Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycana aid qədim tarixi əşyalar sosial şəbəkə istifadəçilərinin əlinə necə düşüb?

© Photo : courtesy of Jeyhun Eminli Yardımlı rayonu ərazisində aşkarlanan qəbirlər-şəkillər
Yardımlı rayonu ərazisində aşkarlanan qəbirlər-şəkillər  - Sputnik Azərbaycan, 1920, 25.07.2022
Abunə olmaq
Mədəniyyət Nazirliyi və onun strukturları ölkənin tarixini özündə əks etdirən əşya və sikkələrin adi sosial şəbəkə istifadəçilərinin əlinə necə düşdüyünə, onun hüquqi məsuliyyət yaradıb-yaratmadığına aydınlıq gətirib.
BAKI, 25 iyul — Sputnik. "Auksion/Herrac" adlı sosial şəbəkə səhifəsində tarixi əşyalar, Azərbaycan tarixinin müxtəlif dövrlərinə aid sikkələr hərraca çıxarılıb. Bu hal ölkənin tarixi ilə maraqlanan, onun qədim irsinə sahib çıxılmasının vacibliyini önə sürən insanlarda müxtəlif suallar yaradıb. Məsələn, onlar soruşurlar ki, sosial şəbəkələrdə tarixin müxtəlif dövrlərinə aid pullar, sikkələr və digər tarixi əşyaların hansısa naməlum şəxslər tərəfindən hərraca çıxarılması nə dərəcədə doğrudur? Bu əşyaların ölkədən çıxarılması və yaxud ölkəyə gətirilməsi hansı hallarda mümkündür? Ümumiyyətlə, tarixi əhəmiyyətli eksponatlar hansı hallarda satışa çıxarıla bilər?
Sputnik Azərbaycan bu suallara aydınlıq gətirməyə çalışıb. "Auksion/Herrac" səhifəsinin admini hazırda məşğul olduqları hərracla bağlı hər hansı açıqlama verməkdən yayınıb. Sadəcə, satdıqları eksponatların kolleksionerlər tərəfindən onlara təqdim edildiyini bildirməklə kifayətlənib.
Azərbaycanın əməkdar mühəndisi, müstəqil kolleksiyaçı numizmat, "Num. Az" MMC-nin direktoru Rövşən Əhmədov bildirib ki, sözügedən ənənə xarici ölkələrdə də var. Bütün dünyada kolleksiyaçılar tarixi əşyaları, sikkələri toplayırlar:
"Mən də illərdir bu işlə məşğulam. Bakıda da xeyli sayda kolleksiyaçılar var. Müxtəlif tarixi dövrlərdə Azərbaycanın pul vahidlərini özündə əks etdirən Numizmatika ekspozisiyasının qurulmasında yaxından iştirak etmişəm. Həmçinin müxtəlif ölkələrə məxsus "pul daxılı" nümunələrindən ibarət dəyərli kolleksiyanı "İçərişəhər" Muzey Mərkəzinin fonduna hədiyyə etmişəm".
Mədəniyyət nazirliyindən Sputnik Azərbaycan-a verilən açıqlamaya görə, fotoşəkilləri təqdim olunan əşyaların orijinallığı Mədəniyyət Nazirliyinin Ekspert Komissiyasında baxıldıqdan sonra müəyyənləşdirilə bilər. Bu halda ekspertlər tərəfindən həmin əşyaların tarixi əhəmiyyət kəsb edən mədəni sərvət olması barədə qərar qəbul edilir. Ekspert Komissiyasının müvafiq icazə sənədi (sertifikat) olmadan maddi mədəniyyət nümunələrinin gömrükdən keçirilərək ölkə xaricinə daşınması mümkün deyil.
Qeyd edək ki, bu əşyalar şəxsi kolleksiyalara aid olduğundan, ölkə ərazisində dövriyyəsinə məhdudiyyətlər tətbiq olunmur.
Nazirlikdən o da bildirildi ki, Mədəniyyət Nazirliyi və onun tabeliyində olan muzey müəssələri tərəfindən yerli və xarici auksionlar mütəmadi olaraq izlənilir. Onların əksəriyyətinə ekspert komissiyası baxır, sonra Nazirliyə müraciət olunur.
"Məsələn, Xalça muzeyi tərəfindən Nazirliyə dəfələrlə müraciət olunub. Xarici auksionlara çıxarılan xalçalar barədə məlumat verilib. Nazirlik həmin xalçanı alıb, muzeyə təqdim edib. 2020-ci ilin sonunda 3 ədəd Qarabağ xalçası İtaliyadan alınaraq Azərbaycana qaytarılıb", - Nazirlikdən bildiriblər.
Milli Azərbaycan Tarixi Muzeyindən isə bildirilib ki, xaricdə keçirilən auksionlarında satılan əşyaları almağa muzeyin maddi imkanı olmur. Amma ölkə daxilində təşkil olunan hərraclarda satılan eksponatları əldə edirlər.
"Bəzən hərraclarda saxta əşyalar da satılır. Auksiona qoyulan əşyanı almazdan öncə ona baxış keçirilir. Metal məmulatıdırsa, onun haradan tapılmağı, torpağın hansı təbəqəsindən aşkar olunması araşdırılır. Muzey bu vaxta qədər 100.000-dən artıq sikkə alıb", - deyə Muzeyin rəsmisi əlavə edib.
Xəbər lenti
0