CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avtomobillərin icbari sığortası ilə bağlı yeniliklər nədən ibarətdir?

© Sputnik / Murad OrujovBakıda avtomobil tıxacı
Bakıda avtomobil tıxacı - Sputnik Azərbaycan, 1920, 22.07.2022
Abunə olmaq
İcbari qaydada sığortalanan nəqliyyat vasitəsinə dəyən ziyanı artıq qarşı tərəf deyil, sığortalandığı şirkət qarşılayacaq. Bu, vətəndaşlar üçün rahatlıq yaradacaq. Məsələni ekspertlər şərh ediblər
BAKI, 22 iyul — Sputnik. Mərkəzi Bank avtomobillərin icbari sığortası ilə bağlı yeniliyi təsdiqləyib. Mərkəzi Bankın sədri Taleh Kazımov "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qayda"nı imzalayıb.
Yeni qaydaya görə, bu il noyabr ayının 1-dən etibarən icbari qaydada sığortalanan nəqliyyat vasitəsinə dəyən ziyanı artıq qarşı tərəf deyil, sığortalandığı şirkət qarşılayacaq.
Məsələni şərh edən sığorta eksperti İlkin İbrahimov Sputnik Azərbaycan-a deyib ki, avtomobilə dəyən ziyan avtomobil sahibinin öz sığorta şirkəti tərəfindən qarşılanacaq: "Daha sonra sığorta ödənişini həyata keçirən şirkət zərər vuran avtomobil sahibinin sığortaçısından ödənişi tələb edəcək. Sığorta şirkətləri öz aralarında razılaşmalıdır.
Başqa sözlə, vətəndaşlar arasındakı mübahisələri sığorta şirkətləri arasındakı mübahisələr əvəz edəcək. Bu, o deməkdir ki, həyata keçirilən yenilik vətəndaşlar üçün rahatlıq, asanlıq yaradacaq. Bu addımla sığorta qiymətləndirməsi zamanı şirkət tərəfindən vətəndaşın narazılığına səbəb olan hallar aradan qalxa bilər".
"Şərt budur ki, hər iki tərəfin sığortası olmalıdır. Hər iki tərəfin sığortası varsa, hadisə baş verən zaman zərərçəkən öz sığorta şirkətinə müraciət edəcək. Zərərçəkənin sığorta şirkəti sığorta ödənişini almaq ilə bağlı zərərvuranın sığorta şirkətinə məlumat verəcək. Qiymətləndirmədə zərərvuranın sığorta şirkəti də iştirak edəcək", - deyə o əlavə edib.
Hüquqşünas Şəhriyar Həbilov bildirib ki, bu qaydalar 02.11.2022-ci il tarixdən əvvəl baş vermiş hadisələrə şamil edilməyəcək: "Qaydalara görə yol-nəqliyyat hadisəsi zamanı yalnız 2 avtomobilin iştirakı ilə hadisə baş vermiş olmalıdır.
Hadisədə üç avtomobil iştirak edirsə, sağlamlığa xəsarət dəyərsə, 2 avtomobil və başqa əmlaka zərər dəyərsə, bu qaydalar tətbiq edilmir. Hadisədə iştirak edən hər iki nəqliyyat vasitəsi üzrə icbari avto-məsuliyyət sığortası qüvvədə olmalıdır. Əks halda, zərərçəkmişin belə sığortası olmadıqda, bu qaydaların tətbiqi istisna edilir".
Şəhriyar Həbilov onu da qeyd edib ki, mövcud qaydalara əsasən sığorta şirkətləri arasında kollektiv saziş bağlanmalıdır. Bütün qarşılıqlı tənzimləmələr həmin kollektiv sazişdə göstərildikdən sonra bu qaydaların tətbiqinə başlanacaq.
Xəbər lenti
0