Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Ərzaq buğdasını fermerlərdən dövlət özü alacaq

© AP Photo / Efrem LukatskyBuğda, arxiv şəkli
Buğda, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.07.2022
Abunə olmaq
Ərzaq buğdası istehsal edənlərə subsidiya da veriləcək. Bununla bağlı dövlət başçısı fərman imzalayıb. İqtisadçılar sənədi şərh ediblər
BAKI, 25 iyul — Sputnik. Azərbaycanda hər il ərzaqlıq buğdanın tədarük qiyməti müəyyən ediləcək, ərzaqlıq buğdaya görə 5 il müddətinə subsidiya veriləcək. Bu məsələ Prezident İlham Əliyevin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmanında öz əksini tapıb.
Azərbaycanda daha çox yemlik buğda istehsal edilir
Fərmanı şərh edən iqtisadçı-ekspert Cəfər İbrahimli Sputnik Azərbaycan-a deyib ki, ölkəmizdə ərzaq buğdası az istehsal olunur: "Ərzaq buğdası istehsalının özünəməxsus tələbləri, aqrotexniki qaydaları var. Bu, torpağın tərkibindən, əkilən toxumdan, suvarma sistemindən və digər amillərdən asılıdır. Ərzaq buğdasının öz standartları mövcuddur. Azərbaycanda daha çox yemlik buğda istehsal edilir. Ölkədə hər il təxminən 2 milyon ton buğda istehsal olunur, 1,3 milyon ton buğda isə xaricdən gətirilir. Biz ərzaq buğdasını əsasən Rusiyadan alırıq".
Fermerlərin istehsal etdikləri ərzaq buğdasını dövlət alacaq
O bildirib ki, bundan sonra isə ölkə daxilində konkret parametrlərə uyğun ərzaq buğdası istehsal ediləcək və bu da stimullaşdırılacaq: "Sənədə əsasən, müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal edilən ərzaqlıq buğda dövlət tərəfindən satın alınacaq. Başqa sözlə, fermerlərin istehsal etdikləri ərzaqlıq buğdanı dövlət satın alacaq. Təhvil verilən ərzaq buğdasına görə fermer məhsul subsidiyası da alacaq. Burada hər il ərzaqlıq buğdanın tədarük qiyməti dövlət tərəfindən müəyyən ediləcək".
Ekspertin fikrincə, bu il dünyada taxıl ilə bağlı ciddi çətinlik yaşanmayacaq, məhsul olacaq, lakin qiymətlər əvvəlki vəziyyətə qayıtmayacaq.
5 il müddətində məhsul subsidiyası tətbiq olunacaq
Deputat Vüqar Bayramov da bildirib ki, buğda yetişdirən fermerlər istehsal etdiyi məhsulun həcminə görə subsidiya alacaqlar: "Sənədə əsasən gələn ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq olunacaq. Bu sənəd subsidiya mexanizminin daha da təkmilləşdirilməsinə xidmət etməklə yanaşı, daha çox məhsul yetişdirən fermerin dövlətdən daha çox pul almasına səbəb olacaq".
O bildirib ki, ilkin mərhələdə pilot layihə olaraq, Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya subsidiya tətbiq ediləcək.
Yeni qaydalar idxaldan asılılığın azaldılmasına xidmət edəcək
"Bu qaydalar yerli istehsalı stimullaşdırmaqla idxaldan asılılığın azaldılmasına xidmət edəcək. Qlobal ərzaq böhranın dərinləşməsi fonunda yerli ərzaq istehsalının artırılması daha da aktuallaşıb. İşğaldan azad olunan ərazilərimizin taxıl və ərzaq istehsalı baxımdan böyük potensialı var. Bu da ərzaqla özünütəminata xüsusi töhfə verəcək", - deyə deputat qeyd edib.
Hər ay üçün orta idxal statistik göstərici elan ediləcək
Deputat diqqətə çatdırıb ki, Nazirlər Kabineti ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən edəcək. Eyni zamanda, Dövlət Statistika Komitəsi Azərbaycana idxal edilən ərzaqlıq buğdanın qiymətini əsas götürərək hər ay üçün orta idxal statistik göstəricini elan edəcək.
Gələn il dünyada ərzaq böhranının daha da dərinləşəcəyi gözlənilir
Onun sözlərinə görə, sənəd fermerləri daha çox istehsala stimullaşdırmaqla istehlak bazarında tarazlığın qorunub saxlanmasına xüsusi dəstək olacaq: "2023-ci ildə dünyada ərzaq böhranının daha da dərinləşəcəyi gözlənilir. Məhsula görə subsidiya fermerin əməyini qiymətləndirmək üçün ən yaxşı üsullardan biridir. Artıq daha çox yerli ərzaq istehsalı güclü ərzaq təhlükəsizliyi anlamına gəlməkdədir".
Qeyd edək ki, fərmanda deyilir ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Bu məqsədlə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri təkmilləşdirilir və beynəlxalq təcrübəyə əsaslanan yeni dəstək tədbirləri həyata keçirilir.
Son dövrlər ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə müasir texnologiyaların tətbiqinə əsaslanmaqla taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqların işğaldan azad olunması ölkənin ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması məqsədilə yeni hədəflərin müəyyən edilməsinə imkan verir.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bu fərmanda nəzərdə tutulan təsərrüfatların su təminatının təkmilləşdirilməsi məqsədilə tədbirlər görəcək.
Xəbər lenti
0