Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

MİQ imtahanlarında sual biznesi - özləri yazıb, özləri də ötürürlər

© Sputnik / Murad Orujovİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Abunə olmaq
Kamran Əsədov bildirir ki, həmmüəlliflərin hər ikisi MİQ suallarının hazırlanmasına cavabdeh Təhsil Nazirliyi strukturunda vəzifə tutmaqla indi də əvvəllər rəhbəri olduğu kursda şəxsən təlimçi kimi fəaliyyət göstərirlər.
BAKI, 19 iyul — Sputnik. İki gün əvvəl Müəllimlərin İşə Qəbul (MİQ) imtahanında istifadə olunan test tapşırıqlarının öncədən yayılması faktı öz təsdiqini tapıb. Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) MİQ müsabiqəsinin imtahan mərhələsində riyaziyyat fənni üzrə test tapşırıqlarına dair sosial mediada yayılan iddialarla bağlı araşdırma aparıb. Araşdırma nəticəsində məlum olub ki, cəlb edilən müəlliflərdən Siracəddin Quluzadə onunla bağlanmış məxfilik müqaviləsinin şərtlərini pozaraq ARTİ-yə təhvil verdiyi orijinal test tapşırıqlarını müəllim hazırlıq mərkəzlərindən birinin test bankına da təqdim edib.
Bu suallar həmin hazırlıq mərkəzi tərəfindən imtahandan əvvəl yayımlanan videodərs zamanı çoxsaylı suallar arasında müzakirə üçün istifadə olunub. 14 iyul 2022-ci il tarixində keçirilən riyaziyyat fənni üzrə imtahanda istifadə edilmiş 3 sualın (S.Quluzadə tərəfindən MİQ sual bankına təqdim edilmiş) imtahandan əvvəl bəzi namizədlərə videoformatda izah olunması iddiası öz təsdiqini tapıb. ARTİ bəyan edib ki, bağlanmış xidməti müqavilənin şərtlərini kobud surətdə pozduğuna görə, S.Quluzadə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqi addımlar atılacaq.
Bu hadisə MİQ imtahanlarında saxtakarlığa şübhələr yol açıb. Sputnik Azərbaycan MİQ imtahanında istifadə olunan test tapşırıqlarının öncədən yayılması faktını araşdırıb.
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a bildirib ki, MİQ-də bir fənn üzrə keçirilən test imtahanı mərhələsində 3 sualın özəl kursların birinin əvvəlcədən videoformatda ictimailəşdirməsi, rəsmiləri imtahan suallarının ötürülməsini etiraf etməyə məcbur edib. Həmsöhbətimiz deyir ki, Təhsil Nazirliyi 2020-ci ildə MİQ imtahanları üçün tədris metodikasına və təlim strategiyalarına aid proqram tərtib edib ictimailəşdirib. Bu proqram əvvəllər nəşr edilən vəsaitlərin mövusundan tamam uzaq olduğundan və bu mövzuların bəzisinə aid ümumiyyətlə material tapmaq mümkün olmadığı üçün müəllim olmaq istəyənlər çətinlik qarşısında qalıblar. Lakin qısa müddət sonra "Təhsildə Araşdırma və İnkişaf Mərkəzi" adlanan özəl kursun rəhbəri olan təlimçi İlkin Həsənov və "Maksimum Tədris Mərkəzi" adlanan digər kursun təlimçisi Aynur Rüstəmovanın həmmüəllifliyi ilə müəllimlərin işə qəbulu və sertifikasiyası ilə bağlı yeni proqramı tam əhatə edən bir vəsait işıq üzü görüb:
"Müəllimlərin İşə Qəbul müsabiqəsinə az vaxt qaldığı üçün bu kitab sürətlə yayıldı və baha qiymətə də satıldı. Bu vəsaitin elmi redaktoru Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi adlanan qurumunun direktoru Nəzakət Mehdiyeva və o vaxtlar Təhsil İnstitunun Metodik Dəstək Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri olan Elxan Nəcəfov idi. İndi siz təsəvvür edin, Təhsil nazirinin əmri ilə MİQ müsabiqəsinin test imtahanı mərhələsinin imtahan suallarını hazırlamalı olan nazirlik strukturunun rəhbər şəxsləri həm də imtahana hazırlaşmaq üçün hansısa özəl kursa aid vəsaitin elmi redaktorlarıdırlar.
Məhz bu amil MİQ müsabiqəsinə hazırlaşan müdavimlərdə sualların həmin vəsaitdən düşməsi ehtimalına görə onu almağa meyl yaratdı. Bu kitabın qısa müddətə nəşri sübut etdi ki, müəlliflər əvvəlcədən vəsaiti hazırlayıblar və MDPİM rəhbərliyi də MİQ müsabiqəsi proqramını məzh o vəsaitin əlyazması üzərindən hazırlayıb. Məhz ona görə MİQ imtahanları üçün tədris metodikasına və təlim strategiyalarına aid proqram rəsmən ictimailəşdiriləndən qısa müddət sonra güya bunun əsasında sözü gedən vəsait hazırlanıb nəşr edildi".
