Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazirlik və DİM arasında "soyuq müharibə"nin əziyyətini abituriyent çəkməlidir?

© Sputnik / Rahim MuradovPandemiya zamanı imtahan
Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 21.08.2022
Abunə olmaq
Ekspert bildirir ki, təhsillə əlaqəsi olmayan şəxslərin təhsil sistemini idarə etməsi də nəticələrin bu həddə çatmasına təsir edir
BAKI, 21 avqust — Sputnik. Cari ildə 99 min 500 abituriyent ali məktəbə qəbul olmaq üçün sənəd verib, onların təxminən 50 minə yaxını müsabiqəyə buraxılıb.
Bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, cari ildə 0-150 bal yığan abitoruiyentlərin sayı ötən illə demək olar ki, eyni olub.
Təhsil üzrə ekspert Elçin Əfəndi isə bildirir ki, abituiyentlərin 86 min nəfəri I-IV qrup üzrə müsabiqədə iştirak edib. DİM-in məlumatlarına istinad edən ekspertin sözlərinə görə, onların təxminən 35 mini 150 baldan aşağı nəticə göstərib. Ekspert qeyd edir ki, cari ildə qəbul imtahanlarında yüksək bal toplayanların sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. E.Əfəndi nümunə olaraq bildirir ki, II ixtisas qrupu üzrə 2022-ci ildə 600-dən çox bal toplayan abituriyentlərin sayı cəmi 143 nəfər olub. Ötən il həmin qrup üzrə 196 nəfər, 2020-ci ildə isə 216 abituriyent 600-dən çox bal toplamışdı. III ixtisas qrupunda da eyni vəziyyətdir.
O bildirir ki, 2022-ci ildə bu qrupda cəmi 342 nəfər 600-dən çox bal toplaya bilib. 2021-ci ildə bu rəqəm 617, 2020-ci ildə isə 555 nəfər olub. Analoji vəziyyət 500-dən çox bal toplayanlara da aiddir.
Maraqlıdır, nəticələrin bu qədər aşağı olmasının kökündə hansı səbəblər dayanır?
Təhsil üzrə ekspert Elşən Qafarov və Abşeron rayonu Xırdalan şəhəri 6 saylı tam orta məktəbin təlim-tədris işləri üzrə direktor müavini Hicran Nəsirova ilə bu problemin kökünü araşdırmağa çalışdıq.
Nəticələrin aşağı olmasının səbəbləri
Öncəki illərlə müqayisədə cari ildə 0-150 bal toplayanların sayında müəyyən artımın olduğunu bildirən ekspert Elşən Qafarovun sözlərinə görə, bu tendensiya illərdir ki, müşahidə edilir. O qeyd edir ki, abituriyentlərin bilik və bacarıqlarının aşağı olması ilə yanaşı burada digər səbəblərin də rolu var.
DİM testləri abituriyentlərin bilik-bacarıqlarına uyğun deyil
Ekspert düşünür ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahan şagirdlərin bilik və bacarıqlarına uyğun deyil: "Çünki 10 ildən də artıqdır ki, DİM İlə Təhsil Nazirliyi arasında soyuq müharibə gedir. İki qurum arasında mövqe "savaşı" başa çatmazsa, rəqəmlər bizi təəccübləndirməkdə davam edəcək. Təhsili verən Təhsil Nazirliyi, attestasiyanı keçirən isə Dövlət İmtahan Mərkəzidir. Nə qədər ki, DİM-in əlində test hazırlamaq səlahiyyəti olacaq, qurum təhsilin nəticələri ilə bağlı vəziyyəti istədiyi vaxt istədiyi cür dəyişə biləcək".
O bildirir ki, əslində DİM sadəcə imtahanları təşkil etməlidir: "Yəni, testlərin hazırlanması səlahiyyəti DİM-in əlindən alınmalıdır. Testlərin hazırlanması üçün ayrıca Test İnstitutu yaradılmalıdır ki, imtahanlar daha obyektiv keçirilsin. İndiki halda isə imtahanın obyektiv olub-olmaması şübhə yaradır".
Nəticələrin aşağı olmasıın kökündə dayanan digər səbəb təhsillə əlaqəsiz şəxslərdir
Ekspert bildirir ki, təhsillə əlaqəsi olmayan şəxslərin təhsil sistemini idarə etməsi də nəticələrin bu həddə çatmasına təsir edir: "Son 10 ilə nəzər salsaq görərik ki, təhsil sahəsi ilə birbaşa bağlılığı olmayan şəxslər bu sahədə çalışır".
Digər problem isə müəllimlərin peşəkarlıq səviyyəsi ilə bağlıdır. Ekspert qeyd edir ki, təhsildə yüksək nəticə almaq üçün təhsil proqramlarının əlçatanlığı təmin olunmalıdır: "Ümumi mənzərəyə baxdıqda görə bilərik ki, ölkədə məktəb mühiti dağılıb. Təhsil mühitinin dağılmasının səbəbi odur ki, valideynlər 5 yaşından övladlarını hazırlığa qoyurlar. Sadaladığımız bütün amillər nəticəyə təsir edir. Təhsilə kompleks yanaşmaq lazımdır. Bir detalı götürüb onun üzərindən dəyişikliyə nail olmaq olmaz".
