmamalıdır. Çörək istehsalı üçün buğda unu AZS 889-un tələblərinə uyğun olmalıdır. Məhsulun hər vahidi aşağıdakı məlumatlarla markalanmalıdır:
- İstehsalçının adı və onun əmtəə nişanı (olduqda);
- İstehsalçının ünvanı və əlaqə vasitələri (telefon, elektron poçt ünvanı)
- Məhsulun adı;
- Məhsulun çəkisi;
- İstehsal tarixi (ay, il) və vaxtı;
- İstifadə müddəti;
- Saxlanma şəraiti;
- Bu standartın işarəsi;
- Enerji dəyəri (100 q məhsulda kalorililik, zülalların, yağların, karbohidratların miqdarı)
- "GMO yoxdur" işarəsi.
Çörəyin qablaşdırılması — ГОСТ 31752 tələblərinə cavab verməlidir. Toksik elementlərin, mikotoksinlərin, pestisidlərin, genetik modifikasiyalı orqanizmlərin (sonra GMO) miqdarı və mikrobioloji göstəricilər yol verilən həddləri keçməməlidir.
Çörəyin qəbulu ГОСТ 31752 qaydalarına uyğun həyata keçirilməlidir. Buğda unundan çörək partiya ilə qəbul olunur. Müəyyən sayda bir adda eyni qablaşdırılmış, bir istehsalçı tərəfindən istehsal edilmiş bir standart və istehsalçının müəyyən vaxt ərzində digər sənədləri ilə müşayiət olunan, məhsullarının izlənməsini təmin edən sənədlərlə müşayiət olunan partiya sayılır.
Mal-nəqliyyat fakturasında (qaiməsinə) çörək partiyasının bu standartın tələblərinə və çörəyin sobadan götürülmə vaxtına uyğunluğu barədə möhür vurulur. Məhsullardakı toksiki elementlərin, mikotoksinlərin və pestisidlərin tərkibinə nəzarət, AQTA ilə razılaşdırılaraq məhsulun istehsalçısı tərəfindən müəyyən edilmiş və məhsulların təhlükəsizliyinə zəmanət verən qaydada həyata keçirilir.
Çörəyin saxlanma və daşınma qaydası
Çörəyin daşınma və saxlanma qaydaları da texniki tələblərdə əks olunub. Belə ki, çörək xüsusi olaraq ayrılmış otaqlarda saxlanılmalıdır. Yaxşı havalandırılmalı, çörək ehtiyatlarının ziyanvericilərə yoluxması olmayan şəraitdə saxlanılmalıdır.
Çörəyin saxlanıldığı otağın divarlarında və tavanda kifin olmaması şərtdir. Həmin otaq yaxşı işıqlandırılmalı, çörəyin saxlanılması üçün otaqlar kulerlə, açıq və ya qapalı tipli konteynerlərlə, stasionar rəflər-stellajlarla və ya qablarla təchiz edilməlidir. Rəflərə düzülmüş çörək otağın divarları ilə təmasda olmamalıdır.
Ticarət müəssisələrində çörəyin təravətinin qorunması üçün Səhiyyə Nazirliyi tərəfindən icazə verilən parça və ya polimer plyonkalarla bağlanmalıdır. Rəflər, tabaq və qutuları olmalıdır. İsti çörək-bulka məmulatları ilə təmasda olmaq üçün Səhiyyə Nazirliyinin icazə verdiyi materiallardan (ağac, metal, polimer materiallar) örtüklə və ya örtülmədən hazırlanmalıdır.
Çörək və çörək-bulka məmulatlarının saxlanılması üçün otaqların, ehtiyac olduqda, divarlarının, tavanlarının, avadanlığın ağardılması və ya rənglənməsi, həmçinin təmiri və üzlüyün yenilənməsi vaxtı-vaxtında edilməlidir. Otaqlar ildə ən azı bir dəfə dezinfeksiya edilməlidir. Dezinseksiya və deratizasiya sistematik şəkildə aparılmalıdır.

Çörəkdə "kartof xəstəliyi" ilə yoluxma aşkar edildikdə, yoluxmuş çörəyin dərhal çıxarılaraq saxlanıldığı yeri dezinfeksiya edilməlir; inventar və avadanlıq əsaslı mexaniki təmizlənməli, ardınca dezinfeksiya edilməlidir. Çörək məmulatlarının saxlanılması üçün nəzərdə tutulmuş binalarda məmulatlara xas olmayan qoxu verə biləcək digər mal və məhsulların saxlanmasına yol verilmir.

