Qafqazın yeganə ipək istehsalı müəssisəsində nələr baş verir?
09:30 07.08.2022 (Yenilənib: 14:25 08.08.2022)
© Sputnik / Nigar IskanderovaŞəkidə xalça istehsalı
© Sputnik / Nigar Iskanderova
Abunə olmaq
Kələfin ucunu bir göz qırpımında tapan peşəkar qadınlar Qafqazın yeganə ipək istehsalı müəssisəsinin fədakarları sayılır.
BAKI, 7 avqust — Sputnik. Azərbaycan qədim zamanlardan bəri Şərqin ən böyük ipək istehsal edən ölkəsi kimi tanınıb. Azərbaycanda ipəkçiliyin əsas vətəni Şəki sayılır.
SSRİ dövründə, 1931-ci ildə Şəkidə yaradılan adı İpək Kombinatı, Azərbaycan müstəqillik əldə etdikdən sonra "Şəki İpək" Açıq Səhmdar Cəmiyyəti, hazırda isə "Azəripək" MMC adlanır. Bu gün orada nələr baş verir? Sputnik Azərbaycan araşdırıb.
Eramızın V-VI əsrlərində ipəkçilik istehsalat və ticarətdə mühüm yerlərdən birini tutub. Antik dövr alban tarixçisi Musa Kalankatlı özünün "Alban tarixi" kitabında Kür çayı sahillərində çoxlu tut ağacının bitdiyini, ondan, əsasən, ipək parça istehsalında xammal kimi istifadə olunan baramanı toxuyan ipəkqurdu yemi kimi istifadə edildiyini xüsusi vurğulayıb.
Şəki ipəyi isə nəinki indi, elə o dövrdə də böyük şöhrətə malik olub. Şəki ipəyindən çox gözəl, bəzəkli, naxışlı, zərif qadın baş örpəkləri istehsal olunub. SSRİ dövründə İpək Kombinatında yaradılan Elmi Mərkəzdə ipəkçiliklə bağlı tədqiqatlar aparılıb.
Yüksək tələblərə cavab verən tut ipəkqurdunun xətt, cins və hibridlərinin yaradılması qarşıya məqsəd qoyulub. SSRİ-nin bütün ipəkçilik rayonlarından, eləcə də xarici ölkələrdən ipəkqurdu toxumları gətirilib, damazlıq üçün baramalar seçilib götürülüb. Həmin cinslərin bioloji və texnoloji göstəriciləri müəyyən edilərək, çox yüksək keyfiyyətli xətlər gələcək cinsdaxili seleksiya işlərində tətbiq edilib.
© Sputnik / Nigar IskanderovaŞəkidə AZRİPEK Şəki Kəlağayısının hazırlanması
Şəkidə AZRİPEK Şəki Kəlağayısının hazırlanması
© Sputnik / Nigar Iskanderova
Son illərdə Şəkinin ipəkçilikdə qazandığı şöhrətini özünə qaytarmaq məqsədilə xeyli işlər görülür, müəyyən tədbirlər həyata keçirilir.
SSRİ dövrü ilə müqayisədə müəssisənin hazırkı fəaliyyəti belədir:
SSRİ dövründə üçnövbəli fəaliyyət göstərən müəssisədə hazırda birnövbəli iş rejimidir. SSRİ dövründən fərqli olaraq, hazırda müəssisədə çalışanların sayı 7-8 min deyil, 360 nəfərdir. Bunun da əsas səbəbi müəssisədə bir sıra istehsalat sahələrinin hazırda fəaliyyət göstərməməsidir. Belə ki, müəssisə hazırda Barama çeşitləyici sexi, Baramadan xam ipək açan istehsalat, Boyaq-bəzək istehsalatı, Toxucu istehsalatı.
© Sputnik / Nigar Iskanderova"Azəripək" MMC adlanan müəssisəndə
"Azəripək" MMC adlanan müəssisəndə
© Sputnik / Nigar Iskanderova
Burucu sexi, Xalça sexindən ibarətdir. Mövsümdə, yəni mayın əvvəlindən iyulun əvvəlinədək qəbul müəssisəsinə barama qəbul olunan kimi dərhal barama qurudan avadanlığa verilir ki, qurd boğulsun. Sonra o, qurudulur. Quruduqdan sonra əldə olunan xammal baramadan xam ipək açan istehsalata verilir və yalnız bir üsulla onun ipəyi açılır.
İpək sap istehsalı Burucu İstehsalat Sexinin rəisi Rasim Səmədov 43 ildir ki, bu vəzifədə çalışır. Rasim Səmədov deyir ki, barama istehsalından sonra əldə olunan xam ipək isladılır, o, nəm hala gətiriləndən sonra kələfdən mağaraya açılır.
© Sputnik / Nigar Iskanderovaİpək sap istehsalı Burucu İstehsalat Sexinin rəisi Rasim Səmədov
İpək sap istehsalı Burucu İstehsalat Sexinin rəisi Rasim Səmədov
© Sputnik / Nigar Iskanderova
Əldə olunan xammal mağarada kütləmə dəzgahlarına verilir və 3-5 saat ərzində cütlənir. Daha sonra onlara burğu verilir. Həmin burğu buxar qazanında bərkidildikdən sonra toxucu istehsalatına verilir. Burucu dəzgahının əsas mahiyyəti odur ki, 3 sapı birgə kipləsin.
