Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bayraktar: Əməkdaşlığın açarı və ya "nifaq alması"

© AFP 2023 / BIROL BEBEKBayraktar PUA-sı
Bayraktar PUA-sı - Sputnik Azərbaycan, 1920, 12.08.2022
Abunə olmaq
Türkiyənin Ukraynaya PUA-larının tədarükü nəzərə alınmaqla Rusiya ilə əməkdaşlıq edə bilərmi və Ukrayna ərazisində Bayraktar istehsalı üçün zavod yaratmağın Ankaraya sərfəli olub-olmaması barədə - Sputnik Azərbaycan-ın materialında.
BAKI, 12 avqust — Sputnik, Nadir Şəfiyev. Ukraynada Bayraktar döyüş PUA-larının istehsalı zavodunun tikintisi və eyni zamanda Rusiya ilə bu sahədə əməkdaşlıq iki tamamilə bir-birinə uyğun gəlməyən şeylərdir. Heç kimə sirr deyil ki, hazırda Rusiya və Ukrayna orduları qarşıdurmanın qaynar mərhələsindədir. Döyüşlər gedir, hər iki tərəfdən itkilər var və bölgəyə verilən hər yeni silah vəziyyəti daha da gərginləşdirir. Bu baxımdan münaqişə tərəfləri düşməni silahlandıran ölkələrə kifayət qədər qısqanclıqla baxırlar.
Məhz buna görədir ki, türk istehsalçısı "Baykar Makina"nın yaxın vaxtlarda Ukraynada "Bayraktar" pilotsuz uçan aparatlarının istehsalı üçün zavod tikmək niyyətində olduğu xəbəri Moskvanı narazı salıb. Ən yüksək səviyyədə dərhal reaksiya gəlib. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ərazisində belə bir zavodun tikintisinin mənfi nəticələri barədə xəbərdarlıq edib.
"Dərhal demilitarizasiya mövzusuna düşəcək belə bir obyektin yaradılması faktının özü, təbii - bunu başa düşmək lazımdır, əlbəttə ki, bu, ukraynalıların əzab – əziyyətlərini uzadacaq, lakin xüsusi hərbi əməliyyatın məqsədinin nədən ibarət olmasından qaçmağa kömək etməyəcək", - deyə Peskov jurnalistlərə bildirib.
Məsələyə bu qədər diqqət yetirilməsinin səbəbi nədir?
Sözügedən Bayraktar TB2-nin kifayət qədər yüksək hərbi potensiala malik döyüş pilotsuz təyyarəsi olmasından başlayaq. O, Vətən müharibəsində özünü yaxşı tərəfdən göstərib və Azərbaycan ordusunun qələbəsinə mühüm töhfə verib.
Daha sonra Bayraktar pilotsuz uçan aparatları Liviyada döyüş meydanında peyda olub. Güman edilir ki, onların sayəsində tərəflərdən biri hərbi əməliyyatların axarını döndərə bilib və irəliləyən düşmən qoşunlarını mühasirəyə alıb. Bundan sonra atəşkəs razılaşması əldə olunub.
Hazırda bu pilotsuz uçuş aparatları Ukrayna silahlı qüvvələri tərəfindən Ukrayna ərazisində döyüş əməliyyatlarında istifadə olunur. Ukrayna ordusunun əsgərləri hətta Bayraktara həsr olunmuş mahnı da bəstələyiblər.
Amma bu əməliyyat teatrında onların effektivliyi yuxarıdakı hallardan xeyli aşağıdır. Bunun səbəbi isə Rusiya qoşunlarının yüksək texnologiyalı hava hücumundan müdafiə sistemləridir. Bayraktarın ikinci Qarabağ müharibəsində S-300 və Pantsir kimi hava hücumundan müdafiə sistemlərini uğurla məhv etməsinə baxmayaraq, hərbi ekspertlər bunun daha çox xidmət personalının peşəkar keyfiyyətinin aşağı olması ilə bağlı olduğuna inanırlar. Qeyd edək ki, Ukraynada xüsusi əməliyyatın başlanmasından 3 ay sonra Rusiya mənbələri 90 Bayraktar PUA-nın məhv edildiyini bildiriblər.
Buna baxmayaraq, hazırda bu PUA-lar dünyada ən çox tələbat olan döyüş dronlarından biridir. Onlar Azərbaycanla yanaşı, Polşa, Ukrayna, Qətər, Liviya və Mərakeşin də silahlanmasında mövcuddur, apreldə isə Serbiya rəhbərliyi bu aparatları Türkiyədən almağı planlaşdırdığını açıqlayıb.
Türkiyənin siyasi dairələrində dəfələrlə qeyd olunub ki, Bayraktar həm də siyasi alətdir və Ankaraya tərəfdaş dövlətlərlə daha sıx əlaqələr qurmağa imkan verir. Kobud desək, Türkiyə bu dronları tədarük etməklə yeni dost qazanıb və ya dost ölkə ilə əlaqələri daha da gücləndirib. Yəni Ankara iqtisadi səmərə ilə yanaşı, həm də siyasi divident əldə edib ki, ekspertlərin fikrincə, hazırkı vəziyyətlə bağlı bunu demək mümkün deyil.
