SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə üçün vacib məqamlardan biri Rusiya və İranla Suriyada toqquşmamaq idi - politoloq

© AP Photo / Emrah Gurelİranla sərhəddə Türkiyə hərbçisi
İranla sərhəddə Türkiyə hərbçisi - Sputnik Azərbaycan, 1920, 21.07.2022
Abunə olmaq
Politoloq bildirib ki, Türkiyə Suriya ərazisində hər hansı bir əməliyyat keçirəcəksə, bu ölkələrin hərbi qüvvələri ilə birbaşa üz-üzə gəlməmək niyyətindədir.
BAKI, 21 iyul — Sputnik. İyulun 19-da Tehranda Rusiya, İran və Türkiyə prezidentləri Vladimir Putin, İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Suriya nizamlanması üzrə Astana üçlüyünün görüşü keçirildi.
Görüşdə çıxış edən İran Prezidenti İbrahim Rəisi Suriyada yeganə həll yolunun diplomatiya olduğunu bildirib. Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, suriyalılar xarici müdaxilə olmadan öz müqəddəratlarını həll etməlidirlər. Türkiyə lideri Rəcəp Tayyip Ərdoğan isə öz növbəsində vurğulayıb ki, Suriya böhranından irəli gələn problemlər danışıqları zəruri edir.
Tehrandakı Beynəlxalq Konqres Mərkəzində keçirilmiş sammitin sonunda Birgə Bəyanat qəbul edilib. Bəyanata əsasən, Rusiya, İran və Türkiyə Suriyaya qarşı bütün birtərəfli sanksiyaları rədd edir. Tərəflər Suriyanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sadiq qalır və hesab edirlər ki, Suriya münaqişəsinin hərbi yolla həlli yoxdur.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilmiş Milli Təhlükəsizlik Şurasının iclasında Türkiyə ordusunun Suriyanın şimalında yeni anti-terror əməliyyatının keçirilməsinə qərar verilmişdi. İclasdan sonra yayılan bəyanatda bildirilmişdi ki, terror təşkilatlarını hədəf alan əməliyyatlar Türkiyənin qonşularının ərazi bütövlüyünə qarşı deyil.
Türkiyənin Suriyada apardığı anti-terror əməliyyatları isə birmənalı qarşılanmır.
Tehran sammitini Sputnik Azərbaycan-a şərh edən politoloq Fərhad Məmmədov bildirib ki, Suriya məsələsində iştirakçı olan bütün ölkələrin öz maraqları var. Onun sözlərinə görə, Türkiyənin bu sammitdən öz gözləntiləri var idi və onun əsas gözləntiləri təhlükəsizliklə bağlı idi: "Türkiyə Suriyada hər hansı muxtariyyətin yaradılmasının əleyhinədir. Bu məsələdə hər üç ölkə razılığa gəldi. Eyni zamanda hər üç ölkənin dəstəklədiyi qrupların arasındakı münaqişəni ən azından təxirə saldılar".
Politoloq bildirib ki, Türkiyə üçün vacib məqamlardan biri Rusiya və İranla Suriyada toqquşmamaq idi: "Türkiyə Suriya ərazisində hər hansı bir əməliyyat keçirəcəksə, bu ölkələrin hərbi qüvvələri ilə birbaşa üz-üzə gəlməmək niyyətindədir. Türkiyə bu mesajı sammitdə açıq şəkildə bildirdi".
"Türkiyə Suriyada hərbi əməliyyatlar üçün bütün hazırlıqları görüb. Rusiya və İran Türkiyənin özünə təhdid hesab etdiyi kürd terrorçu qruplarına dəstək verməməklə öz mövqelərini nümayiş etdirə bilər. Əgər bu addımları digər ölkələr atarsa, Türkiyə birtərəfli qaydada hərəkətə keçə bilər", - deyə politoloq vurğulayıb.
Xəbər lenti
0