Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aldığınız mallara görə sizə daha çox ƏDV geri qaytarılacaq - FAİZ ARTIR

© Sputnik / Murad OrujovEedvgerial.az saytının istifadəçisi
Eedvgerial.az saytının istifadəçisi - Sputnik Azərbaycan, 1920, 11.08.2022
Abunə olmaq
Azərbaycanda nağdsız ödənişlərdə ƏDV geri al üzrə faiz artırılacaq. Nağd qaydada ödənişlərdə isə ƏDV üzrə faiz dərəcəsi aşağı salınacaq
BAKI, 11 avqust — Sputnik. "ƏDV geri al" layihəsi üzrə faizlər dəyişdiriləcək. Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir. Hazırda alıcılara geri qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.
Təklif edilir ki, nağdsız qaydada ödənilmiş ƏDV-nin 20 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizi müştəriyə geri qaytarılsın. Başqa sözlə, nağdsız ödənilmiş ƏDV 15 faizdən 20 faizə qaldırılır, nağd ödənilmiş ƏDV isə 10 faizdən 5 faizə endirilir. Vergi Məcəlləsinə dəyişikliyin gələn ilin yanvarında edilməsi nəzərdə tutulur.
Nağdsız alış-verişə daha çox ƏDV veriləcək, nağd alış-verişə isə az
Beləliklə, nağdsız ödəniş stimullaşdırılır. Təklif qəbul edilərsə, malları nağdsız alan alıcıya daha çox ƏDV qaytarılacaq. Malları nağd ödəniş edərək alanlara isə daha az ƏDV geri qaytarılacaq.
Dəyişiklikləri misallarla izah edək:
Hazırda alıcı ƏDV-li 100 manatlıq nağdsız qaydada mallar alırsa, ona 2 manat 28 qəpik geri qaytarılır. Təklif edilən dəyişiklik qüvvəyə minərsə, nağdsız qaydada 100 manatlıq alış-verişə görə, alıcıya 3 manat 5 qəpik qaytarılacaq. Bu, 77 qəpik artım deməkdir.
Digər bir misal - Hazırda nağdsız qaydada 500 manatlıq alış-verişdə 11 manat 44 qəpik geri qaytarılır. Əgər təklif qəbul edilərsə, nağdsız qaydada 500 manatlıq alış-verişə bundan sonra alıcıya 15 manat 25 qəpik qaytarılacaq. Bu da 3 manat 81 qəpik artım deməkdir.
Nağd qaydada ödənişlərə gəlincə, hazırda nağd qaydada 100 manatlıq məhsul alınırsa, 1 manat 52 qəpik müştəriyə qaytarılır. Təklif qəbul edilsə, 100 manatlıq malların alınmasına görə, alıcıya cəmi 76 qəpik geri qaytarılacaq. Beləcə, nağd formada alış-veriş zamanı alıcı daha az ƏDV alacaq.
İstehlakçılara 267,2 milyon manatdan çox ƏDV qaytarılıb
Qeyd edək ki, bu günədək alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,8 milyondan çox istifadəçi qeydə alınıb. "ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin iyulunadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 651.001.786 kassa çeki üzrə 267,2 milyon manatdan çox, təkcə bu ilin yanvar-iyun ayları ərzində isə 222.747.769 çek üzrə 95,3 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
ƏDV-nin qaytarılması yalnız yeni nəsil kassa aparatlarını ilə mümkündür
ƏDV-nin müəyyən hissəsinin qaytarılması üçün ilk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətlərdən yararlanan tərəf fiziki şəxs, satıcı və ya xidmət göstərən tərəf isə ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb olunmalıdır. Digər məqam satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsi ilə bağlıdır. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.
Xatırladaq ki, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq qurum müəyyən edir.
İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya əlavə olaraq POS-terminaldan çıxarış da verilməlidir.
Kommunal ödənişlər etmək mümkündür
İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləği müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər.
Xəbər lenti
0