Füsunkar Lahıc - reportaj
17:06 08.08.2022 (Yenilənib: 17:16 08.08.2022)
© Sputnik / Nigar IskanderovaLahıcda
© Sputnik / Nigar Iskanderova
Abunə olmaq
Yeddi dağın əhatəsində olan bu kəndin çay daşları ilə döşənən küçələrində şırıtlı ilə axan su insana bir başqa rahatlıq, zövq bəxş edir.
BAKI, 1 avqust — Sputnik. Girdman çayının sahilində, Böyük Qafqaz sıra dağlarının qoynunda yerləşən Lahıc qəsəbəsi öz əzəməti, əvəzsiz tarixi ilə turistləri özünə cəlb edir. Vətənimizin turizm mövsümündə gəzdiyimiz və turistlərə də yaxından tanıtmaq istədiyimiz dilbər guşələrdən biri məhz Lahıcdır.
Öncə qısaca da olsa, Lahıcın tarixi haqda məlumat verək:
Yeddi məhəllə, yeddi bulaqdan ibarət olan və yeddi dağın qoynunda yer salan Lahıc qəsəbəsinin adı ilə bağlı bir sıra fərziyələr var. Xalq arasında yayılan fərziyyələrə görə Lahıc sözünün etimologiyasının “Həcc yolu”, ”Daşlıq yer ”, “Böyük su kənarı”, “Köçməyənlər”, “Tayfa", "Ləhcə” və s. sözlərlə bağlı olduğu bildirilir. Bəzi mənbələrə görə Lahıcın əsası III-IV əsrlərdə, bəzi mənbələrə görə isə VI-VII əsrlərdə qoyulub. Qəsəbənin ətrafında tapılmış daş bıçaq və ox ucluqları, həmçinin gil qablar Lahıcda hələ qədim zamanlarda yaşayışın olmasından xəbər verir. Lahıclılar deyir ki, bu gün qəsəbə qəbiristanlığında olan I Keyxosrov və Bahadurşahın qəbirləri də qəsəbənin nə qədər qədim kökə malik olmasının bariz nümunəsidir.
Lahıca çatırıq
Qəsəbəyə giriş üçün yalnız iki avtomobil yolu mövcuddur. Bir qədər yol qət etdikdən sonra asfalt yol bitir, çox çətinliklə də olsa dəniz səviyyəsindən 1200-1500 m hündürlükdə olan Lahıca çatırıq. Əvvəlcədən sifariş etdiyimiz qonaq evlərinin birinə yerləşmək üçün də xeyli məsafə qət etməli oluruq.
Bu qədər yol qət etmələrinə rəğmən turistlər Lahıca gəlməyə peşman olmadıqlarını deyirlər. Burada hər şey təbiidir, daşlar da.
Sanki Lahıc sakinlər min illiklər boyunca buranın tarixini qorumaq üçün hər daşa belə həssas yanaşıb, onu qorumağa çalışıblar. Füsunkar təbiəti, gözəl iqlimi, çay daşları ilə döşənən yolları, məhəllələrin arasında şırıltı ilə axan suyu insanı bir başqa aləmə aparır.
© Sputnik / Nigar IskanderovaLahıcda
Lahıcda
© Sputnik / Nigar Iskanderova
Turistlər də bildirir ki, həqiqətən dincəlmək üçün Lahıca gəlmək kifayətdir. Azərbaycanın bir çox dilbər guşəsini gəzən turist Məhmməd İsmayılov deyir ki, Lahıc Qəbələ, Qax, Şəki kimi füsunkar təbiəti olan şəhərlərdən daha çox doğmalıq, rahatlıq bəxş edir və qədimiliyi özündə qoruyaraq saxlayır:
"Sanki burada hər şey yaradılışdan necə varsa, elədir. Elə bilirsən ki, min illər əvvələ səyahət edirsən, qədimliyə, tarixə toxunursan".
Dar küçələr boyunca şırıltı ilə axan suları ilə bir başqa göz oxşayan Lahıcın gözəlliyinə mozaik daşlar bir başqa rəng qatır.
İnsanların qazanc yerləri
Burada insanlar müxtəlif sənət növləri ilə məşğul olaraq həm çörək pulu qazanır, həm də qışa özləri üçün tədarük görürlər. Qışlıq məhsullar istehsal edən, müxtəlif növ turşular, mürəbbələr, lavaşlar, otlar satan kim, dəridən, yundan pul qazanan kim...
Çox zəhmətkeş olan lahıclılar həyətlərini parkinq ərazisi kimi icarəyə verməklə, özlərinin yaşadıqları evin bir hissəsini qonaqlara kirayəyə veməklə də bir təhər dolanmağa çalışırlar. Burada əcnəbilərlə müqayisədə yerli əhali üçün evlərin kirayəsi daha ucuzdur. Belə ki, booking.com saytında 50 manata təklif olunan evə görə ödəniş etdikdən sonra ev sahibi özü əlaqə saxlayaraq bildirir ki, qonaq gəldikdən sonra vəsaitin 10 manatı geri qaytarılacaq. Bununla da lahıclılar yerli əhaliyə qarşı nə qədər diqqətli olduqlarını göstərmiş olurlar.