Sobadan çıxarıldığında çörək məmulatları kulerlara, konteynerlərə, avadanlığa, rəflərə və ya qablara sərinləmək üçün yerləşdirilir, düzülmə böyrü və ya altı üstə bir cərgədə yerinə yetirilir. Soyumuş məhsullar saxlama üçün cədvəl 4-də göstərildiyi qaydada düzülür. Soyumuş çörəyin basma ilə saxlanması yol verilmir.
Qeyd edək ki, avqustun 19-dan Azərbaycanda un və çörəyin qiyməti bahalaşıb. 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manatdır. Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edir.
Un və çörək istehsalçılarından açıqlama
Azərbaycanın iri un və çörək istehsalçıları birgə məlumat yayıb. Məlumatda bildirilir ki, COVID-19 pandemiyasının təsirləri və dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər səbəbilə təchizat zəncirlərinə mütəmadi təzyiqlərin yaranması, logistik xərclərin yüksəlməsi, bir çox ölkələrin tələbdən artıq ehtiyat yaratması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə müxtəlif proteksionist tədbirləri fonunda dünya bazarlarında ərzaqlıq buğdanın qiymətində artım davam etməkdədir:

"Əsas ərzaqlıq buğda istehsalçısı olan ölkələrdə yaranmış siyasi və hərbi münaqişələr səbəbilə dünya bazarlarında ciddi qiymət və tədarük riskləri, habelə həmin məhsulların qlobal ticarətində məhdudiyyətlər müşahidə olunur. Münaqişələrin yaratdığı qeyri-müəyyənliklər, ərzaqlıq buğdanın logistik xərclərinin kəskin şəkildə yüksəlməsi, ixracın məhdudluğu və digər istehsalçı ölkələrin tətbiq etdiyi ixrac qadağaları dünya bazarında təklifin azalmasına və qiymətlərin yüksəlməsinə gətirib", - məlumatda bildirilir.

İstehsalçılar daha sonra qeyd edirlər ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, 2022-ci ilin iyul ayında 2021-ci ilin müvafiq ayı ilə müqayisədə ərzağın dünya üzrə qiymət artımı 13,1% səviyyəsində dəyərləndirilir. Təşkilatın proqnozlarına əsasən, 2022-ci ildə ümumilikdə qlobal istehsalın həcminin azalacağı gözlənilir.
Bununla yanaşı, ölkəmiz üçün xüsusilə önəmli olan məsələlərdən biri ən böyük ərzaqlıq buğda istehsalçılarından və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiyanın 2021-ci ilin fevral ayından tətbiq etdiyi yüksək ixrac tariflərinin hələ də qüvvədə qalmasıdır.
Dünya bazarlarında müşahidə olunan bu vəziyyət və ixracın məhdudlaşması ilə əlaqədar ölkəyə taxıl və un idxal edən sahibkarlıq subyektləri ciddi qiymət təzyiqləri ilə üzləşiblər. Cari ilin iyul ayında ölkəyə ərzaqlıq buğdanın orta idxal qiyməti 402,46 ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 67% (orta idxal qiyməti 241 ABŞ dolları), dekabr ayı ilə müqayisədə isə 18,4% (orta idxal qiyməti 339,89 ABŞ dolları) yüksəkdir.
Bununla belə, ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumətin ayırdığı subsidiyalar hesabına buğda və unun qiyməti real qiymətlərdən aşağı saxlanılıb. Subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün olmadığından, cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri unun qiymətini ərzaqlıq buğdanın ilin əvvəlinə olan idxal qiymətinə uyğunlaşdırıb.
Un istehsalçıları çörək və un məmulatlarının qiymətini 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək göstərilən səviyyədən yuxarı qalxmaması üçün bütün səylərini səfərbər edib və ötən dövr ərzində ərzaqlıq buğdanın qiymətində artımlar baş versə də, unun qiymətində artım olmayıb. Bununla belə, dünya bazarında, həmçinin əsas idxal bazarlarında taxılın qiymət dinamikasında artımın davam etməsi qiymətlərin yenidən uyğunlaşdırılmasını zəruri edir.

Yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin 365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat.

Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcək".

Xatırladaq ki, yeni ildən çörəyin qiyməti ölkəmizdə bahalaşmışdı. İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirmişdi.
50 kiloqramlıq "Karmen" ununun bir kisəsinin qiyməti 36 manat olmuşdu. Bundan öncə unun bir kisəsi 26 manata satılırdı. Unun qiymətində baş vermiş artım çörəyin qiymətinə də təsir etmişdi. 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyin pərakəndə satış qiyməti 65 qəpik olmuşdu. Artıq bütün mağazalarda çörək 5 qəpik artımla satılır.
Xəbər lenti
0