Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan XİN: "Bu təxribatı törədənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyirik"

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 16.08.2022
Abunə olmaq
Azərbaycan XİN-dən bildirilib ki, hər hansı radikal və qeyri-qanuni addımın "azadlıq" pərdəsi altında şərh edilməsi ölkə təhlükəsizliyinə ciddi problemlər yarada bilər.
BAKI, 16 avqust — Sputnik. Birləşmiş Krallığın Avropa üzrə naziri Qraham Stüart Azərbaycan Respublikasının bu ölkədəki səfiri ilə görüşü zamanı Londonda Azərbaycan səfirliyinə olan hücumu ilə bağlı dərin təəssüf hissi keçirdiklərini, bu ölkədəki diplomatik heyətin təhlükəsizliyinə böyük əhəmiyyət verdiklərini bildirib, həmçinin fikir azadlığının dinc yollarla ifadə edilməsinin tərəfdarı olduqlarını söyləyib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva buna şərh olaraq bildirib ki, Londonda Azərbaycan səfirliyinə qarşı baş verən insident radikal dini qrup üzvləri tərəfindən diplomatik nümayəndəliyə qarşı edilən hücumdur, təxribatdır və bu hadisə diplomatik nümayəndəliyimizin təhlükəsizliyi məsələsini ciddi şəkildə gündəmə gətirir:
"Bir daha xatırladırıq ki, diplomatik nümayəndəliklərin, o cümlədən diplomatların təhlükəsizliyi beynəlxalq öhdəliklərə uyğun olaraq ev sahibi ölkəsi tərəfindən təmin edilməlidir. Bununla əlaqədar olaraq, Britaniya nazirinin diplomatik heyətin təhlükəsizliyini priorotet məsələ kimi qeyd etməsi əhəmiyyət kəsb edir.
O ki qaldı "fikir azadlığının ifadə edilməsinə", Londondakı səfirliyimizə hücumla heç bir əlaqəsi olmayan bu prinsipin azad cəmiyyətdə tətbiq edilməsi yollarına/qaydalarına yəqin ki, qədim Qərb demokratiyası olan Britaniyanın müvafiq qurumları yaxşı bələddirlər. Əks təqdirdə, hər hansı radikal və qeyri-qanuni addımın "azadlıq" pərdəsi altında şərh edilməsi ölkə təhlükəsizliyinə ciddi problemlər yarada bilər.
Öz tərəfimizdən, Londondakı səfirliyimizə qarşı təxribatın ətraflı şəkildə araşdırılacağını və bu təxribatı törədənlərin məsuliyyətə cəlb ediləcəyini gözləyirik".
Londondakı Azərbaycan səfirliyinə hücum
Xatırladaq ki, avqustun 4-də bir çox yerli və xarici media resurslarında Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına radikal dini qruplaşmanın hücum etməsini əks etdirən videogörüntülər yayılıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, qeyd edilən faktla bağlı dərhal başlanmış ilkin araşdırmalarla şəxsiyyətləri məlum olmayan qabaqcadan əlbir olan bir qrup radikal dəstənin beynəlxalq münasibətləri gərginləşdirmək məqsədi ilə "Beynəlxalq müdafiədən istifadə edən şəxslərə, o cümlədən diplomatik agentlərə yönəlmiş cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında" 14 dekabr 1973-cü il tarixli Beynəlxalq Konvensiyasının tələblərinə zidd olaraq qeyd edilən tarixdə yerli vaxtla saat 16-17 radələrində London şəhəri, 4 Kensinqton Court W8 5DL ünvanında yerləşən Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına hücum etməklə əmlakı qəsdən zədələmələrinə, binanın eyvanına qalxaraq dövlət rəmzi olan Azərbaycan bayrağını yerə atmaqla təhqiredici hərəkətlər etmələrinə, daha sonra özləri ilə gətirdikləri bayraq və plakatları eyvandan asıb, boyalar vasitəsi ilə inzibati binanın divarlarına müxtəlif məzmunlu dini şüarlar yazmalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Böyük Britaniyanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib.
Cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri tədbirlər görülür.
Xəbər lenti
0