Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Çörəyimiz bol olacaq - Buğdanın dövlət alış qiyməti artırılıb

© Photo : Ministry of Agriculture (Azerbaijan)Azərbaycanda taxıl biçimi
Azərbaycanda taxıl biçimi - Sputnik Azərbaycan, 1920, 02.08.2022
Abunə olmaq
Ekspertlər ərzaq buğdasının tədarük qiymətinin artırılmasını şərh ediblər. Fermerlər un dəyirmanlarına verdikləri ərzaq buğdasına görə əlavə olaraq məhsul subsidiyası da alacaqlar
BAKI, 2 avqust — Sputnik. Yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2022-ci il üçün 580 manat müəyyən edilib. Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, yerli ərzaqlıq buğda istehsalçılarının fəaliyyətinin stimullaşdırılması və onlara dövlət dəstəyinin göstərilməsi ilə əlaqədar Nazirlər Kabineti müvafiq sərəncam qəbul edib. Sənəddə ərzaqlıq buğdanın istehsal xərcləri (maya dəyəri) və istehsalçının mümkün qazancı nəzərə alınıb. Fermerlərimiz bundan sonra Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri ərzaqlıq buğdaya görə əlavə olaraq məhsul subsidiyası da alacaqlar.
Bu il buğdanın kiloqramının 58 qəpikdən alınması müsbətdir
Məsələ ilə bağlı aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a açıqlamasında, atılan addımları müsbət qiymətləndirib: "Tədarük qiymətindən əlavə məhsul subsidiyasının da verilməsi fermerlərin gəlirlərini artıracaq. Bundan başqa, fermerlərə hər hektara görə əkin subsidiyası da verilir. Fermerlər daha çox ərzaqlıq buğda istehsalında maraqlı olacaqlar. Bu il buğdanın kiloqramının 58 qəpikdən alınması müsbətdir, keçən il bu rəqəm aşağı idi. Hazırda bazarda bir ton buğdanın qiyməti təxminən 550-600 manatdır. Lakin düşünürəm ki, qış aylarında buğdanın kiloqramı 80 qəpikdən aşağı olmaz".
Keyfiyyətli toxumluq buğdalar əsasən Rusiyadan və Türkiyədən ölkəmizə gətirilir
Ekspert bildirib ki, bu buğdanı əkmək üçün bahalı toxumlar almaq lazımdır: "Keçən il toxumların kiloqramı 1 manat - 1 manat 20 qəpik arasında idi. Bu il isə toxumların qiyməti keçən ilə nisbətən bir qədər baha olacaq. Keyfiyyətli toxumluq buğdalar əsasən Rusiyadan və Türkiyədən ölkəmizə gətirilir. Burada məhsuldarlıq vacib məsələdir. Əvvəllər bir hektardan 2 ton buğda götürürdülər. İndi isə hektardan 7-10 ton buğda götürənlər var. Ümumiyyətlə, bir hektardan 5 ton buğda götürmək böyük uğurdur".
Buğdanın dövlət alış qiyməti 50 faizə yaxın artırılır
Deputat Vüqar Bayramov da bildirib ki, son illər dövlət tərəfindən buğdanın alış qiymətində artımlar müşahidə olunur: "Buğdanın hər tonuna görə dövlət fermerlərə son illər daha çox vəsait ödəyir. Belə ki, ötən il ilə müqayəsədə buğdanın dövlət alış qiyməti 14 faiz artırılır. 2021-ci ildə 1 ton buğdaya görə 500 manat ödənilirdi. 2020-ci ildə bu göstərici 380 manat, pandemiyadan əvvəlki il isə 300 manat olub. Bütövlükdə, 2019-cu illə müqayisədə buğdanın dövlət alış qiyməti bu il 50 faizə yaxın artırılır. Bu qərar taxıl yetişdirilməsinə marağı daha da artıracaq".
Ötən il idxal buğdanın qiyməti 30 faiz bahalaşıb
Deputat qeyd edib ki, rəsmi statistikaya görə, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Azərbaycanda buğdaya olan tələbin 40 faizi idxal hesabına ödənilir. İllik buğda idxalımız 1 milyon tondan çoxdur. Ötən il idxal etdiyimiz buğdanın qiyməti təxminən 30 faiz bahalaşıb. Buna görə də ən uyğun yol idxaldan asıllığın aradan qaldırılmasıdır.
