CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dindarlar Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücumu pisləyiblər

© AFP 2023 / DANIEL LEAL-OLIVASLondon
London - Sputnik Azərbaycan, 1920, 05.08.2022
Abunə olmaq
Bakının Məşədi Dadaş Məscidində keçirilən Cümə xütbəsində Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücum pislənilib.
BAKI, 5 avqust — Sputnik. Özünü islamın müdafiəçisi kimi təqdim edən qrup üzərində islamın rəmzi olan bayrağı yerə atmaz.
Bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov deyib. O bildirib ki, ötən gün Londonda Azərbaycan səfirliyinə edilən hücum bu radikal qrupun mahiyyətinin nədən ibarət olduğunu göstərib:
"Onlar bu əməllərini dinlə əlaqələndirirlər, birbaşa dini şüarlardan istifadə edirlər. Guya dini müdafiə edirlər, amma tam əksinə, radikal qruplaşmaların elə birinci zərbə vurduğu dindir və dinin mahiyyətidir. Böyük dinlərin hamısına diqqət yetirdikdə, xüsusilə islam dininə nəzər saldıqda görürük ki, burada ifratçılığa yer yoxdur. Peyğəmbərlərimiz tövsiyələrində insanları radikallıqdan uzaq durmağa çağırır.
"Dözümlü ol ki, sənə qarşı da dözümlü olsunlar", - bu, peyğəmbərimizin məşhur hədisidir. Çox təəssüf ki, xüsusilə XX əsrdən başlayaraq islam dünyasında bu radikal qruplaşmalar peyda olmağa başladı. Onlar islamın gülən üzünü dünyaya çirkin şəkildə təqdim edirlər. Halbuki dinimizdə radikalizm rədd olunur. Hansı dini mətnlərdə yazılıb ki, başqasının dəyərlərinə hörmətsizlik et?"
Aqil Şirinov qeyd edib ki, radikal qrupun niyyəti başqadır, onlar öz radikal fikirlərini yaymaq istəyirlər:
"Mehdi xidmətçiləri" adlı radikal qruplaşmanın lideri Küveyt əsilli Yasir əl Həbibdir. Onların İngiltərədə bir məscidləri və "Fədək" adlı telekanalları var. Onlar bu kanal vasitəsilə mütəmadi olaraq məzhəb ədavəti yayırlar. Yaxın Şərqdəki məzhəb mübarizələrində belə qrupların rolu az deyil. Onlar guya Əhli-Beytin müdafiəçisi olduqlarını deyirlər. Əhli-Beyt dəyələrini tanıyanlar belə hərəkətə yol verməz. Əhli-Beyt islam dini içərisində birləşdirici ünsür olub. Azərbaycanda məzhəbindən asılı olmayaraq, hər zaman Əhli-Beytə hörmət olub. Onlar bu dəyərləri dünyanın gözündə dəyərsizləşdirməyə xidmət edirlər".
Bakının Məşədi Dadaş Məscidində keçirilən Cümə xütbəsində Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücum pislənilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənlinin vaizliyi ilə keçirilən xütbənin ikinci hissəsi ötən gün Londonda baş verən hadisəyə həsr olunub.
Onun sözlərinə görə, Azərbaycanın Britaniyadakı diplomatik nümayəndəliyinə qarşı vandalizm İslam dini ilə heç bir əlaqəsi olmayan rəftar və davranışdır:
"Baxmayaraq ki, hücumu təşkil edən məlum qruplaşmanın üzvləri bu hərəkətlərini dini şüarlar altında edirlər. Amma bu, dini hisslərin istismar edilməsidir. O insanların nə bir dini, nə bir məzhəbləri var. Onların fəaliyyətinə nəzər yetirəndə görürük ki, onlar fəaliyyətə başladığı ilk gündən dinlərarası, ənənəvi məzhəblərarası qarşıdurma yaratmaq istiqamətində çalışırlar. Çox güman ki, bu işləri xarici xüsusi xidmət orqanlarının sifarişi ilə həyata keçirirlər".
QMİ-nin səlahiyyətli nümayəndəsi hesab edir ki, onlar belə bir həssas dönəmdə - Məhərrəm ayı günlərində Azərbaycanda insanların dini hisslərinə toxunmağı qarşılarına məqsəd qoyurlar: "Məzhəb və dinlərarası münasibətləri korlamaq və ona zərbə vurmaq üçün bu addımları atırlar. Əminliklə deyirəm ki, bu kimi addımlar əvvəlcədən uğursuzluğa düçar olacaq. Azərbaycanın dini mühitində belə insanların hər hansı bir təsir imkanı yoxdur. Azərbaycanda ümumiyyətlə radikallığın sosial bazası yoxdur. Bəlkə də onlar bu ölkədə fəaliyyətlərini genişləndirə bilmədiklərinə görə öz aləmlərində Azərbaycandan qisas almağa, ölkəmizin imicinə zərbə vurmağa çalışırlar".
Hacı Şahin Həsənli vurğulayıb ki, Azərbaycan səfriliyinə hücum zamanı təhqir olunan bayraq uğrunda minlərlə insan canını fəda edərək şəhidlik zirvəsinə ucalıblar: "O bayrağın təhqir edilməsi Azərbaycan dövlətinin təhqir edilməsi ilə yanaşı həm də dinimizin, inancımızın təhqir edilməsi deməkdir".
Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin terror-təxribat əməlinə cavab olaraq bu günlərdə "Qisas" əməliyyatı həyata keçirdiyini xatırladan din xadimi bunun kimlərisə narahat edə biləcəyi ehtimalını səsləndirib:
"Ola bilər ki, "Qisas" əməliyyatı kimlərisə narahat edib. Belə bir mərhələdə dini hisslərə toxunmaqla Azərbaycanda hansısa bir qarışıqlıq yaratmağa cəhd göstərilib. Erməni teleqram kanallarında Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücum canfəşanlıqla paylaşılır. Yəqin ki, zaman göstərər ki, bu kimi addımlarda düşmən izi olduğu var. Ona görə də inanclı insanlar da bu kimi məsələlərdə ayıq-sayıq olmalıdırlar".
Xütbə Azərbaycanın Britaniyadakı səfirliyinə edilən hücuma həsr olunmuş mövzu ətrafında davam edib.
Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının üzvü Hacı Surxay Məmmədli də Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib. O bildirib ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə edilən hücum insanların dini inancına zərbədir. Hacı Surxay Məmmədli əlavə edib ki, diplomatik nümayəndəliyə qarşı vandalizm insanların narazılığına səbəb olub:
"Sözsüz ki, bu hallar hansısa bir təxribatçı qrupun din adından yalan şüuarların səsləndirməsinin nəticəsidir. Baş verənlər qəbuledilməzdir. Bu cür fikirlərin, şüuarların ifadə edilməsi insanlığa böyük zərbədir. Mən bu hadisəni qətiyyətlə pisləyirəm, yolverilməzdir".
Hacı Surxay qeyd edib ki, Azərbaycan bayrağının yerə atılması heç bir dini əqidəyə yaraşan hadisə deyil: "Çünki Azərbaycan bayrağının uğrunda on minlərlə vətən oğlu qəhrəmancasına vuruşub, qan töküb, şəhid olub. Belə bir addım heç bir dinə, əqidəyə yaraşan hadisə deyil. Bu hadisə eyni zamanda, bizim dövlətçiliyimizlə, insani dəyərlərimizlə ziddiyət təşkil edir".
London səfirliyində nə baş verib?
Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini dəstə hücum edib. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.
Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.
Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.
Xəbər lenti
0