CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ombudsman Lənkəranda zorakılığa məruz qalması iddia edilən məktəbli ilə görüşüb

© Sputnik / Zulfiyya GuluyevaMəişət zorakılığına məruz qalmış qadınların sığınacağı
Məişət zorakılığına məruz qalmış qadınların sığınacağı - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Abunə olmaq
Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva uşaqla və onun anası ilə görüşüb, onların vəziyyəti ilə maraqlanaraq hüquqlarını izah edib.
BAKI, 18 iyul — Sputnik. Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Lənkəranda zorakılığa məruz qalması iddia edilən məktəbli və onun anası ilə görüşüb.
Bu barədə qurumun mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, media və sosial şəbəkə səhifələrində Lənkəran şəhərində məktəbli qıza qarşı fiziki zorakılıq törədilməsi ilə bağlı məlumat yayılıb. Ombudsman Aparatı məsələ ilə bağlı dərhal qızın ailəsi və aidiyyəti qurumlarla əlaqə saxlanılaraq ilkin araşdırma aparıb.
Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva uşaqla və onun anası ilə görüşüb, onların vəziyyəti ilə maraqlanaraq hüquqlarını izah edib.
Görüş zamanı qızın anasının fikirləri dinlənilib, məsələyə dair, həmçinin uşağın psixoloji durumunun nəzarətdə saxlanılması ilə bağlı müvafiq tövsiyələr verilib, uşağın hüquqlarının müdafiəsi istiqamətində Ombudsman tərəfindən səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin davam etdiriləcəyi bildirilib.
Eyni zamanda, psixoloq tərəfindən uşağın fərdi-psixoloji xüsusiyyətləri qiymətləndirilib, ona psixoloji yardım göstərilib.
Qeyd edək ki, faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma başlanıb.
Qeyd edək ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva (Arifqızı) və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən 9-cu sinif şagirdi Camalova Aliyə Samir qızının döyülməsi barədə məlumat yayılıb.
Lənkəranda məktəbli qızın vəzifəli şəxslər tərəfindən döyülməsi iddiası ilə bağlı Baş Prokurorluq da açıqlama yayıb.
"Bildiririk ki, qeyd edilən faktla bağlı dərhal Lənkəran rayon prokurorluğunda araşdırma başlanıb, hadisənin şahidi olmuş şəxslərin izahatları alınıb, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Qanunvericiliklə nəzərdə tutulmuş qısa müddət ərzində zəruri qərarların qəbul edilməsi və ictimaiyyətin məlumatlandırılması təmin ediləcək", - açıqlamada deyilir.
Xatırladaq ki, döyüldüyü iddia edilən yeniyetmə Lənkəran 4 saylı orta məktəbdə təhsil alır.
Lənkəran Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, barəsində səsləndirilən iddialar əsassızdır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev isə bildirib ki, məsələ ilə bağlı Lənkəran Şəhər Polis Şöbəsinə daxil olmuş müraciət əsasında araşdırma aparılır:
"Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Xəbər lenti
0