Nəticələrin aşağı olmasına səbəb amillərdən biri dərsliklərlə bağlıdır
E.Qafarov bildirir ki, Azərbaycan təhsil sistemində dərslik yazmaq ənənəsi yoxdur: "Azərbaycan tarixi, Azərbaycan ədəbiyyatı dərsliklərində böyük problemlər görürük. Dərslik yazmaq üçün peşəkar müəllimlər yetişməli və hazırlanacaq dərsliklər də məktəblərdə müəllimlərlə müzakirə olunmalıdır".
Pedaqoq Hicran Nəsirova isə qeyd edir ki, ölkədə hazırda kölgə təhsili əsas yer tutur, bu səbəbdən də təhsil məktəblərdən kənara daşınıb: "Təəssüflər olsun ki, müəllimlər 45 dəqiqədə dərs öyrətməyə çalışmırlar. Sadəcə müəyyən qədər biliyini şagirdə nümayiş etdirməyə çalışır ki, özünə abituriyent cəlb edə bilsin".
Həmsöhbətimizin sözlərinə görə, kurrikulumun tələblərinə uyğun olaraq hazırkı dərsliklərimiz sadəcə olaraq istiqamətləndirici xarakter daşıyır: "45 dəqiqədə tək mənbə yalnız dərslik ola bilməz. Maraqlıdır, müəllimlərimiz həmin dərsliklərə uyğun şagirlərə təhsil verə bilirmi? İnstitutu bitirən müəllim bu dərslikdən vəsait olaraq istifadə edəcəksə, heç nə əldə etməyəcək. Müəllim bu bilikləri verə bilmirsə, o zaman şagird məcbur qalıb repetitor yanına gedəcək".
Dərsliklərdə bəzi məlumatların yanlış olması da nəticələrə təsir edir: "Dərsliklərlə bağlı digər problem buradakı bəzi məlumatların yanlış xarakter daşıması ilə bağlıdır. Məktəbdə biologiya fənnini tədris edirəm və bu dərsliklərdən tamamilə narazıyam. Çünki bu dərsliklərdə bəzi məlumatlar tamamilə səhv verilib, bəziləri isə əhatəli deyil. Dərsliklərdə yarımçıq fikirlər çoxluq təşkil edir. Belə olan halda yüksək nəticə əldə etmək olmaz".
"Lakin bu o demək deyil ki, dərslikləri bütün məlumatlarla doldursaq, şagirdlər repetitor yanına getməyəcək, dərsliklərdən istifadə edərək uğur əldə edəcəklər. Dərsliklərdəki nöqsanlar təcili şəkildə aradan qaldırılmaldır. DİM sualları məktəbdə müəllimlərin dərs vəsaiti olaraqq şagirdlərə tövsiyə etdiyi kitablara uyğun tərtib etməlidir".
DİM-in tərtib etdiyi suallaırn cavabları 11 illik dərsliklərdə yer almır
Müəllimin sözlərinə görə, DİM-dən düşən suallar demək olar ki, dərsliklərdə yer almayıb: "Bundan başqa, imtahana düşən suallar dərsliklərdə verilən məlumatlarla uzlaşmır.
O düşünür ki, differensiallaşmış əmək haqqına keçid təhsilə müsbət təsir edəcək.
Müəllimlərin maaşının necə, toplanan aşağı ballarda çəkisi varmı?
Səkkiz ildir ki, repetitorluqla məşğul olan həmsöhbətimiz deyir ki, bu proses bir qədər çirkin hal alıb: "Müəllim kimi fəaliyyətə başlayanda hər kəs ehtiyacdan repetitorluqla məşğul olur. Lakin son zamanlar bu proses bir qədər çirkin həddə çatıb. Vaxtında müəllimlərin maaşının az olması buna səbəb oldu. Lakin hazırda özünə şərait quran müəllimlər də məktəbdə təhsilə can atmırlar. Pul artdıqca daha çox pul istəyirlər. Ona görə də bu peşəni elə şəxslər seçməlidir ki, bu peşəni sevsin. Hər şey yalnız maaşdan ibarət deyil".
"Təəssüflər olsun ki, repetitor olan müəllim düşünür ki, məktəbdə özü üçün şagird yığsın. Təsəvvür edin, müəllim şagirdin dərs saatına hazırlıq salır. Məktəbimizin müəllimlərinə də xəbərdarlıq edirəm ki, dərs saatına hazırlıq salmasınlar", - deyə o əlavə edib.
O bildirir ki, əslində məktəbdə də pullu şəkildə hazırlıq qrupları yaratmaq olar: "Düşünürəm ki, məktəblər publik statuslarını qanunvericiliyə müvafiq olaraq icra etsələr şagird də məktədən ayrılmaz. Müəllimlərin maaşının stimullaşdırılmasından sonra məktəblərdən qaçan şagirdləri, müəllimləri hissə-hissə fəaliyyət planına uyğun olaraq geri qaytarmaq olar".