Bayraktarın istehsalına və sonradan ixracına başlanandan bəri Ankara ilk dəfə manevr və seçim etmək məcburiyyətində qalıb. Bir tərəfdən, NATO müttəfiqləri və digər Qərb dövlətləri tərəfindən təşviq edilən Ukraynaya dəstək, digər tərəfdən isə Rusiya iqtisadi, siyasi və hətta hərbi sahədə tərəfdaşdır. Hər iki tərəflə əməkdaşlığı davam etdirmək mümkün olacaqmı?
Ekspertlər hesab edirlər ki, Ukraynaya Bayraktar hərbi texnikasının, eləcə də Kirpi ("Еж") zirehli texnikasının çatdırılması istənilən halda Moskva tərəfindən mənfi qarşılanacaq. Baxmayaraq ki, hazırda Rusiyanın Türkiyəyə qarşı nəsə edəcəyi ehtimalı yoxdur. Onu xatırlatmaq kifayətdir ki, o, Ukraynada hərbi xüsusi əməliyyat kontekstində kollektiv Qərbin sanksiyalarına müqavimət göstərməyə məcburdur. Amma onun iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan, həm də əməkdaşlıq aksiomu olan uğurlu qarşılıqlı fəaliyyətin olmasına baxmayaraq bu məsələni mütləq nəzərə alacağı birmənalı deyil.
Moskva ilə Ankaranı nə bağlayır?
Türkiyənin maraqlarından başlayaq. Rusiya Türkiyəyə Ankaranın çox ehtiyacı olan S-400 hava hücumundan müdafiə sistemlərini verir. Axı, amerikalılar Türkiyə səmasını dost olmayan ölkələrin hücumlarından qoruya biləcək "Patriot" zenit-raket kompleksini verməkdən imtina ediblər. Bundan əlavə, Rusiya beşinci nəsil SU-57 qırıcılarının tədarükü məsələsini müzakirə etməyə razıdır. Və burada xatırlayırıq ki, türklər layihəyə on milyardlarla dollar sərmayə qoysalar da, amerikalılar Ankaranı öz F-35-lərinin hazırlanması və təchizatı proqramından kənarlaşdırmışdılar.
İqtisadi dillə desək, Rusiya mütəxəssisləri Türkiyədə ilk olan Akkuyu AES-i tikirlər. Hər il çoxlu sayda rusiyalı turist Aralıq dənizi sahillərinin müxtəlif kurortlarında istirahət edərək bu ölkəyə böyük mənfəət gətirir. Qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin işə salınması ilə külli miqdarda mallar Türkiyədən keçəcək ki, bu da beynəlxalq logistika mərkəzi kimi onun əhəmiyyətini daha da möhkəmləndirəcək.
Nəhayət, siyasi baxımdan, bütün yuxarıda deyilənləri, eləcə də avropalıların uzun illərdir Türkiyəni Avropanın bir hissəsi kimi tanımadığını, müxtəlif bəhanələrlə onun Aİ-yə üzvlüyünü əngəllədiyini nəzərə alsaq, siyasi baxımdan Rusiya Ankaraya beynəlxalq əməkdaşlıq üçün əlavə meydançalar açır. Bura Şanxay Əməkdaşlıq Təşkilatına və BRİKS-ə (Braziliya-Rusiya-Hindistan-Çin-Cənubi Afrika) mümkün üzvlük, eləcə də digər təşkilat və birliklərdə əməkdaşlıq daxildir.
Öz növbəsində Türkiyə Rusiyaya sanksiyaları yumşaltmaq imkanı verir. Rusiya qazının Avropaya ixracının çox çətin olduğu indiki vəziyyəti nəzərə alsaq, Türkiyə ərazisindən keçən qaz kəmərləri tam gücü ilə işləyir. Türkiyə Rusiyaya kənd təsərrüfatı məhsulları da tədarük edir. Üstəlik, Ankara bu gün Moskva ilə milli valyutalardan qismən istifadə etməklə ticarət etməyə razıdır.
Ekspertlərin fikrincə, bu cür qarşılıqlı faydalı əməkdaşlıqdan Türkiyə daha çox faydalanır. Amma... axı Rusiyanın Qərblə qarşıdurması gec-tez başa çatmalıdır. Onda Rusiya öz potensialını başqa ölkələrlə əməkdaşlığa yönəldə bilər ki, bu da öz növbəsində Türkiyə ilə ticarət dövriyyəsini azalda bilər. Bu da əlbəttə ki, Ankaranı sevindirməyəcək.
Yaxşı, Ukraynada hərbi zavod tikiləcək, yoxsa, yox? Bəs bu fonda Rusiya-Türkiyə münasibətlərinin perspektivi necə olacaq? Sual, təəssüf ki, ritorik deyil. Və cavabı yalnız zaman verəcək.
Xəbər lenti
0