Tbilisidəki görüşdə gözlənilən nəticələr əldə olunmadı - Politoloq
© Photo : From personal archives of the İlyas Huseynovİlyas Hüseynov
© Photo : From personal archives of the İlyas Huseynov
Abunə olmaq
İlyas Hüseynov telefon danışığı zamanı haqqında danışılan Tbilisi görüşünün daha məhsuldar olacağının gözlənildiyini bildirib.
BAKI, 26 iyul — Sputnik. İyulun 25-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Prezident İlham Əliyev telefon danışığı zamanı Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirib.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini formalaşdırıb və Ermənistan tərəfindən də eyni addımın atılmasını gözləyir.
Sputnik Azərbaycan telefon danışığında müzakirə olunmuş məsələlərlə bağlı politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
© Photo : MFA AzerbaijanAzərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü, arxiv şəkli
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü, arxiv şəkli
© Photo : MFA Azerbaijan
Politoloq telefon danışığı zamanı sözügedən Tbilisi görüşünün daha məhsuldar olacağının gözlənildiyini bildirib:
"Bu gorüşə qədər Azərbaycan və Ermənistan XİN rəhbərlərinin telefon danışığı baş tutmuşdu. Bu, çox müsbət hal kimi qiymətləndirilməlidir. Lakin Tbilisidəki görüşdə gözlənilən nəticələr əldə olunmadı. Xüsusilə ABŞ və Avropa İttifaqı tərəflər arasında birbaşa danışıqların baş tutmasının tərəfdarı kimi çıxış edirdi. Çünki kənar vasitəçilər hər zaman öz maraqlarından çıxış edərək prosesdə iştirak edirlər".
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunda təmsil olunan hər üç ölkə prosesdə öz maraqlarından çıxış edərək təmsil olunublar:
"Azərbaycan və Ermənistan arasında baş vermiş bu danışıqlar sülh müqaviləsinin ilkin razılaşdırılması kimi də qiymətləndirilə bilər. Hazırda iki ölkə arasında müxtəlif siyasi danışıqlar keçirilir. Bunun bir hissəsini iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması, digər bir hissəsini sərhədlərin delimitasiyası və demarkasiyası təşkil edir".
Politoloq hesab edir ki, Ermənistanın sülh danışıqları ilə bağlı təklifləri hazırkı geosiyasi reallıqlarla uyğunluq təşkil etmir: "İstənilən halda Azərbaycan gərginliyin aradan qaldırılması, problemlərin həlli üçün diplomatik danışıqları rədd etmir. Qlobal səhnədə Rusiya və ABŞ konfrontasiyasının olması isə hər kəsə bəllidir".
"ABŞ regionda sülh quruculuğu prosesində iştirak etməklə prosesə öz töhfəsini verməyə çalışır. Bu həm də Azərbaycanın zəngin karbohidrogen ehtiyatları ilə bağlıdır. Regionda sabitliyin bərqərar olması enerji nəqli imkanlarının genişləndirilməsi üçün də əhəmiyyət kəsb edir", – deyə politoloq əlavə edib.
Qeyd edək ki, Azərbaycanın və Ermənistanın rəsmi nümayəndələri iki ölkə liderlərinin görüşü ilə bağlı danışıqlar aparırlar. Bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri, hakim "Vətəndaş müqaviləsi" partiyasının idarə heyətinin üzvü Eduard Ağacanyan keçirdiyi brifinqdə bildirib.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan sonuncu dəfə mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar aparıblar.
Mayın 23-də dövlət başçıları sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə komissiyaların yaradılması haqqında fərmanlar imzalayıblar. Azərbaycan tərəfindən komissiyaya baş nazirin müzvini Şahin Mustafayev, Ermənistan tərəfindən isə komissiyaya baş nazirin müavini Mqer Qriqoryan rəhbərlik edir. Komissiyaların ilk iclası mayın 24-də iki ölkənin sərhədində baş tutub.