Ekspertin sözlərinə görə, maraqlı cəhətlərdən biri həm də odur ki, Təhsil Nazirliyinin karantin dövründəki onlayn resurslarından məhz bu kitabın həmmüəllifləri müəllimlərə pulsuz təlim keçmək adı altında öz kommersiya maraqlarına xidmət ediblər. Belə ki, MİQ müsabiqəsinin test imtahanı mərhələsində bütün suallar bu vəsait əsasında hazırlanıb:
"TAİM kursunun təlimçiləri tərəfindən müdavimlərə keçiriləcək müsabiqədə sualların məhz İlkin Həsənov və Aynur Rüstəmovanın müəllifi olduğu kitabdan düşməsini əks etdirən səs yazıları sosial şəbəkədə yayılmağa başladı. Bu amil isə müdavimlərin məhz TAİM kurslarına cəlb edilməsinə və məhz bu kursun nəşr etdiyi kitabı almasını şərtləndirdi. Sonradan o da məlum oldu ki, İlkin Həsənov həm də MİQ sualllarının hazırlanması komissiyasının ekspertidir. Daha sonra isə İlkin Həsənov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinə direktor təyin edildi. İlkin Həsənov bu il bu komissiyadan uzaqlaşdırılıb. Lakin onların MİQ müdavimləri üçün hazırladıqları kitabın digər müəllifi Aynur Rüstəmova bu il Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Qeyd etdiyim həmmüəlliflərin hər ikisi MİQ suallarının hazırlanmasına cavabdeh Təhsil Nazirliyi strukturunda vəzifə tutmaqla indi də əvvəllər rəhbəri olduğu kursda şəxsən təlimçi kimi fəaliyyət göstərirlər. Həmmüəllifləri olduğu vəsait də müəllif göstərilmədən – kursun adı ilə bu il də təkrar nəşr edilib".
K.Əsədov bildirir ki, Təhsil Nazirliyi və Təhsil İnstitutu strukturunda MİQ imtahanlarını keçirməyə cavabdeh məmurların bu cür dələduzluqları onların sualları düzgün tərtib etməsini və məxfi saxlanmasını imkansız edir. Onun sözlərinə görə, bunun çıxış yolu bu qurumlarda vəzifə tutan kurs rəhbərləri və təlimçilərin vəzifələrindən uzaqlaşdırılmasıdır.
Ekspert həmçinin qeyd edir ki, uzun illər mərkəzləşmiş müsabiqələrin test imtahanı mərhələsinin suallarındakı səhvlər, imtahan seanslarındakı sualların çətinlik səviyyələrinin fərqliliyi və imtahan suallarının əvvəlcədən müdavimlərə dolayısı yolla ötürülməsi halları mövcud olub. Onun sözlərinə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi zamanı müxtəlif vaxtlarda imtahanlarda istifadə edilən suallar arasında kəskin çətinlik fərqi olub.
İyulun 14-də 2022-2023-cü tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilib. 54 745 namizədin iştirakı planlaşdırılan müsabiqə 7 gün ərzində ölkə üzrə 10 şəhərdə təşkil olunmuş 15 imtahan mərkəzində keçiriləcək.
Müsabiqənin test imtahanı mərhələsində hər bir namizədə onun ixtisası üzrə ümumi təhsil müəssisələrinin fənn proqramlarına aid 40 sual, tədris metodikası və təlim strategiyalarına aid 20 sual təqdim ediləcək. Ötən illərdən fərqli olaraq bu il test tapşırıqlarının cavablandırılması üçün namizədlərə 120 dəqiqə vaxt ayrılması nəzərdə tutulub.
Bu mərhələdə ixtisas üzrə düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 balla hesablanacaq. Ümumilikdə 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediləcək.
Həmçinin yeni qaydalara əsasən, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcək. İxtisas üzrə 1 səhv cavablandırılmış sual -0,5 bal, tədris metodikası üzrə isə - 0,25 bal şəklində hesablanacaq.
Xatırladaq ki, MİQ imtahanı ilk dəfə 2009-cu ildə Bakı şəhəri üzrə keçirilib və ilk dəfə keçirilən imtahanda iştirak etmək üçün 365 vakant yerə 2 147 müəllim elektron ərizə vermişdi. 2011-ci ildən etibarən MİQ imtahanı bütün ölkə ərazisində həyata keçirilməyə başlayıb.
Müəllimlərin işə qəbulu - Sputnik Azərbaycan, 1920, 18.07.2022
TƏHSİL
MİQ imtahanının sualları əvvəlcədən ötürülübmüş - Təhsil İnstitutu təsdiqlədi
Xəbər lenti
0