CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətən müharibəsi qazisinin köməyə ehtiyacı var - FOTO

© Photo : courtesy of Mehman DadaşovQazi Mehman Dadaşov
Qazi Mehman Dadaşov - Sputnik Azərbaycan, 1920, 31.07.2022
Abunə olmaq
İkinci qrup Qarabağ müharibəsi əlili, Xüsusi Təyinatlı Qüvvələrin giziri ipoteka kreditini ödəyə bilmir.
BAKI, 31 iyul — Sputnik. Vətən müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin giziri, 2-ci qrup Qarabağ əlili Mehman Dadaşov ipoteka kreditini ödəməkdə çətinlik çəkir. Bu barədə Sputnik Azərbaycan-a müraciət edən qazinin özü deyib. M. Dadaşov bildirib ki, 2011-ci ildə Sumqayıt şəhərində ipoteka krediti ilə mənzil alıb. O, ödənişi hər zaman vaxtı-vaxtında ödəyib. Lakin 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə cəbhədə yaralanıb. Bundan sonra qazimizin ipoteka kreditini ödəməsində çətinlik yaranıb. M. Dadaşov bildirib ki, xeyirxah insanların sayəsində ipoteka kreditinin əhəmiyyətli hissəsi ödənilib: " İpoteka krediti üzrə ilkin borcum 28 700 manat idi. Hazırda qazimizin 4 min manat civarında kredit borcum var".
Mehman Dadaşov 2009-cu ildən xüsusi təyinatlılarda xidmət edib. O, dəfələrlə xüsusi hərbi əməliyyatlara qatılıb, 2016-cı ildəki aprel döyüşlərinin iştirakçısıdır. 2020-ci il sentyabrın 27-dən Füzuli və Cəbrayıl istiqamətində döyüşüb. "Cəbrayılın azad edilməsinə görə" medalı ilə təltif edilib: " 2020-ci ilin oktyabrında minaatan atəşi nəticəsində qəlpə yarası aldım, lakin buna baxmayaraq döyüşü davam etdirdim. Az sonra ayağımdan da güllə yarası aldım. Müalicə üçün Füzuli rayonundakı xəstəxanaya, sonra Beyləqana, oradan isə Şirvan rayonuna göndərildim. Uzun müalicədən sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına təyinat aldım və 2021-ci ilin mart ayında hərbi həkim komissiyasının qərarı ilə ehtiyata buraxıldım. Mən Buzovnadakı Tibbi Bərpa Mərkəzində, həmçinin Sumqayıtda "Unikal" klinikasında müalicə almışam. Tibbi-sosial ekspert komissiyası mənə səhhətimə görə işləməyə əks-göstəriş olan II qrup əlillik təyin etdi. Mənə qapalı kəllə-beyin zədəsi, kontuziya, amneziya, həmçinin sol ayağın sinirlərinin və qan damarlarının sıxılması nəticəsində aşağı ətrafın sıxılma-işemik neyropatiyası fonunda astenik nevroz sindromu diaqnozu qoyuldu. Mən hazırda çətinliklə hərəkət edirəm. Biz ailədə səkkiz nəfərik: anam, həyat yoldaşım, iki uşağım, boşanmış bacım və onun iki övladı. Atam həyatda yoxdur. Hamımız bir evdə yaşayırıq. Evdə tək gəliri olan şəxs kimi əlilliyə görə müavinət və sığorta müavinətləri alıram. Ancaq bu gəlir yalnız böyük bir ailəni dolandırmaq üçün kifayət edir. Başqa gəlir yerimiz yoxdur. Kreditimi qaytara bilmirəm. Kiçik qızım epilepsiyadan əziyyət çəkir və onun müalicəsinə də müəyyən məbləğ xərcləmək məcburiyyətindəyəm".
Qazi qeyd edib ki, onun mənzili ipotekaya götürüdü Bank Standart ləğv olunub. Hazırda kreditini Kapital Bank-a ödəyir.
