SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Siyasi partiyalara dair qanunda nələr dəyişməlidir? - Partiyaların mövqeyi

© Drew Angerer/Getty Images/AFPƏlində portfel olan kişi, arxiv şəkli
Əlində portfel olan kişi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.08.2022
Abunə olmaq
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, həddindən artıq kiçik partiya modelindən daha böyük partiya quruluşuna keçilməlidir.
BAKI, 12 avqust — Sputnik. Azərbaycan Respublikası Milli Məclisində təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədri Sahibə Qafarovaya müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanır.
Milli Məclisin sədri Sahibə Qafarova artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb.
Bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan Respublikası Milli Məclisinə təqdim etmələri xahiş olunub.
Sputnik Azərbaycan yeni qanun layihəsi ilə bağlı hansı təkliflərin olması ilə Milli Məclisdə təmsil olunan partiyalardan mövqelərini soruşub.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, dəyişiklik onun bağlı olmalıdır ki, partiyaların tanıtımı dəqiqləşdirilməlidir, daha geniş spektrda partiyaların tanıtımı göstərilməlidir: "Çünki ictimai-siyasi həyatda partiaların iştirakına əngəl yarada biləcək bütün maneələr ortadan qalxmalıdır. Digər tərəfdən partiyaların idarəetməsində demokratiyanı inkişaf etdirmək lazımdır. Həddindən artıq kiçik partiya modelindən daha böyük partiya quruluşuna keçilməlidir. Burada partiyaların qeydə alınması üçün üzvlərinin sayının artırılması nəzərə alınmalıdır. Bu da özlüyündə daha böyük və ciddi partiyaların inkişafına təkan versin. "
Siyasi partiyalar haqqında qanunvericiliyin mümkün yenilənməsi ilə əlaqədar Respublikaçı Alternativ (REAL) Partiyasının mövqeyi isə ictimaiyyətə açıq şəkildə təqdim olunub.
Partiyanın mövqeyi bundan ibarətdir ki, siyasi partiyalar haqqında yeni qanun Konstitusiya, eləcə də siyasi və iqtisadi şərait dəyişilmədən qəbul olunacaqsa, ən azından Seçki Məcəlləsinə də uyğun dəyişikliklər edilməlidir. Həmçinin hazırda mövcud olan qanunla müqayisədə yeni qanunda məhdudiyyətlər azaldılmalıdır. Uyğunluq tələbi siyasi partiya kimi fəaliyyət göstərmək istəyən tərəflərdən indikindən daha az əmək tələb etməli ya da daha çox əmək tələb etməməlidir. Partiyaların məhkəmə qaydasında hüquqlarının qorunması ilə bağlı müraciət imkanları genişləndirilməlidir. Bir sıra müddəalar var ki, onun yeni qanunda əks olunması çox vacibdir".
REAL Partiyası hesab edir ki, dövlət qeydiyyatından keçməmiş siyasi partiya adından ictimai çıxış və fəaliyyət, onun fəaliyyətində və ya fəaliyyətinin təşkilində iştirak tənzimlənməməlidir. Dövlət qeydiyyatı üçün tələb olunan partiya üzvlərinin minimal sayı dəyişməməlidir. O cümlədən, partiyanın qeydiyyatı üçün tələb olunan üzv sayının sonradan azalması yeni qanunda partiyanın qeydiyyatının ləğvi üçün əsas kimi göstərilərsə, partiyaya aid namizədlərin, o cümlədən parlamentdə ya da bələdiyyədə yer alandan sonra partiyaya üzv olmuş təmsilçilərin son seçkidə qazandığı səslərinin toplam sayı qeydiyyat üçün tələb olunan imza sayından çox olduqda həmin qayda partiyaya tətbiq edilməməlidir. O da qeyd olunub ki, dövlət qeydiyyatına alınmış partiyanın namizədləri bələdiyyə və parlament seçkilərində qeydiyyatdan keçmək üçün imza toplamaq vəzifəsindən azad olunmalıdır. Dövlət qeydiyyatında olan partiyanın namizədi 60 seçki dairəsinin ərazisində ölçüsündən asılı olmayan 60 bələdiyyə şurasının dəstəyini qazandıqda prezident seçkilərində imza toplamamalıdır. Son parlament ya da prezident seçkilərində partiya prezident seçkisində namizədin qeydiyyatı üçün tələb olunan imza sayından iki dəfə çox səs toplamışdırsa, onun prezidentliyə irəli sürdüyü namizədinə qeydiyyat üçün imza tələb olunmamalıdır. İctimai Televiziya parlament partiyalarını həftədə 30 dəqiqə canlı efirlə təmin etməlidir. Partiyalar özləri bu yayımı canlı ya da öncədən hazırlanmış məzmunla təmin etməlidir.
Siyasi partiyanın buraxılması, ona xəbərdarlıq edilməsi, fəaliyyətinin dondurulması, onun hesabatlılığı ilə bağlı müddəalar dövlət orqanlarının siyasi partiyaların fəaliyyətinə qərəzli müdaxilələrə imkan yaratmamalı, müxalif partiyanı sıxışdırmağa ya da siyasi meydandan çıxarmağa imkanlar açmamalıdır. Parlament təmsilçiliyi olan partiyalara dövlət büdcəsindən təmsilçiliyə düz mütənasib şəkildə ayrılan vəsait hakim partiyanın maliyyə resurslarını və siyasi monopoliyasını gücləndirir. Parlamentdə və bələdiyyədə qazandığı hər yer üçün müxalifət partiyasına hakim partiyadan azı iki dəfə daha artıq vəsait ayrılmalıdır. Hər hansı dəyişiklik hakimiyyətin siyasətinə, dövlət orqanları qərarlarının hazırlanmasına, dövlət qurumlarının və rəsmilərinin fəaliyyətinə siyasi partiyaların təsir imkanlarını indiki ilə müqayisədə azaltmamalıdır. Siyasi partiya ard-arda iki dəfə ümumi parlament ya da ard-arda üç dəfə ümumi bələdiyyə seçkilərində namizəd irəli sürməkdən imtina etdikdə onun dövlət qeydiyyatı ləğv edilməlidir. Partiyanın sədri və ən yüksək rəhbər orqanına üzv olan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamalıdır.
Xəbər lenti
0