Bir müəllimin maaşı nə qədər olmaldır ki, normal təhsil verə bilsin?
Hicran Nəsirova bildirir ki, inkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda müəllim maaşı həddindən artıq aşağı hesab edilmir: "Lakin stimullaşdırıcı addımlar olaraq sosial tədbirlər icra etmək olar. Müəllimləri evlə təmin etmək, ipoteka kreditləri zamanı müəyyən güzəştlərin olması da çox gözəl olardı. Maaşa gəldikdə isə, düşünürəm ki, müəllimlərin maaşı artarsa, onların təzədən məktəblərə qayıtması çox pilləli proses olacaq".
Nə etməli?
H.Nəsirova da qeyd edir ki, test tərtibi üçün xüsusi institutun yaranmasına ehtiyac var: Müəllimin maaşını artırmaq, repetitorluq, kölgə təhsilini zəiflətmək üçün tədbirlər həyata keçirtmək lazımdır: "Qanunvericlikdə də dəyişikliklər etmək, təhsillə bağlı hüquqi bazanı daha da təkmilləşdirmək lazımdır. Yəni, maaşı qaldırmaq tək çıxış yolu olmamalıdır. Pul çox olarsa, müəllim yenə də repetitorluğa maraq göstərə bilər ki, daha çox qazansın".
Ötən illərə dair statistikanı da araşdırdıq:
DİM-in məlumatına görə, 2021-ci ildə I-IV qruplar üzrə abituriyentlərin 16.71 faizi 0-100, 27.55 faizi 100-200, 20.27 faizi 200-300, 25.47 faizi 300-500, 10 faizi 500-700 bal yığıb. Eyni ildə V qrup üzrə nəticələr isə belə olub:
8.49 faiz 0-50, 34.94 faiz 50-100, 28.73 faiz 100-150, 17.77 faiz 150-200, 10.07 faizi 200-300 bal yığıb.
Həmin ildə I-IV qruplar üzrə ali məktəblərə qəbul olunanlar arasında ən aşağı bal 150 olub. Belə ki, həmin qruplar üzrə qəbul olunanların 4.97 faizini 150-200 bal yığanlar təşkil edib. Qeyd olunan ildə V qrup üzrə qəbul olunan abituriyentlərin 50.37 faizini 100-150 bal yığanlar təşkil edib.
Ötən il bütün qruplar üzrə ümumi imtahan iştirakçılarının sayı 67 min 717 olub və onlardan 11 min 314-ü o-100 bal, 18 min 655-i 100-200, 13 min 724-ü 200-300, 17 min 250-i 300-500, 6 min 774-ü isə 500-700 bal toplayıb. Göründüyü kimi aşağı bal toplayanların sayı yuxarı bal toplayanlarla müqayisədə daha yüksək olub.
0-100 bal toplayanların daha öncəki illər üzrə statistikasına nəzər yetirək:
2014-cü ildə 0-100 bal yığanlar 19.81 faiz
2015-ci ildə 0-100 bal yığanlar 14.15 faiz
2016-cı ildə 0-100 bal yığanlar 12.65 faiz
2017-ci ildə 0-100 bal yığanlar 14.35 faiz
2018-ci ildə 0-100 bal yığanlar 13.72 faiz
2019-cu ildə 0-100 bal yığanlar 10.30 faiz
2020-ci ildə 0-100 bal yığanlar 9.31 faiz
2021-ci ildə 0-100 bal yığanlar 9.74 faiz
Daha öncəki illərlə müqayisədə xüsusən də 100-200 bal yığanların sayında artım olub:
2014-cü ildə 100-200 bal yığanlar 13.05 faiz
2015-ci ildə 100-200 bal yığanlar 11.66 faiz
2016-cı ildə 100-200 bal yığanlar 12.35 faiz
2017-ci ildə 100-200 bal yığanlar 12.84 faiz
2018-ci ildə 100-200 bal yığanlar 13.38 faiz
2019-cu ildə 100-200 bal yığanlar 15.92 faiz
2020-ci ildə 100-200 bal yığanlar 17.31 faiz
2021-ci ildə 100-200 bal yığanlar 17.40 faiz
 Yüksək ballara gəldikdə isə, 2014-cü ildə 500-700 bal yığanlar 6.42, 2015-ci ildə 6.97, 2016-cı ildə 7.45, 2017-ci ildə 8.21, 2018-ci ildə 9.78, 2019-cu ildə 9.09, 2020-ci ildə 8.06, 2021-ci ildə isə 7.96 faiz təşkil edib.
DİM-dən sorğumuza cavab olaraq bildirilib ki, cari ildə I qrup üzrə 2 9 53 nəfər 500-dən yuxarı bal toplayıb.
II ixtisas qrupu üzrə 500-dən yuxarı bal toplayanlaırn sayı  679 olub. III qrup üzrə 500-dən çox bal yığanların sayı 2142 olub. IV qrup üzrə bu rəqəm 1 314 olub.
Xəbər lenti
0