CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qadın olmaq: Niyə onlara yüksək vəzifələr verilmir?

© Depositphotos.com / FizkesQadın
Qadın - Sputnik Azərbaycan, 1920, 21.08.2022
Abunə olmaq
BAKI, 21 avqust — Sputnik. Azərbaycanda qadınların pensiya yaşı aşağı salınmalıdır ki, gənc xanımlar üçün də iş imkanları genişlənsin.
Bunu millət vəkili Qüdrət Həsənquliyev deyib. O bildirib ki, Azərbaycanda Birinci vitse-prezidentin, eləcə də Milli Məclis sədrinin xanım olması müsbət haldır. Lakin digər xanımlar üçün də iş imkanları genişləndirilməlidir.
Ölkədə bir nəfər də olsun qadın icra başçısının olmamasına təəssüflənən deputat, qadınların cəmiyyətin bütün institutlarında işləməsi üçün kvotanın ayrılması təşəbbüsü ilə çıxış edib.
Bəs Azərbaycanda qadınların işlə təminatı hansı səviyyədədir? Onların işlə təminatını daha da yaxşılaşdırmaq üçün nələr etmək lazımdır? Qadınların iş dünyasında irəliləməsinə mane olan faktorlar hansılardır?
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan- açıqlamasında bildirir ki, hər şey qanunları bilməməkdən başlayır:
"Qadınların iş imkanlarının artırılması və daha da yaxşılaşdırılması üçün ilk növbədə onların qanunvericiliyi yaxşı bilməsi lazımdır. Əks halda qadınlar onlara qarşı olan ayrı-seçkiliyə, qısnanmaya müqavimət göstərə bilməyəcəklər".
Sədr təəssüflə qeyd edir ki, zorlanma, iş yerində seksual təhdidlər, cinsi ayrıseçkilik halları ilə qarşılaşan qadınlar bir çox hallarda eyni cinsdən olanların qınaqları ilə üzləşəcəklərini düşündüklərindən susurlar.
Qadınların işlə təminatına mane olan səbəblərə gəlincə, M.Zeynalova deyib ki, bunlar məişət zorakılıqları, stereotiplər, qadınlar haqda mənfi rəyin formalaşmasıdır.
M.Zeynalovanın fikrincə, yaxşı olar ki, iş yerində qeyd olunan xoşagəlməz hallarla rastlaşan qadınların birbaşa müraciət edəcəyi qaynar xətt yaradılsın, məxfilik qorunsun.
Hüquqşünas Fariz Əkbər isə hesab edir ki, rəhbər vəzifələrdə çalışan qadınların sayı artırılmalıdır. Belədə qadınların rəhbər vəzifələrdə işləyə bilməyəcəyinə dair stereotiplər aradan qalxacaq. Eyni zamanda rəhbər postları tutan qadınların zorakılığa, qısmanamaya, cinsi istismara və s. məruz qalma ehtimalı xeyli azdır.
"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri Ülkər Abdullayevanın fikrincə, ölkədə qadınların işlə təminatında problem yoxdur. Çünki müxtəlif bilikləri, bacarıqları, peşə vərdişləri olan qadınlar iş tapmaqda çətinlik çəkmirlər. Lakin başlıca problem qadınların rəhbər vəzifələr tutması və biznes sektorunda uğurlar əldə etməsi ilə bağlıdır.
"İş o yerə çatıb ki, "hər uğurlu kişinin arxasında bir qadın dayanır" deyimi tərsinə çevrilib. Azərbaycanda hər uğurlu qadının arxasında mütləq bir kişi - ata, qardaş, ər, qohum, sevgili və b. dayanır. Burada qadınların yüksək vəzifəyə gəlməsi üçün savadlı, ağıllı, bacarıqlı, kreativ düşüncələrə, maraqlı ideyalara malik olması kifayət deyil. Nə zaman ki, bu cəmiyyət qadınlara münasibətini dəyişməyəcək, biz rəhbər vəzifələrdə parlayan qadınlara çox az rast gələcəyik", - Ü.Abdullayeva deyib.
Onun fikrincə, qadınlarla bağlı problemləri aradan qaldırmaq üçün əvvəlcə dövlət rəhbərliyi səviyyəsində qadınlara yanaşma dəyişməlidir. Öncə dövlət qadına arxa-dayaq durmalıdır. Qadınlar öz bacarıq və qabiliyyətlərinə, biliklərinə görə dövlət vəzifələrində irəli çəkilməlidir. Cəmiyyət görməlidir ki, qadınlar kişilərdən daha uğurlu ola bilirlər, cəmiyyətə, dövlətə daha çox fayda verə bilirlər. Beləliklə, mövcud stereotiplər, qadınlara baxış dəyişəcək.
Ekspertlər hesab edirlər ki, Azərbaycanda rəhbər vəzifələrdə qadınların təmsil olunma faizi çox aşağıdır. Deputat Qüdrət Həsənquliyevin də dediyi kimi, ölkədə icra hakimiyyətinin başçısı postunu tutan bir qadın belə yoxdur. Eyni zamanda ölkədə qadın nazir də yoxdur.
Bəs dövlət səviyyəsində qadınların məşğulluğu ilə bağlı hansı işlər görülür?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən layihələri çərçivəsində 6200 nəfər qadın müxtəlif mövzularda təlim və tədbirlərə cəlb olunub. 400 qadın biznes fəaliyyətinə başlayıb, 25 qadın əlavə iş yeri ilə təmin olunub.
