SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fərid Şəfiyevdən Armen Qriqoryanın bəyanatına münasibət

© Sputnik / Murad OrujovBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Abunə olmaq
BMTM sədri Armen Qriqoryanın bəyanatının Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışından sonraya təsadüf etməsinə diqqət çəkib.
BAKI, 19 iyul — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılmasına dair bəyanatına münasibət bildirib.
Fərid Şəfiyev deyib ki, Ermənistan tərəfi bununla faktiki olaraq üçtərəfli bəyanatı icra etmədiyini etiraf etmiş olub.
BMTM sədri Armen Qriqoryanın bəyanatının Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışından sonraya təsadüf etməsinə diqqət çəkib:
"Prezident İlham Əliyev çıxışında təkcə Ermənistana xəbərdarlıq etməmişdi, Prezident həm də Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə toxunmuşdu. Çünki faktiki olaraq buna onlar şərait yaradıblar. Ola bilsin ki, bu məsələdə Rusiya sülhməramlı qüvvələrinin Ermənistana təzyiqi var. Ola bilsin ki, bu məsələ məhz Rusiya vasitəsilə həll olunur. Amma gözləməkdə fayda var. Görək hələ Ermənistan bunu necə icra edəcək. Ona görə də hələlik vəziyyətə baxmalı və bu məsələnin necə icra olunacağını görməliyik".
Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında bildirmişdi ki, Ermənistan Azərbaycan ərazisindən silahlı birləşmələrini çıxarmaq istəmirsə, bunu açıq desin, işimizi bilək.
"10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır.
Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır. Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb.
Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik.
Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir", - dövlət başçısı bildirib.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Erməni əsgərləri - Sputnik Azərbaycan, 1920, 19.07.2022
SİYASƏT
Ermənistan Qarabağa yerləşdirdiyi silahlı qüvvələrini çıxarır
Xəbər lenti
0