Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Oğlu ilə eyni gündə vəfat edən sənətkarın anım günüdür

© Photo : From the personal archive of Shafiga AkhundovaŞəfiqə Axundova
Şəfiqə Axundova - Sputnik Azərbaycan, 1920, 26.07.2022
Abunə olmaq
Şəfiqə Axundova 2013-cü ilin iyul ayının 26-da, oğlu Talehdən beş il sonra, onunla eyni gündə dünyasını dəyişib. Bu gün həm də Şəfiqə xanımın oğlu Taleh Hacıyevin anım günüdür.
BAKI, 26 iyul — Sputnik. Bu gün Xalq artisti, bəstəkar Şəfiqə Axundovanın anım günüdür. Onlarla böyük əsərlərin müəllifi olan Şəfiqə xanım 1924-cü ilin yanvarın 21-də Şəkidə anadan olub. Həmin gün bolşeviklərin lideri, Lenin dünyasını dəyişib. Qızı dünyaya gətirən ana bir də baxıb ki, bayaqdan ətrafına toplaşan qohum-əqrəbadan başının üstündə bircə nəfər qalıb. Camaatın hara yox olduğunu soruşduqda isə, məlum olub ki, hamı Leninlə vida mitinqinə gedib. Ana üzünü çevirib yanındakı körpəsinə belə deyib: "Can bala, nə pis gündə dünyaya gəldin?!".
Sanki anasının dediyi bu sözlər onu ömrünün sonuna qədər izlədi...
Sənət yoldaşları həm bəstəkar, həm də qayğıkeş insan olan Şəfiqə Axundova ilə bağlı xatirlərini Sputnik Azərbaycan-la bölüşüblər.
Əməkdar atrist Aybəniz Haşımova bildirir ki, Şəfiqə xanım sirr saxlayan insan olub. Elə bütün sirlər də onunla birlikdə məzara gedib:
"Hərdən düşünürəm ki, ilahi, insan necə müdrik olmalıdır ki, hər kəslə dost ola bilsin. Şəfiqə xanım hər yaşda olan insanla dostluq edə bilirdi. Bildiyiniz kimi, Şəfiqə xanım Üzeyir bəyin tələbəsi olub. Çox kasıb yaşayıb. Üzeyir bəyin övladı olmadığına görə, tələbələrini öz övladı qədər sevib. Şəfiqə xanım danışırdı ki, paltosu köhnə olub. Üzeyir bəy onun cibinə xəlvətcə pul qoyub. Sonra Üzeyir bəyin xanımı zəng edib deyib ki, əynindəki paltar sənə çox yaraşır, amma sən get başqasını da al... Başqa bir xatirəsində də deyirdi ki, Üzeyir bəy həmişə deyirmiş ki, "heyf əməyimdən". Mən Şəfiqə xanımdan soruşurdum ki, axı niyə Üzeyir bəy elə deyib. Onu bu sözü deməyə nə vadar edirdi? Baxırdı üzümə, heç nə demirdi".
Haşımova dahi bəstəkar haqqında xatirlərini bölüşərkən bildirdi ki, sənətkar bütün dərdlərinə rəğmən, zarafatından da qalmazmış:
"Danışırdı ki, "bir gün başıma şlyapa taxıb getdim Şəkiyə. Şlyapa da çox böyük idi, üzüm görünmürdü. Yolda oturan oğlanlar məni görüb, söz atdılar ki, özündən qabaq gələn şlyapalı qıza bax".
Aybəniz xanım deyir ki, Şərqin nəğməkar qızı olduqca qayğıkeş olub:
"Atam vəfat edəndə Şəfiqə xanım mənə çox dəstək oldu. Bilirdi ki, mən atama bağlı insan olmuşam. Ona görə də hər gün gəlirdi, ta gecəyə qədər yanımda otururdu. Yaşadığım faciələrdən xəbərdar idi".
Aybəniz xanım Axundovanın bir çox mahnılarına müraciət edib. Müğənninin dediyinə görə, çox insan "Lay-lay" mahnısını xalq mahnısı hesab edir. Amma analarımızın, nənələrimizin oxuduğu, hamının bildiyi "Lay-lay" Şəfiqə xanımın əsəridir:
"Nədən oldu" mahnısının müəllifi Şəfiqə xanım olduğunu bilmirdim. Şəfiqə xanıma dedim ki, mən bir mahnı var, onu türk dilində eşitmişəm, İbrahim Tatlısəs oxuyub. O qədər xoşum gəlir ki... Amma hiss edirəm ki, bu bizim bəstəmizdir. Dedi "bir oxu görüm, hansı mahnıdır o". Mən oxuyanda ağladı. Dedi - "o mənim mahnımdır". İnanın ki, mən hələ də xəcalət çəkirəm. O qədər utandım ki... Çalışırdım hər yerdə o mahnını oxuyum ki, günahımı yuyum".