O vurğulayıb ki, 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi olsa da artımlar müşahidə edilməkdir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhfə verəcəyi gözlənilir.
Digər məqsəd çörəyin qiymətini optimal saxlamaqdır
Deputat əlavə edib ki, son qərarın buğda ehtiyatlarımızın artırılmasına müsbət təsir edəcəyi gözlənilir: "Bununla yanaşı, yaxın illər üçün yeni idxal mənbələrinin tapılması da çox vacibdir. Taxıl ehtiyatlarının artırılmasında digər məqsəd çörəyin qiymətini optimal saxlamaqdan ibarətdir. Dünya bazarında taxılın qiymətindəki artımlar idxal inflyasiyası yaradır. Nazirlər Kabineti isə antiinflyasiya tədbirləri çərçivəsində dünya bazarındakı qiymət artımlarının təsirlərini minimumlaşdırmağa çalışır. Aydındır ki, çörəyin qiymətinin optimal olması üçün ən uyğun yol idxaldan asılılığın azaldılmasıdır".
İdxal buğdanın qiyməti 550-600 manata başa gəlir
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadə də bildirib ki, bu, mövcud bazar konyunkturasına uyğun müəyyənləşdirilmiş qiymət səviyyəsidir: "Rusiya, Qazaxıstan, Ukraynadan idxal etdiyimiz buğdanın qiyməti ölkəyə 550-600 manata başa gəlir. Bu da bir növ daxili bazarda qiyməti formalaşdırmış olur. Bu yanaşmaya uyğun olaraq da yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 580 manat müəyyən edilib. Bu, yeni yaradılmış bir mexanizmdir".
Qeyd edək ki, Dövlət Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2022-ci ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli yerli ərzaqlıq buğdanın tədarükünü elan edib.
Agentlik 2022-ci il 1 avqust tarixindən 2022-ci il 1 sentyabr tarixinə kimi yerli buğda istehsalçılarından bir tonunun dövlət tədarük qiyməti 2022-ci il üçün 580 manat olmaqla yerli buğda qəbul edəcək. Keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən yerli ərzaqlıq buğda qəbul edilməyəcək.
Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (saat 9:00-dan 18:00-a kimi):
"Səngəçal Taxıl Elevatoru": Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Salyan şossesinin 51-ci kilometrliyi, tel: 050-496-45-45;
"Gəncə Taxıl Elevatoru": Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi 20, tel: 050-660-39-03;
"Abşeron Taxıl" MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi 129, tel: 051-205-45-89;
"Giləzi – Yem" ATSC: Xızı rayonu Giləzi kəndi, tel: 050-220-40-40;
"Aveta" MMC: Kürdəmir rayonu, Bakı prospekti 6, tel: 050-200-11-97;
"Karat Holding" MMC-nin Şəki şöbəsi: Şəki rayonu, Göybulaq kəndi, tel: 050-613-53-69;
"Dəvəçi-Dəyirman" MMC: Şabran şəhəri, Nizami küçəsi 1, tel: 050-213-97-67.
Fermerlərə məhsul subsidiyası da veriləcək
Xatırladaq ki, Prezident İlham Əliyev "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən, fermerlərə hər hektara görə əkin subsidiyasından əlavə məhsul subsidiyasının verilməsi də nəzərdə tutulur. Bununla yanaşı, bu fərman ərzaqlıq buğdanın əkilməsi üçün müasir suvarma sistemlərinin tətbiqini təşviq edəcək.
Hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət alış qiyməti müəyyən ediləcək
Nazirlər Kabineti ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən edəcək. Eyni zamanda, Dövlət Statistika Komitəsi Azərbaycana idxal edilən ərzaqlıq buğdanın qiymətini əsas götürərək hər ay üçün orta idxal statistik göstəricini elan edəcək.
Aqrar sahəyə dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir
Fərmanda deyilir ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Bu məqsədlə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir və beynəlxalq təcrübəyə əsaslanan yeni dəstək tədbirləri həyata keçirilir.
Xəbər lenti
0