Çünki ipəyin özü 26-28 faiz yapışqan maddə olan selisindən ibarətdir. Selisin buxarda boşalır, yumşalır və bir-birinə dolandırılan bir neçə sap kipləşir", - deyə o, əlavə edib.
Həmsöhbətimiz bildirir ki, bu saplar əsasən kəlağayı istehsalında istifadə olunur. Bundan başqa, burada təbii ipək xalçalar üçün də saplar istehsal edilir. Həmin ipək saplarla "Azərxalça"da müxtəlif növ məhsullar istehsal olunur.
© Sputnik / Nigar Iskanderova"Azəripək" MMC adlanan müəssisəndə
"Azəripək" MMC adlanan müəssisəndə
© Sputnik / Nigar Iskanderova
İstehsal gücü nə qədərdir?
İllik 9-10 ton burulmuş sap, aylıq 4 ton ipək istehsal olunur. İllik ipək istehsalı 32-40 tondur. Müəssisədə il ərzində 5200 kəlağayı istehsal olunur. Bu isə təxminən bir işçiyə gündəlik olaraq 15-20 kəlağayı deməkdir.
Həmsöhbətimiz qeyd edir ki, tələbatın az olması istehsal gücünə təsir edir. Əks halda, dünyadakı durğunluq səngiyərsə, infilyasiya aradan qalxarsa, müəssisə daha çox məhsul istehsal edə bilər.
Toxucu sexində kələğayı parçası hazırlanır
Burada isə kəlağayı parçasının necə hazırlanması ilə tanış olduq (İpək parçanın hazırlanması prosesi). Tələbata görə hazırda müəssisədə 94 dəzgahdan 24-də istehsal prosesi gedir. Saatlıq məhsuldarlıq 2 metr yarımdır. Ümumi olaraq desək, iki dəzgah gün ərzində 20 metr parça toxuyur. Daha sonra parça kəsilir, çeşidlənir, rənglənir və bəzədilmək üçün digər hissəyə təhvil verilir.
Marketinq şöbəsinin mütəxəssisi İlqar Ağayev isə bizə rənglənmə prosesi haqqında məlumat verərək bildirir ki, bəzi təbii rənglər hazır şəkildə Kaliforniyadan alınsa da, bəzi rənglər elə müəssisənin özündə istehsal edilir : "Bu rəngləri biz əsasən sarağan ağacından əldə edirik".
© Sputnik / Nigar IskanderovaŞəki Kəlağayısı
Şəki Kəlağayısı
© Sputnik / Nigar Iskanderova
Möhürlənmə prosesi - Parçada güllər
Əziyyətli işin ən əhəmiyyətli mərhələlərindən biri də möhürlənmə prosesidir. Belə ki, bu hissədə kəlağayı üzərinə müxtəlif naxışlı möhürlər vurulur. Möhür parafinlə qarışdırılan xüsusi məhlula batırıldıqdan sonra parçanın üzərinə vurulur, nəticədə bütün parça boyaya batırıldıqda həmin hissəyə rəng dəymir. Daha sonra isə qaynama-yuyulma prosesində parafinli məhlul yuyularaq çıxarılır və həmin möhürlənən hissələr ağ qalmaqla göz oxşayır.
İlqar Ağayev bildirir ki, kəlağayı istehsalı ilə əlaqədar müxtəlif vaxtlarda Türkiyə, İran, Rusiya, Ukraynadan sifarişlər gəlib. Sifarişdən asılı olaraq istənilən simvolun kəlağayıların üzərinə vurulması mümkündür.
Nəinki Azərbaycanda, hətta Qafqazda ipək istehsal edən yeganə müəssisə olan "Azəripək" MMC-nin ümumi ərazisi 11 hektardır, buradakı dəzgahlar mərhələli şəkildə yenilənir.
"İstehsalda sürəti artırmaq üçün mərhələli şəkildə dəzgahlar yenilənir. Qeyd edim ki, hazırda müəssisədə Almaniya, Fransa, Hollandiyanın müasir dəzgahları da var". – deyə müəssisənin mütəxəssisi əlavə edib.
© Sputnik / Nigar IskanderovaŞəkidə AZƏRİPEK Şəki Kəlağayısının hazırlanması
Şəkidə AZƏRİPEK Şəki Kəlağayısının hazırlanması
© Sputnik / Nigar Iskanderova
Burada istehsal olunan ipəyə heç bir qatqı qatılmır və bütün məhsullar tamamilə təbii rənglərlə hazırlanır.
Ümumi mühitin yaxşı vaxtları olub
İşçilərə gəldikdə, onlar o qədər peşəkardırlar ki, hətta gözüyumulu vəziyyətdə də kələfin ucunu tapa bilərlər. Burada gərgin işlə yanaşı 30-40 ilin dostluğunu da görmək mümkündür.
30-40 ildir ki, onlar gördükləri işdən bezmir, əksinə bundan daha böyük zövq alırlar. Belə bir mühitdə onlar bir-biriləri ilə söhbət edərək iş saatını xoş ovqatda başa vururlar.