SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Özbək iş adamları Azərbaycanda nə edəcəklər?

© AP Photo / Sait Serkan GurbuzMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 15.08.2022
Abunə olmaq
Səfər çərçivəsində nümayəndə heyəti ölkəmizdə fəaliyyət göstərən bir sıra müəssisələrə gedib, görülmüş işlərlə tanış olublar.
BAKI, 15 avqust — Sputnik. Avqustun 1-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Özbəkistanın biznes assosiasiyaları ("Uzbekipaksanoat" Assosiasiyası və "Uztekstilprom" Assosiasiyası) arasında ipəkçiliyin və baramaçılığın, həmçinin pambıqçılığın və tekstil sənayesinin inkişafına dair əməkdaşlıq memorandumları imzalanıb.
İZİA-dan AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq əlaqələri çərçivəsində özbək iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyəti ölkəmizdə fəaliyyət göstərən bir sıra müəssisələrlə tanış olublar. Nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında, eləcə də Sumqayıtda fəaliyyət göstərən "Gilan Tekstil Parkı"nda görülmüş işlərlə tanış olublar. İş adamlarına məlumat verilib ki, burada yüksəkkeyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsullarının istehsalı həyata keçirilir. Tekstil Parkında İplik, Toxuma, Boyama və Tikiş fabrikləri fəaliyyət göstərir, müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, hotellər üçün dəsmallar istehsal edilir.
Ucar rayonunda "P-Aqro" MMC-yə məxsus Mahlıc istehsalı fabrikinin fəaliyyəti ilə tanış olan iş adamları fabrikdə mahlıc, uluk, lint və tifitik istehsal edildiyi, 200-ə yaxın insanın daimi işlə təmin olunduğu müəssisədə istehsal edilən məhsulların (əsasən mahlıc) Türkiyə, İran, Ukrayna və sair ölkələrə ixrac olunduğu barədə məlumatlandırılıb.
Sonra qonaqlar Mingəçevir Sənaye Parkında görülmüş işlər və Sənaye Parkının rezidenti "Mingəçevir Tekstil" MMC-nin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, fabrikdə Almaniya, İsveçrə, Yaponiya və Türkiyə texnologiyaları əsasında "Ring" və "Open End" üsulu ilə iplik istehsal edilir. İnvestisiya dəyəri 93,5 milyon ABŞ dolları olan müəssisədə 475 nəfər daimi işləyir. İndiyədək müəssisədə 189 milyon manata yaxın məhsul istehsal olunub ki, bunun da 93 faizi ixrac edilib. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, "Made In Azerbaijan" brendi altında Türkiyə, Rusiya, Portuqaliya, Pakistan, Polşa, Belçika, Ukrayna və sair ölkələrə göndərilir.
Qonaqlara İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonaları və aqroparkların təqdimatı göstərilib.
Qonaqlar Yevlax Pilot Aqroparkın fəaliyyəti, burada sahibkarlar üçün yaradılacaq şərait barədə də məlumatlandırılıb. Qeyd edilib ki, Yevlax Pilot Aqroparkda meyvə qurusu, cem, ət və süd məhsulları, makaron, konservləşdirilmiş məhsullar, meyvə tingləri, toxum (arpa və buğda), heyvan yemləri və gübrə, istixana şəraitində tərəvəz bitkiləri və sair məhsullar istehsal olunacaq.
Şəki şəhərində "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus "Azəripək" MMC-nin fəaliyyəti ilə tanış olan özbək ipəyin və özbək tekstil nümayəndələrinə görülmüş işlər barədə məlumat verilib.
Diqqətə çatdırılıb ki, illik istehsal gücü 3 min ton yaş barama istehsalı olan müəssisədə kəlağayı, şərf, xam ipək, xalça və sair məhsulların istehsalı həyata keçirilir. Cari ilin 6 ayı ərzində müəssisədə 341 ton yaş barama istehsal edilib. Müəssisədə 350 nəfər işləyir. Qonaqlar müəssisədə mövcud iplik istehsalı avadanlıqları ilə tanış olublar.
Bundan başqa Özbəkistanın pambıqçılıq və baramaçılıq sahəsində fəaliyyət göstərən iş adamları Yevlax "MKT İK" MMC-nin Yevlax rayonunda yerləşən aqroparkının əkin sahəsinə və Yevlax Pilot Aqroparkın tut bağlarının salınması üçün nəzərdə tutulan ərazilərinə baxış keçiriblər.
Həmçinin səfər çərçivəsində nümayəndə heyəti Qax Damazlıq İpəkçilik Stansiyasının və "Ulu Aqro" MMC-nin Qax Aqroparkının fəaliyyəti ilə də tanış olublar.
Xəbər lenti
0