Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dövlət hesabına çəkilən filmlərin büdcəsi açıqlanmalıdırmı?

© AP Photo / Petros GiannakourisKinolent
Kinolent - Sputnik Azərbaycan, 1920, 17.07.2022
Abunə olmaq
Vaqif Mustafayevin "Həyat, deyəsən, gözəldir" tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb. Qeyri-rəsmi məlumatlara görə, film alınmayıb. İctimaiyyəti maraqlandıran məsələlərdən biri də sözügedən filmin büdcəsidir
BAKI, 17 iyul — Sputnik. Ötən ilin oktyabr ayında Xalq artisti, kinorejissor Vaqif Mustafayevin "Həyat, deyəsən, gözəldir" ("Fəryad 2") tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb. Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunan filmin çəkilişləri Xocavənd rayonunun Hadrut qəsəbəsində, Xızı rayonunda, Bakıda və Abşeronda aparılıb.
Film erməni işğalçılarının 30 ilə yaxın müddətdə talayıb viran qoyduğu Qarabağ torpaqları uğrunda gedən 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən bəhs edir. Azərbaycan Ordusunun hücumları nəticəsində ermənilər aciz qalır, təlaşa düşürlər. Əsir alınan erməni əsgərləri arasında iki qardaş da var. Onların sonrakı aqibəti tragikomik janrda olan ekran əsərində əksini tapıb. Artıq neçə müddətdir ki, tamaşaçılar bu filmi gözləyir. Film haqqında müəyyən söz-söhbətlər gəzir. Yayılan qeyri-rəsmi məlumata görə, film alınmayıb.
Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsindən Sputnik Azərbaycan-a verilən açıqlamada bildirilir ki, qeyri-rəsmi məlumatlar həqiqəti əks etdirmir. Tanınmış kinorejissor, Xalq artisti Vaqif Mustafayev dövlət sifarişi ilə Vətən müharibəsinə həsr olunmuş "Həyat, deyəsən, gözəldir" adlı tammetrajlı bədii filmin istehsalını başa çatdırıb. Hazirda filmin festivallara göndərilməsi işləri aparılır. Filmin təqdimatı nəzərdə tutulub, lakin hələ vaxtı dəqiq bilinmir. Vaxt məlum olduqda ictimaiyyətə məlumat veriləcək.
Vaqif Mustafayev də dövlət sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkdiyi "Həyat, deyəsən, gözəldir" ("Fəryad-2") tammetrajlı bədii filminin hələ ki kütləvi nümayişə çıxarılmamasının səbəbini onun beynəlxalq kino festivallarına təqdim olunması ilə əlaqələndırıb.
İctimaiyyəti maraqlandıran məsələlərdən biri də sözügedən filmin büdcəsidir. Filmin büdcəsi hələ elan olunmayıb. Ümumiyyətlə, dövlət hesabına çəkilmiş filmlərin büdcəsi açıqlanmalıdırmı?
Hüquqşünas, Mədəniyyət və Kinematoqrafiya haqqında qanun layihələrinin, Kinematoqrafiyanın inkişaf konsepsiyasının müəllifi Fikrin Bəktaşi bildirir ki, bəzi sosial mövzuların əhaliyə çatdırılmasında ehtiyac vardır, əhali arasında maarifləndirmə və məlumatlandırılma aparılmalıdır, müəyyən baxış bucağı tamaşaçılara çatdırılmalıdır. Bundan əlavə, bəşəri dəyərlər ictimaiyyətə çatdırılmalıdır. Yəni, dövlət sifarişi əsassız olunmur:
"Bir qayda olaraq, dövlət kino sifarişini etdikdə və ya hər hansı bir mövzuda müsabiqə elan etdikdə əmin olmalıdır ki, əhalinin buna ehtiyacı var. Bu məqsədlə dövlət ictimai təşkilatlar, peşəkar qurumlar vasitəsilə social sorğular keçirir və bazar araşdırmalarının aparılmasını sifariş edir ki, nəticədə veriləcək dövlət sifarişləri ehtiyacları qarşılamış olsun. Son illər dövlət sifarişi ilə istehsal edilən filmlərlə də bağlı yaranan problemlər də onu göstərir ki, filmlərin istehsalından öncə sorğu keçirilməyib, çəkilən mövzular əhalinin görmək istədiklərini əks etdirmir və gözləntilərdən ya tam fərqlidir, ekranlaşdırmağa ehtiyac duyulan əsərlərlə bağlı da vahid fikir yoxdur. Mədəniyyət Nazirliyi kino sahəsində istehsalat strategiyası hazırlaya bilərdi ki, bu da ardıcıl şəkildə ekranlaşdırılmaya ehtiyac duyulan əsərlərin istehsalını təmin etmiş olsun. Bununla belə, mən tövsiyə edərdim ki, istənilən filmin ekranlaşdırmasından öncə, əsərlər kitab şəkilində əhaliyə təqdim olunsun. Daha sonra onların səhnələşdirilməsi həyata keçsin və sonda isə ekranlaşdırılma həyata keçsin. Belə bir halda, heç olmasa əhali bəzi mövzular barəsində azdan-çoxdan bələd olardı."