Sputnik Azərbaycan qazininin problemi ilə bağlı "YAŞAT" Fonduna müraciət edib. Fonddan Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, qazi Mehman Mirağa oğlu Dadaşovun "YAŞAT" Fonduna məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 2021-ci ilin 5 iyul və 2021-ci ilin 11 oktyabr tarixlərində daxil olan müraciətləri təmin olunaraq ümumilikdə 5000 AZN vəsait onun bank hesabına köçürülüb.
Ödənişi təsdiq edən sənədlər: https://api.yashat.gov.az/api/v1/Apply/public/final-document/10483 https://api.yashat.gov.az/api/v1/Apply/public/final-document/17597
Qazimiz 2022-ci ilin 8 fevral tarixində Fondun 8110 Çağrı mərkəzinə daxil olan zəngində ipoteka kreditinin qarşılanmasını istədiyini bildirib. "YAŞAT" Fondunun yaradılması haqqında Fərmana əsasən Fond şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin ödənilməsini həyata keçirir. Bu barədə vətəndaşa müraciəti zamanı ətraflı məlumat təqdim olunub. api.yashat.gov.az".
Fondun açıqlamasından belə məlum olub ki, qazilərin yalnız istehlak kreditləri "YAŞAT" Fondu tərəfindən ödənilir. Buraya ipoteka krediti daxil deyil.
Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda ipoteka kreditini ödəyə bilməyən qazilərin sayı çoxdur. Amma qanunvericilik onların ipoteka kreditinin dövlət tərəfindən, yaxud da "YAŞAT" Fondu tərəfindən ödənilməsinə imkan vermir: "Bu çox ciddi problemdir. İkinci Qarabağ müharibəsində yaralanaraq əmək qabiliyyətini itirən qazilərimiz gözlərini əlillik müavinətinə dikib. O pul isə onların dərmanlarını qarşılamır. Ailənin dolanışığı, qazilərin müalicə xərclərinin üzərinə kredit ödənişi də gəldikdə sağlamlığını itirmiş qazilərimizin həyat şəraiti çətinləşir. Onlar bilmirlər aldıqları müvinətdən ailəni dolandırsınlar, dərmanlarını alsınlar, yoxsa kedit ödəsinlər. Çox təəssüf ki, qanunvericilikdə qazilərin ipoteka kreditinin dövlət hesabına ödənilməsi yer almayıb. Amma nəzərə almaq lazımdır ki, qazilər sağlamlıqlarını torpaqlarımızın ərazi bütövlüyünü qoruyarkən itiriblər. Onlar müharibədə iştirak etməsəydilər həmin məbləği işləyərək ödəyə bilərdilər. Müharibə onların əmək qabiliyyətini əllərindən alıb. Dövlətimiz bunu nəzərə almalıdır. Müharibədə əlil olan qazilərimizin ipoteka borcu dövlət tərəfindən ödənilməlidir. Millət vəkilləri bu məsələni qanunvericiliyə salmalıdırlar. Qazilər ipoteka borclarını ödəmək üçün heç kəsə əl açmamalıdır. Onlar bu Vətən, dövlət qarşısında borclarını yerinə yetirərək qəhrəmancasına düşmənlə döyüşüblər. İndi dövlət onların qarşısında borucunu yerinə yetirərək ipoteka kreditlərini bağlamalıdır. Yaxud da "YAŞAT" Fondunun nizamnaməsində dəyişiklik edilərək qazilərin istehlak kreditləri ilə yanaşı ipoteka kreditləri borclarının ödənilməsi öz əksini tapmalıdır".
Millət vəkili Aqil Abbas Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan müharibədən çıxmış dövlətdir. Bununla belə qazi və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün əlindən gələni edir. A. Abbas bildirib ki, qazilərin ipoteka kreditinin ödənilməsi məsələsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxardıla bilər.
Qeyd edək ki, Mehman Dadaşovun adına bank kartı nömrəsi aşağıdakı kimidir: ABB BANK 5522 0993 1347 8182
Əlaqə nömrə:+994555176252 Mehman
Xəbər lenti
0