CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda qazlı rəngli suların satışında təhlükə-AQTA niyə buna göz yumur?

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidQazlı su, arxiv şəkli
Qazlı su, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.07.2022
Abunə olmaq
AQTA bəyan edir ki, qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur.
BAKI, 15 iyul — Sputnik. Havaların isti keçməsi sərin sulara təlabatı artırdığından, paytaxtda addımbaşı su köşklərinə rast gəlinir. Köşklərdə suları saxlmaq üçün yer olmadığından, soyuducudakı sular qurtaranadək qazlı, şirin və rəngli sular günün altında saxlanılır. Paytaxtın Şamaxinka adlanan ərazisində onlarla belə faktlardan birini oxucularımızın diqqətinə çatdırırıq.
Sözsüz ki, bu faktları bizim kimi, qida təhlükəsizliyinə cavabdeh olan qurumlar da görür. Daha doğrusu görməzdən gəlir. Bəs görəsən Qida Təhlükəsizliyi Agentliyi bu cür halların qarşısını hansı səbəbdən almır? Günün qızmar saatlarında günün altında saxlanılan bu sular sağlamlığımız üçün hansı təhdid yaradır?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavabda bildirilib ki, belə faktlar barədə onlara məlumat daxil olan kimi qanunsuzluq dərhal aradan qaldırılır.
O ki, qaldı bu suların saxlanılma qaydalarına, qızmar günəş altında plastik qablarda qablaşdırılan suların sağlamlığımıza yaratdığı təhdidə, AQTA-dan bildirdilər ki, içməli suların qablaşdırıldığı materiallar düzgün seçilmədikdə, saxlanma şəraitinə əməl edilmədikdə və ya istifadə edilən material təkrar emal edildikdə həmin materiallardan kimyəvi-toksikoloji maddələr suyun tərkibinə nüfuz edir. Qablaşdırılma materiallarından suya keçən toksikoloji maddələrin uzun müddət qəbulu daxili orqanlarda və mərkəzi sinir sistemində ciddi fəsadlara səbəb olur:
"Dezinfeksiya, filtrasiya və qablaşdırma proseslərinə düzgün riayət edilməməsi suyun tərkibində olan mineralların böyük qisminin itirilməsinə eyni zamanda rəng, dad, qoxu və turşuluq kimi keyfiyyət göstəricilərinin mənfi yöndə dəyişməsinə səbəb olur. Qablaşdırılmış suları alarkən uyğun şəraitdə saxlanıb-saxlanmadığına diqqət edilməlidir. Sular istehsalat şəraitində uyğun şərtlər altında qablara doldurulmalı, daha sonra saxlanma şərtlərinə və ən sonda suların satışı zamanı müvafiq şərtlərə əməl olunmaqla məhsulların satışı həyata keçirilməlidir.
İstənilən qida məhsulu kimi qablaşdırılmış suların da saxlanılma şərtlərinə əməl olunmaqla saxlanılması və daşınması həyata keçirilməlidir. Qablaşdırılmış sular sərin, təmiz, quru və qoxusuz şəraitdə saxlanılmalıdır. İstehlakçılar məhsulu alarkən plastik və ya şüşə butulka üzərində əks olunmuş istehsal və son istifadə tarixlərinə xüsusi diqqət etməlidirlər. Həmçinin, qablaşma üzərində olan etiketdə qeyd edilən adla qapaq üzərindəki ad eyni olmalı, qapağın möhkəm bağlanıb bağlanmamasına xüsusi diqqət edilməlidir".
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən onu da bildirdilər ki, qurum əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. Agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir. Həmçinin Agentlik tərəfindən satış şəbəkələri, ticarət obyektlərində vətəndaşlara satılan qida məhsullarının təhlükəsizliyini təmin etmək üçün bu kimi yerlərdə mütəmadi monitorinqlər həyata keçirilir.
Bununla yanaşı, konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və adıçəkilən məhsul laborator müayinələrə cəlb olunur. Əgər vətəndaşların satış müəssisələrində satılan qida məshulları ilə bağlı şübhələri olarsa, eləcə də məhsulların qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun saxlanması, daşınması və satışının həyata keçirilmədiyinə dair məlumatları olarsa, bu barədə Agentliyin "1003 - Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istehlakçı hüquqları arxa planda qalıb: "AQTA bu hallara nəzarət etməlidir. Azərbaycanda qida zəncirində nöqsanlar zəhərlənmələrə səbəb olur. Plastik qablarda qablaşdırılmış şirin, qazlı və rəngli suların istidə qalması təhlükəlidir. İsti yay şəraitində bu cür içkilərin gün altında saxlayıb sonradan soyudulması da istehlakçıların sağlamlığına mənfi təsir göstərir. Əhali plastik qablara qablaşdırılmış rənglənmiş içkiləri alarkən çox diqqətli olmalıdır".
Həmsöhbətimiz bildirib ki, sərinləşdirici içkilərin əksəriyyətinin istehsalında süni rəngləyicilərdən istifadə olunur və insanlar bunu bilmir. Onların tərkibindəki dadverici, qoxuverici və rəng maddələri süni olur və bunlar da insanların sağlamlığına mənfi təsir göstərir.
Xəbər lenti
0