Komitənin Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşlığı ilə birgə yaratdığı Göyçay rayonu Qadın Resurs Mərkəzi "Göyçay rayonunda qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək" layihəsi çərçivəsində icra olunub. Layihə 2020-2021-ci illəri əhatə edib. Layihə çərçivəsində Göyçay rayonundan həssas qrupdan olan 28 nəfər qadına (14 nəfər bərbərlik, 4 nəfər dərzilik, 3 nəfər əl işləri, 4 nəfər fermer, 2 nəfər şirniyyatçı, 1 nəfər xalçaçılıq fəaliyyəti üçün) biznes fəaliyyətinə başlaması üçün qeyri pul şəklində dəstək göstərilib.
Komitənin British Petroleum Şirkətinin əməkdaşlığı ilə birgə yaratdığı Tovuz rayonu Qadın Resurs Mərkəzi "Qadınların məşğulluğuna və mikro sahibkarlıq fəaliyyətinə dəstək" layihəsi çərçivəsində icra olunub. 2020-2021-ci illəri əhatə edən layihədə 60 qadına (23 nəfər şirniyyatçı, aşpaz, 14 nəfər bərbərlik, 16 nəfər dərzilik, 5 nəfər arıçı, 2 nəfər dəyirmançılıq) biznes fəaliyyətinə başlaması və mövcud bizneslərin gücləndirilməsi üçün qeyri pul şəklində dəstək göstərilib, onlar biznes planına uyğun olaraq avadanlıqlarla təmin olunub.
Komitədən verilən məlumatda bildirilib ki, sahibkarlıq fəaliyyətinə başlayan qadınların 95%-i aktiv fəaliyyət göstərərək bizneslərini davam etdirirlər və bu da sahibkarlığa dəstək sahəsində müsbət dinamikanın göstəricisidir.
Statistika nə deyir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə muzdlu işçilərin 39.5 faizini qadınlar təşkil edib. Komitənin məlumatına görə, ölkədə qadınların daha çox işlədiyi sahələr təhsil, səhiyyə, əyləncə və turizmdir:
"Ölkədə təhsil sahəsində çalışanların 73.3 (244 119 min nəfər), səhiyyə və sosial xidmət sahələrində çalışanların 77,6 ( 108761 nəfər), incəsənət, əyləncə və istirahət sahəsində çalışanların 62 faizini ( 33 min 756 nəfər), peşə, elm və texniki fəaliyyətlə məşğul olanların 43.7 (25 min 513 nəfərini) faizini qadınlar təşkil edib.
İnformasiya və rabitə sahəsində çalışanların 71.2 (21 min 190 nəfər), maliyyə və sığorta sahəsində çalışanların 64.7 ( 18 min 705), dövlət idarəetməsi və müdafiə, sosial təminat sahəsində çalışanların 73.8 faizini (82 min 646 nəfər) kişilər təşkil edib.
Müxtəlif yüksək vəzifələrdə qadınların təmsil olunması
Yüksək vəzifələrə gəldikdə isə, son 30 ildə Azərbaycanın bir qadın naziri olub. Belə ki, Natəvan Tofiq qızı Qədimova 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri təyin olunub. DSK-nın son açıqladığı məlumata görə, hazırda ölkədə nazir müavini olan qadınlaırn sayı 8, qadın dövlət komitəsi sədrlərinin sayı 2, qadın dövlət komitəsi sədr müavinlərinin sayı 3, yerli icra başçılarını sayı 1, yerli icra başçılarının müavinlərinin sayı 72, ombudsmanların (Naxçıvan MR daxil olmaqla) sayı 2-dir.
Öncəki illərlə müqayisədə qadın hakimlərin sayında artım olub:
Belə ki, 2015-ci ildə qadın hakimlərin sayı 62, kişi hakimlərin sayı 451 olub. 2020-ci ildə isə qadın hakimlərin sayı 93, kişi hakimlərin sayı isə 475 olub. Elmi tədqiqatlara gəldikdə isə 2021-ci ildə açıqlanan rəqəmlərə görə, tədqiqatçıların 8 min 490-ı qadın, 6 min 497-i kişi olub. Akademiklərin isə 56-ı kişi, 7-i qadın, müxbir üzvlərin 85-i kişi, 10-u isə qadın olub.
Müxtəlif illərə nəzər saldıqda, müsbət tendensiyalardan biri olaraq görə bilərik ki, parlamentdə qadın təmsilçilərin sayı artıb:
Belə ki, 1990-cı ildə parlament təmsilçilərinin 335-i kişi, 15-i qadınlar təşkil edib. 2010-cu ildə qadınların sayı 20, kişilərin sayı 105, ötən il isə qadınların sayı 22, kişilərin sayı 98 olub. Hazırda parlament üzvlərinin 18.2 faizini qadınlar təşkil edib.
Dövlət qulluğunda çalışan qadınlar
Dövlət qulluğunda çalışanların cins bölgüsünə gəldikdə, DSK-nin 2021-i ilin yanvarın 1-ə olan statistikasına görə, Ali 3-cü Təsnifatlar üzrə inzibati vəzifələrdə çalışanların 616-ı qadın, 1092-i isə kişilər təşkil edib. 4-7-ci təsnifatlar üzrə vəzifə tutanların 4 520-i qadınlar, 14 955-i kişilər təşkil edib. Dövlət Qulluğunun yardımçı vəzifələrində çalışanların isə 2 203-ü qadınlar, 3 286-ı kişilər təşkil edib.
Qadınlar arasında işsizlik yüksək olaraq qalır
Azərbaycanda qadınlar arasında işsizlik kişilərlə müqayisədə yüksəkdir. Belə ki, DSK-in 2020-ci il üçün açıqladığı son hesabata görə, Azərbaycanda qadınlar arasında işsizlik səviyyəsi 8.4, kişilər arasında isə bu rəqəm 6 faizdir. Ölkədə qadınlar arasında işsizlik faizi digər ölkələrlə müqayisədə də yüksəkdir.
Xəbər lenti
0