© Sputnik / Nigar IskanderovaLahıcda
Lahıcda
© Sputnik / Nigar Iskanderova
Burada uşaqlar kiçik yaşlardan zəhmətin, alın tərinin nə olduğunu bilirlər. Balaca qız uşaqları analarına kömək üçün çələnglər hazırlayırlar. Balaca oğlanlar isə müxtəlif mis və digər məhsulların istehsalı prosesini öyrənmək üçün zamanlarının böyük hissələrini atalarının-babalarının yanında keçirirlər.
Burada demək oalr ki, hər bir evdə bir hansısa sənət, peşə yaşayır. Günlərlə, aylarla alın təri tökərək hazırladıqları sənət əsərlərini nümayiş etdirmək, ondan pul qazanmaq isə lahıclılara bir başqa zövq verir. Qəsəbə sakinlərinin əsas qazancı da elə buranın küçələrindən çıxır.
Müxtəlif sənət növləri ilə zəngin Lahıc
İsmayıllı rayonunun Lahıc qəsəbəsi hələ qədim zamanlardan müxtəlif sənətlərin, peşələrin ocağı olub. Hələ SSRİ dövründə Lahıcda 250-yə yaxın sənətkar emalatxanası, dükanı vardı. Qədim dövrlərdən Lahıc daha çox misgərliyin vətəni olaraq tanınıb. Lakin burada yalnız misgərlik deyil, digər sənət növləri də inkişaf edib. Əvvəlki illərlə müqayisədə burada bəzi sənət növləri unudulsa da, misgərlik, xalçaçılıq, dəmirçilik, bənnalıq, dülgərlik, dabbağlıq və s. kimi sənətlər yaşamaqdadır.
Misgərlik
Lahıc misgərlik sənəti 2015-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Artıq yüz illərdir ki, Lahıc mis məmulatların hazırlanma mərkəzi kimi məşhurdur. Burada istehsal olunan mis məmulatlar nəinki Azərbaycan, hətta bütün Qafqaz təmin edilərək İrana və Kiçik Asiyaya da ixrac edilib. Burada satışa çıxarılan mis məmulatların əksəriyyəti həkkaklar tərəfindən dekorativ naxışlarla bəzədilir.
© Sputnik / Nigar IskanderovaLahıcda
Lahıcda
© Sputnik / Nigar Iskanderova
Dabbağlıq
Misgərlikdən sonra burada ən məşhur sənət növlərindən biri də dabbağlıqdır. Lahıc ustaları qoyun, keçi və s. bu cür kiçikbuynuzlu heyvanların dərilərini aşılayaraq onlardan müxtəlif məmulatlar hazırlayırlar. Elə ən çox satılan məhsullar sırasında bu heyvan dərilərini görmək mümkündür.
Xalçaçılıq
Lahıcın qədim peşələrindən biri də xalçaçılıqdır. Lahıclı qadınlar evdə oturaraq öz dəzgahlarında xalçalarını toxuyub turistlərin daha çox olduğu aylarda küçələrdə satışa çıxarırlar. Gəzdiyimiz küçələrdə satış üçün çıxaırlan bu füsunkar xalçalar divarları bəzəyir.
Silah ustaları
Silahsazlıq isə Lahıcın ən qədim sənət növlərindən biri olub. Belə ki, orta əsrlərdə regionda ən keyfiyyətli xəncər və qılınclar Lahıcda hazırlanırmış. Bəzi rəvayətlərə görə hələ o zamanlar buradakı ustalar Dəməşq poladının hazırlanma üsulunu da biliblər.
Bu səbəbdən də XVII–XVIII əsrlərdə Lahıc soyuq silah hazırlanmasında görə xüsusi şöhrət qazanıb. XIX əsrdə isə Lahıcda 8 silah sexi fəaliyyət göstərib. Bəzi rəvayətlərə görə, hələ o dövrdə Rusiyanın Tula və İjevck şəhərlərindən olan silah mütəxəssisləri Lahıc ustalarının iş təcrübəsi və sənət sirlərini öyrənməyə maraq göstəriblər.
© Sputnik / Nigar IskanderovaLahıcda
Lahıcda
© Sputnik / Nigar Iskanderova
Ən yadda qalan hadisə
Yaşadığımız evin içində olan taxçalar daha çox diqqətimizi çəkir. Dağlıq qəsəbə olmasına baxmayaraq olduğumuz otaqda taxçada müxtəlif maraqlı kitablar var idi. Qonağı olduğumuz, bir günü birgə yaşadığımız ev sahibi isə gecə-gündüz nəvəsinə dərs öyrədir. Nəvəsi üçün ayırdığı otağı da bizə göstərir. Otaq müxtəlif növ kitablarla doludur.
Bəli, ucqar bir dağda yerləşməsinə baxmayaraq Lahıcda xüsusən də qadınların təhsilə bu qədər önəm verməsi ən çox diqqətimizi çəkən hal oldu.
Ev sahibi deyir ki, təhsil alaraq nə qədər xaricə gedib orada karyera, ailə quranlar var ki, onlar bir daha yaşamaq üçün Lahıca qayıtmır. Lahıcdan gənc yaşlarda çıxan bu şəxslər sonradan bura yalnız dincəlmək, təbiətin füsunkarlığından zövq almaq üçün isti yay aylarında üz tuturlar.