Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Animasiya sevənlərin nəzərinə: Bakıda ANİMAFİLM festivalı başlayır

© Photo : The organizers of ANIMAFILM BakuANİMAFİLM müsabiqəsinin mükafatlandırma mərasimi, arxiv şəkli
ANİMAFİLM müsabiqəsinin mükafatlandırma mərasimi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 23.08.2022
Abunə olmaq
Uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 7-11 sentyabr tarixində Nizami Kino Mərkəzində keçiriləcək.
BAKI, 23 avqust — Sputnik. V ANİMAFİLM festivalının proqramı açıqlandı. Festival bu dəfə "Bir bilet = bir ağac" şüarı altında keçiriləcək.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 7-11 sentyabr tarixində Nizami Kino Mərkəzində keçiriləcək. Festival geniş proqramını açıqlayaraq, artıq bilet satışını elan edib.
Nazirlikdən bildirilib ki, beynəlxalq tədbir "İqlim dəyişikliyi"nə həsr olunduğuna görə, bilet satışından əldə olunacaq bütün vəsait işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcək: "Bu il festival tamaşaçılara üç əsas proqram təqdim edəcək: müsabiqə proqramı, müsabiqədənkənar proqram və peşəkarlar üçün proqram. Animasiya filmlərinin nümayişi ilə yanaşı, yerli və xarici peşəkarların iştirakı ilə vörkşoplar və ustad dərsləri də təşkil olunacaq".
Qeyd olunub ki, festivala 50 müxtəlif ölkədən 230 film təqdim olunub. Seçim komissiyası müsabiqə proqramına 29 ölkədən 76 film qəbul edib. Müsabiqə iştirakçıları 1 yerli və 6 beynəlxalq kateqoriyalar üzrə mükafatlar uğrunda yarışacaqlar. Bütün seçilmiş filmləri beynəlxalq və uşaq münsiflər heyəti izləyəcək, qaliblər 5-ci ANİMAFİLM festivalının açılış və bağlanış mərasimlərində elan olunacaq. Uşaq münsiflər heyətinə 22 yerli uşaq, beynəlxalq münsiflər heyətinə isə 6 xarici peşəkar daxil edilib: Jonathan Laskar (İsveçrə), Tilly Wallace (Böyük Britaniya), Markus Øvre (Böyük Britaniya), Nodar Beqiaşvili (Gürcüstan), Jorn Leeuwerink (Niderland) və Daniel Bird (Böyük Britaniya).
Bundan əlavə, bu il "Tamaşaçı seçimi" müsabiqəsinin qalibi film nümayişləri zamanı tamaşaçı səsverməsinin nəticələri əsasında müəyyənləşdiriləcək. Qalibə isə “Lenovo”nun mükafatı təqdim olunacaq. Festivalın digər nominasiyalarında mükafatlar TVPaint Développement ("Ən yaxşı tələbə animasiya filmi"), Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu ("Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi") və Shahmaran Metaceramica tərəfindən təqdim olunacaq.
Müsabiqədənkənar proqramda iqlim dəyişikliyi ilə bağlı filmlər, uşaqlar üçün "Ana təbiət" proqramı, Çexiyanın "Hətta siçanlar da cənnətə aiddir" tammetrajlı filmi, Ukrayna animasiyası, virtual sərgi və Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalib filmləri təqdim olunacaq. 5-ci ANİMAFİLM festivalının Müsabiqədənkənar proqramının "Ana təbiət" tədbirində təbiət mövzusunda 5 qısametrajlı animasiya filmi nümayiş olunacaq. Nümayiş Azərbaycandakı Fransa Səfirliyi və Fransız İnstitutunun dəstəyilə keçiriləcək.
Nümayiş etdiriləcək filmlər:
1. “The Tiger without stripes” (“Zolaqsız pələng”), rejissor Raúl Robin Morales, Fransa, İsveçrə
2. “Shooom's Odyssey” (“Şuumun odisseyası”), rejissor Julien Bisaro, Fransa, Belçika
3. “Northern Lights” (“Şimal Qütb parıltısı”), rejissor Caroline Attia, Fransa, İsveçrə
4. “The Little Seed” (“Balaca toxum”), rejissor Chaïtane Conversat, Fransa
5. “Trails of the Morning” (“Səhərin izləri”), rejissor Maša Avramović, Fransa
Bu tədbir, 8 sentyabr 12:00-13:30 saatlarında Nizami Kino Mərkəzinin Kiçik zalında keçiriləcək. 6+ yaş uşaqlar üçün nəzərdə tutulub.
Bundan başqa, nazirlikdən o da bildirilib ki, Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə "Hava övladı" adlı tammetrajlı animasiya filmi nümayiş etdiriləcək.
Eyni zamanda, peşəkarlar üçün proqramda Azərbaycan animasiya filmləri təqdim olunacaq. Hazırda həmin filmlərin üzərində işlər davam edir.
Nazirlikdən o da bildirilib ki, bu sahəyə marağı olan şəxslər beynəlxalq münsiflər heyəti ilə görüşə, rejissor Jonathan Laskarın (İsveçrə) ustad dərsində iştirak edə bilərlər. Bunlardan başqa, proqramda Nitya Ramlogan (ABŞ), Tilly Wallace (İngiltərə) və Nəzrin Ağamalıyevanın (Azərbaycan) iştirakı ilə "Stop motion" və "Şüşə üzərində animasiya" vörkşopları da nəzərdə tutulub.
Festival çərçivəsində animasiya restavrasiyasına dair "Animasiyanın refreyminqi: Rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası" adlı konfrans da keçiriləcək.
5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təşkilatçıları "Azərbaycan Animasiya Assosiasiyası" ictimai birliyi və "PERİ FİLM" şirkətidir.
Festivalın builki tərəfdaşları bunlardır: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, “Culture Network House Association”, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Shahmaran Metaceramica, “Dynamic Box Studio”, Nizami Kino Mərkəzi, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi və Yaponiya Fondu, “Lenovo”, “Tripsome”, Ritual Mobil Teatr Laboratoriyası, “Cafino Coffee&Wine”, “Nemi Hotel Baku”, “Unibroad”, “Choche.az”, “Annecy” Beynəlxalq Animasiya Film Festivalı və “TVPaint Développement”. Festivalın media tərəfdaşları "BAKU" və "Nargis" jurnallarıdır.
Məlumat üçün bildirək ki, "Animafilm" Beynəlxalq Animasiya Festivalı 2018-ci ildə gənc rejissor Rəşid Ağamalıyev tərəfindən təsis olunub. Rəşid Ağamalıyev Çexiyada və Niderlandda kinematoqrafiya üzrə təhsil alıb. 2010-cu ildən kino sahəsinə gələn gənc rejissor və prodüser 2016-cı ildən etibarən animasiya filmləri ilə məşğuldur.
Xəbər lenti
0