Aybəniz xanım Şəfiqə Axundovanın ömrünün son anlarını ürək yanğısı ilə xatırlayır:
"Şəfiqə xanım Şəkidə yıxılıb, onurğa sümüyü qırılmışdı. Onun bacısı mənə zəng etdi ki, "vəziyyəti çox ağırdır. "Semaşko"ya (1 saylı Kliniki Tibbi Mərkəz) gətirmişik, heç kəs ona yaxın durmur". Mən təcili Qənirə Paşayevaya zəng elədim. Qənirə xanımla birlikdə getdik ora. Biz ora gedənə qədər Qənirə xanım Heydər Əliyev fonduna xəbər vermişdi. Anar Ələkbərov birbaşa Şəfiqə xanımın yanına getmişdi. Onlar Anar müəllimi görəndə əl-ayağa düşmüşdülər. Daha sonra biz gedib çatdıq. Amma artıq iş işdən keçmişdi, onun sağalmaq ehtimalı yox idi. Bir müddət sonra bacısı bizə xəbər etdi ki, Şəfiqə xanım vəfat edib. Mən eşidən kimi qaçdım xəstəxanaya. Çox dəhşətli bir mənzərə ilə qarşılaşdım. Baxdım ki, Şəfiqə xanımın cənazəsi xərəyin üstündə xəstəxananın dəhlizindədir. Dəhşətə gəldim. Oradakı həkimləri heç vaxt bağışlamayacağam. Belə bir dahi insanı necə sayılmaz, yiyəsiz kimi ortada saxlamaq olar? Orada haray saldım ki, onun arxasında varlı oğlu yoxdur deyə, onu ortalıqda qoymalısınız?
Bir anlıq özümü düşündüm ki, deməli mən də belə olacağam? O hadisədən sonra mən vəsiyyət etdim ki, mən öləndə heç kimə deməyin. Belə çıxır ki, mən də öləndə, maddi baxımdan zəif olsam, ortalıqda qalacağam. Bilirsiniz, Şəfiqə xanım da kef içində yaşaya bilərdi. Amma o xalqını düşündü. O bu xalqa bir sərvət – sənət sərvəti bağışladı. Ona qarşı bu hörmətsizlik olmamalı idi".
Xalq artisti Gülyanaq Məmmədovanın isə Şəfiqə Axunodva ilə tanışlığı 1994-95-ci illərə təsadüf edir:
"Şəfiqə xanım özü Gülyaz xanımla məni axtarıb yubileyinə dəvət etmişdi. Ondan sonra bizim aramızda ana-bala sevgisi yarandı. Bu münasibət o dünyasını dəyişənə qədər davam etdi. Oğlu Taleh də bizə "bacı" deyirdi. Həmişə gedirdik, Taleh də çox yaxşı insan idi".
Şəfiqə xanım xüsusi olaraq Gülyanaq xanım üçün mahnılar bəstələyib. Hətta onun bir klipində rol da alıb:
"Gəl ey səhər", "Ana", "İnsan olaq", "Bu dünyanı düşün" kimi əsərlərini Gülyaz xanımla mən oxumuşuq. "Gəl ey səhər" mahnısına çəkilmiş klipdə də çəkilib. "Bu dünyanı düşün" mahnısını təəssüf ki, özü dinləyə bilmədi".
Gülyanaq xanım vurğulayır ki, Şəfiqə xanım bütün çətinliklərə, ağrı-acılara baxmayaraq ömrünün sonuna qədər bər-bəzəyindən qalmayıb:
"O qədər xanım-xatun, səliqəsinə-səhmanına fikir verən idi ki... Xəstə olduğu halda, heç kəs onu makiyajsız, zinət əşyalarsız görə bilməzdi. Onun çox gözəl rəqs bacarığı var idi. Mənə deyirdi xanım bax belə oynamalıdır".
G.Məmmədova əlavə edir ki, onlar həmişə öz aralarında doğma Şəki ləhcələrində danışıblar:
"Müsahibələrdə, rəsmi tədbirlərdə ləhcəsiz danışsa da, üçümüz bir araya gələndə həmişə Şəki ləhcəsində danışırdıq".
Gülyanaq xanım bildirir ki, oğlu Taleh bəstəkarın ən ağrılı yeri olub:
"Bir övladın ola, o da xəstə ola. Ana üçün bundan böyük dərd ola bilməzdi. Şəfiqə xanım ölənə qədər onu körpə uşaq kimi bəsləyirdi. Çox istəyirdi ki, oğlunu evləndirsin. Ona görə də o, bacısı Rəfiqə xanımın gəlinini Sveta xanımı özünə gəlin bilirdi. O gəlin də Şəfiqə xanıma çox qulluq edirdi".
Şəfiqə xanım həyat yoldaşından ayrılsa da oğlunu atasız qoyduğuna görə, vicdan əzabı çəkirmiş. Bəstəkar həmişə xanımlara övlad dünyaya gətirməyi tövsiyə edirmiş:
"Mənə deyirdi ki, nə qədər bacarırsan, o qədər uşaq dünyaya gətir. Öz ləhcəmizdə deyirdi ki, "a qız, mən ölənə qədər doğ". Deyirdim ay Şəfiqə xanım, nə qədər olar? Deyirdi "kaş mən də zamanında Talehə bacı-qardaş dünyaya gətirərdim. Onu tək qoymazdım". Üç övladımı görüb. Övladlarım doğulan kimi ilk olaraq Şəfiqə xanımın yanına aparırdım. Bir sonbeşiyimi görmək qismət olmadı".
Şəfiqə xanım sağlığında 1960-ci ildə Kamil Rüstəmbəyovun lentə aldığı "Aygün" filmindəki baş qəhrəmanı öz prototipi hesab edirmiş:
"Sənətində zirvələri fəth edən sənətkarın şəxsi həyatda taleyi uğursuz olub. Övlad acısı ilə yanaşı, sənətkar nakam məhəbbət acısı da yaşayıb. Bu, onun mahnılarında da öz əksini tapıb:
"Fikir verirsinizsə, onun heç bir mahnısı şən deyil. Hər birində nakam məhəbbət, övlad acısı hiss olunur".
Məlumat üçün bildirək ki, bəstəkar 1943–1944-cü illərdə A.Zeynallı adına Bakı Musiqi Məktəbində Üzeyir Hacıbəyovdan dərs alıb.
1956-cı ildə Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə bitirib. O, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülüb, 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.
Ş.Axundova 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub.
Xəbər lenti
0