Hüquqşünas onu da bildirir ki, bizdə ssenari yazılan kimi ekranlara çıxır, o da əksər hallarda uğursuz alınır. Cəmiyyətdə də xeyli suallar yaranır. Ortalığa bu qədər sualların çıxmağı onu göstərir ki, bu sahədə idarəçilik olduqca zəifdir:
"Müasir çağırışlar tələb edir ki, kino sahəsi pul gətirmiş olsun. Bizdə infrastruktur hələ tam inkişaf etməyib, əhalinin gəlirləri də kifayət qədər yüksək deyil, beləliklə də filmin uğursuz olmasının riskləri də yüksəkdir. Bu səbəbdən, dövlət tərəfindən birdən birə böyük həcmdə kinoya sərmayələrin qoyuluşunun özünü doğrultmağı da qiymətləndirilməlidir. Bəlkə Dövlət Sifarişi ilə istehsal olunan film cəmiyyət tərəfindən qəbul edilməyəcək? SSRİ-də filmlərin uğurlu olmasından öncə əsərləri kitab və teatr tamaşaları ilə sınayırdılar. Məsələn, kinorejissor Eldar Ryazanov, onun bütün filmləri çəkilməzdən öncə kitab şəklində dərc edilib. Kitabla bağlı oxucuların reaksiyasını biləndən sonra onun teatr versiyası (səhnələşdirmə) üzə çıxırdı və tamaşalar uğurlu olduqda film versiyası ərsəyə gəliridi. Bilirsiniz, bu həmçinin müəyyən qənaətlərə səbəb olurdu. Belə ki, hər hansı bir mərhələdə əsərin maraqsız olduğu müəyyən olunduqda, onun növbəti mərhələlərdə (səhnələşdirməsi və ya ekranlaşdırması zamanı) müvafiq düzəlişlərin/əlavələrin edilməsi vasitəsilə uğurlu əsərə çevirmək mümkün olur. Onsuz da Azərbaycanda hər gün bir əsər, bestseller yazılmır. Eldar Ryazanovun sadəcə təcrübələrin biridir, amma dünyada yüzlərlə missal var, “Zolaqlı pijamalı oğlan” və “Şouşenkdən qaçış” eyni adlı kitab əsasında, “Şərq ekspressində qətl” Aqata Kristinin eyni adlı kitabı əsasında, Harri Poterin filmləri Coan Rolinqin kitabları əsasında çəkilib. Bizdə isə milli filmlərimiz Üzeyir Hacıbəyovun, Anarın, Çingiz Abdullayevin və s. əsərləri əsasında çəkilmişdir, amma çəkilməzdən öncə kitab və teatr tamaşası formasında tamaşaçılara təqdim olunmuşdurlar. Bunu Mədəniyyət Nazirliyi edərsə, həm kitablara maraq artmış olar, həm yazıçılar bu sahəyə maraqlı olar, həm də filmlərlə bağlı bu qədər suallar ortalığa çıxmaz".
Müsahibimiz əlavə edib ki, xarici təcrübələrinə və müşahidələrinə görə istənilən kino filmi (bəziləri layihə səviyyəsində) üçün veb sayt yaradılır. Veb saytın özünün funksiyası promodur:
"Yəni, burada geniş məlumat verilir həm filmin rejissoru, aktyorları və çəkiliş yerləri və s. premyeralar və təqdimatlar barədə məlumatlar verilir ki, auditoriya müəyyən qədər məlumatlı və hazırlıqlı olsun. Tamaşaçı da həmişə intizarda olsun ki, hansı vaxt həmin film və harada nümayiş olunacaq. Bizdə hələ bu təcrübə yoxdur. Nazirlik də filmin çəkilişlərindən öncə müəyyən addımlar atmalıdır, maarifləndirmə işlərini aparmalıdır. Çəkiləcək əsəri isə ictimaiyyətə hər hansı bir formada (kitab və ya teatr tamaşası) təqdim etməlidir. Filmlə bağlı məlumat ictimaiyyətdən gizlənilirsə, deməli film alınmayıb. Burada ya texniki qüsurlar var(səs və ya görüntü ilə bağlı), ya da çəkilmiş film qəbul olunmayıb(ssenaridəkilərlə ekrandakılar üst üstə gəlmir). Texniki qüsurları müəyyən düzəlişlər edilməklə həll etmək mümkündür, amma filmin ssenarisi ilə görüntülər arasında ziddiyyətlər varsa və bu ümumiyyətlə filmin istehsalının məqsədi, dövlət sifarişinin mahiyyəti və s. ilə ziddiyyət təşkil edirsə, onu düzəltmək mümkün deyil, və belə film zərfə atılır".
Xəbər lenti
0