Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bahalaşan və ucuzlaşan ərzaqlar - CƏDVƏL

© Sputnik / Murad OrujovBakıda supermarketdə alıcı
Bakıda supermarketdə alıcı - Sputnik Azərbaycan, 1920, 12.08.2022
Abunə olmaq
Ekspertin fikrincə, yaxın vaxtlarda Azərbaycanda bəzi ərzaqlar ucuzlaşacaq. Son ayda dünyada ərzaq qiymətləri kəskin aşağı düşüb. Daha ətraflı materialımızda
BAKI, 12 avqust — Sputnik. Azərbaycanda ötən ay ən çox bahalaşan və ən çox ucuzlaşan qida məhsulları bəlli olub.
Bu ilin iyul ayında ötən ilin iyul ayına görə ölkədə ərzaq məhsullarının qiyməti 20,3 faiz qalxıb. Bu ilin 7 ayında isə keçən ilin müvafiq dövrünə nisbətən ərzaq məhsullarının qiyməti 18,7 faiz artıb.
Ən çox yumurta bahalaşıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən ay iyun ayına görə ən çox bahalaşma toyuq yumurtasında (1,8 faiz artım) qeydə alınıb. Hazırda ağ toyuq yumurtası 13-14 qəpiyə, sarı toyuq yumurtası isə 20 qəpiyə satılır. Bundan öncə sarı toyuq yumurtası 16 qəpiyə idi. Ümumiyyətlə, son dövrlərdə yumurtanın qiymətində artım müşahidə edilir.
Ötən ay iyun ayına nisbətən ikinci ən çox bahalaşma qənd, cem, bal, şokolad və konfetlərin qiymətlərində olub - 1,4 faiz. Sonrakı yerlərdə isə kərə və bitki yağları (1,2 faiz artım), mineral sular, sərinləşdirici içkilər və şirələr (1,1 faiz artım), çörək, çörək məmulatları və yarmalar (1 faiz artım), süd və süd məhsulları (0,6 faiz artım), ət və ət məhsulları (0,4 faiz artım), çay, qəhvə, kakao, spirtli içkilər (0,2 faiz artım) gəlir.
Ən çox ucuzlaşma tərəvəzlərdə olub
İyul ayında iyun ayına görə ən çox ucuzlaşma isə tərəvəzlərdə qeyd alınıb. Belə ki, tərəvəzlərin qiymətləri 2,9 faiz aşağı düşüb. İyun ayında da may ayına nisbətən tərəvəzlərin qiymətində 13,8 faiz ucuzlaşma qeydə alınmışdı. Ötən ay meyvələrin qiymətində də ucuzlaşma baş verib - 0,9 faiz. Əvvəlki dövrlərdə isə ən çox bahalaşma meyvə-tərəvəzlərdə qeydə alınmışdı. Yay mövsümündə bu məhsulların qiyməti düşüb.
Cari ilin iyul ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, kolbasa məmulatlarının, mal, qoyun və toyuq ətinin, qatılaşdırılmış şəkərli südün, xamanın, yumurtanın, bitki yağlarının, limonun, pomidorun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, qəhvənin, mineral suların, kola içkisinin, limonadın, pivənin qiymətlərində olub.
Ucuzlaşma isə əsasən təzə balığın, bananın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, xiyarın, kələmin, bibərin, badımcanın, göy lobyanın, kartofun, çuğundurun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Son ayda dünyada ərzaq kəskin ucuzlaşıb
İqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında növbəti aylarda ölkəmizdə ərzaqların qiymətinin daha da bahalaşmasını gözləmir: "Əksinə nisbətən ucuzlaşma ola bilər. Dünyada ərzaq qiymətləri indeksi son 4 ayda ucuzlaşır. Son 1 ayda isə dünyada ərzaq qiymətlərində kəskin ucuzlaşma (8,5 faiz enmə) baş verib. Təkcə iyul ayında taxıl məhsullarının qiyməti 11,5 faiz, duru yağlar 19,2 faiz aşağı düşüb. Ət, şəkər, süd məhsullarında 2-3 faiz civarında ucuzlaşma qeydə alınıb. Ukraynadan taxıl ixracı üçün dəhlizin yaradılması taxılın və duru yağların ucuzlaşmasında böyük rol oynayıb. Bu, taxıl böhranını bir qədər yüngülləşdirəcək".
Yaxın vaxtlarda Azərbaycanda bəzi ərzaqlar ucuzlaşacaq
"Dünyada ərzağın ucuzlaşması Azərbaycanda daxili bazarda qiymətlərə dərhal təsir göstərmir. Bunun daxili bazarda qiymətlərə təsiri üçün bir neçə ay vaxt lazımdır. Dünyada ərzaq qiymətləri ölkə daxilində qiymətlərə təsir göstərir. Yaxın bir neçə ayda Azərbaycanda bəzi ərzaqların ucuzlaşacağını görə biləcəyik"-deyə ekspert əlavə edib.
Xatırladaq ki, cari ilin iyul ayında istehlak qiymətləri əvvəlki aya nisbətən 0,5 faiz, əvvəlki ilin iyul ayına nisbətən 13,7 faiz artıb.
Xəbər lenti
0