Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Azərbaycan incəsənəti onu hələ 30 il əvvəl itirdi" - sənət yoldaşları "Seda" haqqında

© Photo : personal archiveFirəngiz Rəhimbəyova
Firəngiz Rəhimbəyova - Sputnik Azərbaycan, 1920, 17.08.2022
Abunə olmaq
Ötən gecə tanınmış estrada müğənnisi və aktrisa Firəngiz Rəhimbəyova vəfat edib. Uzun illərdir ABŞ-da yaşayan 62 yaşlı sənətçi ilə bağlı sənət yoldaşları xatirələrini bölüşüblər
BAKI, 17 avqust — Sputnik. Ötən gecə tanınmış estrada müğənnisi və aktrisa Firəngiz Rəhimbəyova vəfat edib. Uzun illərdir ABŞ-da yaşayan 62 yaşlı sənətçi infarktdan - ürək tutmasından vəfat etdiyi bildirilir.
1980-ci illərin sonunda Azərbaycanda müasir estradanın yaradıcılarından biri olan Firəngiz xanımla bağlı sənət yoldaşları xatirələrini bölüşdülər. Bəstəkar, Xalq artisti Eldar Mansurov Firzəngiz xanımla bağlı xatirələrini bölüşərkən bildiridi ki, onlar çox yaxın dost olublar. Onun mahnılarının əksəriyyətinin bəstəsi Eldar Mansurovun olub: "Firəngiz ölkədən getməyi ilə bizim estradamıza çox böyük zərbə vurdu. O dönəmlərdə milli estradada oxuyanlar çox idi, Avropa üslubunda demək olar ki, yox idi. O mahnıları seçirdi, mən də verirdim. Bilirdim ki, onu peşəkarlıqla oxuyacaq".
Mansurov Firəngiz xanımın ölkədən getməsinin səbəblərini söylədi. Bəstəkar təəssüf hissi ilə qeyd etdi ki, mərhum sənətçi layiq olduğu dəyəri ala bilmədi: " Onu Amerikaya mən yola saldım. 1993-cü ildə getdi, həmin gün xeyli söhbət elədik. O artıq qərarını vermişdi, mən onun qərarından döndərə bilməzdim. Ondan qat-qat zəif olan insanlar "Xalq artisti", "Əməkdar artist" adını aldı. Halbuki Firəngizin oxuduğunun yarısını oxuya bilməyib. Nə olsun Amerikaya getmişdi, onlarla mahnısı var idi, filmlərdə rol almışdı. 90-cı illərdə ölkədə vəziyyət çox pis idi. Sənət adamları tamamilə unudulmuşdu. Həmin illərdə əksəriyyəti ölkədən getdi, çünki başqa çarələri yox idi".
Bəstəkar bir neçə gün öncə onunla danışdığını söyləyir: "Demək olar ki, tez-tez danışırdıq. Bir neçə gün öncə də xeyli söhbətləşdik. Mənim həyat yoldaşımla da yaxın idilər. Ölüm xəbərini eşidəndən özümüzə gələ bilmirik. Heç bir şikayəti yox idi. O qədər pozitiv, enerjili xanım idi ki, xəstəliyi olsa belə, onu büruzə verməzdi".
Əmkdar İncəsənət xadimi, professor Amin Novruzov "Bəxt üzüyü" filminin təsvir rejissoru (quruluşçu operatoru) olub. Kinooperator Firəngiz xanımın "Seda" obrazına çəkilməsindən danışdı: "Əslində o obraza Məleykə Əsədova seçilmişdi. Sınaq çəkilişlərində filmin rejissoru Ramiz Əzizbəyliyə bu rolun Məleykə xanıma uyğun olmadığını, işıqlandırmanın çətin olduğunu dedim. O da Firəngiz xanımı dəvət elədi. Firəngiz xanım o vaxt müğənni idi. O qədər gözəl oynadı ki, nə rejissor əziyyət çəkdi, nə də mən. Qətiyyən kompleksi, kaprizi yox idi. Sanki "Seda" obrazı onun üçün yazılmışdı. Üz cizgiləri də çox gözəl idi deyə ekrana çox yaraşırdı".
Sənətkar Firəngiz xanımla Valeh Kərimovun səhnələrinin çəkiliş anından söz açdı: "O zamanlar üçün o səhnə bir sensasiya idi. Hər aktrisa o rolu oynaya bilməzdi. Amma Firəngiz onu o qədər peşəkarlıqla ifa etdi ki, çəkiliş zamanı biz əziyyət çəkmədik. Xaraktercə də elə Seda idi, gərgin iş rejimizə baxmayaraq onun pozitivliyi bizə də sirayət edirdi".
Xalq artisti Valeh Kərimov da sənət yoldaşı ilə bağlı xatirələrini bölüşdü: "Biz "Bəxt üzüyü"ndə tanıdıq bir-birimizi. O aktrisa deyildi, buna baxmayaraq, rolunun öhtəsindən peşəkarlıqla gəldi. Çəkiliş meydançasında o qədər sərbəst idi ki, sanki illərin sənətçisidir. Bizə iki ay möhlət vermişdilər. İki aya film bitməli idi. Bu rahat məsələ deyildi. Orada olanların hər biri illərin sənətçisi idi. Amma Firəngiz xanımın filmdə ilk işi idi. Bizim dəniz çimərliyində olan çəkilişlərimizdə hər kəsin diqqəti Firəngiz xanıma yönəlmişdi. O qədər gözəl, o qədər baxımlı idi ki, hər kəs ona baxırdı. Çox təəssüf ki, biz onu tez itirdik. Azərbaycan incəsənəti onu hələ 30 il əvvəl itirdi".
Qeyd edək ki, Firəngiz Rəhimbəyova 1960-cı ildə Ağdam rayonunun Şişpapaqlı kəndində anadan olub. Rafiq Babayev, Eldar Mansurov və Oqtay Kazımov kimi bəstəkarlarla işləyən Firəngiz Rəhimbəyova "Əgər məni unutsan", "Bu sevgi", "İnanıram bu sevgiyə", "Bizim dağlar", "Ana torpaq", "Məhəbbətim gələcək", "Gülə-gülə", "Bəri bax", "Oğlan" adlı mahnılar ifa edib. Bir sıra filmlərdə aktrisa kimi özünü sınayan sənətçiyə ən böyük uğuru "Bəxt üzüyü" filmindəki Seda rolu qazandırıb.
Aktrisa 1993-cü ildə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. 1999-cu ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. O, Los-Ancelesdə yerləşən rus restoranlarında müğənnilik etməklə və xırda bizneslə məşğul olub.
Firəngiz Rəhimbəyova 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü 2" filmində yenidən Seda roluna çəkilib.
Xəbər lenti
0