CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeniyetməni döydüyü iddia edilən RİH başçısının müavini danışdı

© pixabay / rubberduck1951Yeniyetmə qız, arxiv şəkli
Yeniyetmə qız, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.07.2022
Abunə olmaq
Eksklüziv
Valideyn bildirib ki, başçının müavini onun qızını evində vəhşicəsinə döyərək təhqir edib.
BAKI, 15 iyul — Sputnik. Lənkəran Rayon İcra Hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın yeniyetmə qızı vəhşicəsinə döydüyü iddia edilib. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. Bildirilib ki, Rasilə Əliyeva (Rasilə Arifqızı) və Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova (Babayeva) bir qızı döyüblər:
"Onlar məktəblini attestatı vermək adı ilə evə çağırıb, fiziki zorakılıq tətbiq ediblər. Buna səbəb döyülənin Rasilə Əliyevanın öz qızının telefonundan istədiyi oğlana mesaj yazması olub. Öz qızını da döyüb deyilənə görə, amma belə yox...".
Lənkəran Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, barəsində səsləndirilən iddialar əsassızdır.
R.Arifqızı yeniyetmə qızı döymədiyini söyləyib:
"Bu qız məktəbdə mənim qızımla bir sinifdə oxuyurdu. O, mənim qızımın və digər sinif yoldaşları olan qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıb. Mən bu barədə xəbər tutan kimi onun valideynlərinə məlumat verdim. Qızıma isə tapşırdım ki, onun telefonunu alıb mənə gətirsin. Onun telefonundan mənim və sinifdəki digər qızların adından oğlanlara tərbiyəsiz mesajlar yazıldığını gördüm.Telefonda həmin yeniyetmənin özünün də əxlaqsız videoları vardı. Mən həmin videoları qızın valideynlərinə göndərdim".
İcra hakimiyyəti başçısının müavininin sözlərinə görə, haqqında danışılan qız ata-anasının yanında yox, anasının xalasının himayəsində yaşayır:

"Eşitdiyimə görə, bundan sonra qızı valideynləri, xüsusilə atası döyüb. Onlar məndən həmin telefonu geri istəsələr də, mən telefonu polisə təqdim etdim ki, faktı araşdırsın. Ailə məndən qisas almaq üçün qızı mənim döydüyümü deyib. Qeyd olunub ki, güya mən onu attestat vermək adı ilə evə çağırmışam. Mənim evim isə attestat verilən yer deyil. Attestat məktəbdə verilir. Belə bir hadisə olmayıb. Sadəcə onlar məndən qisas almaq üçün mənə bu böhtanı atıblar".

Qeyd edək ki, döyüldüyü iddia edilən yeniyetmə Lənkəran 4 saylı orta məktəbdə təhsil alır. R.Arifqızı bildirib ki, valideynlər bu olaydan sonra qızlarını həmin məktəbdən çıxarıblar.
© Photo : Executive power of Lankaran regionRasilə Əliyeva
Rasilə Əliyeva - Sputnik Azərbaycan, 1920, 15.07.2022
Rasilə Əliyeva
Döyüldüyü iddia edilən yeniyetmənin valideyni Ləman Camalova isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hadisə dünən səhər saatlarında baş verib. Valideyn bildirib ki, Rasilə Arifqızının qızı Sara Əlizadə onun qızına zəng edərək attestatların məktəbdə verildiyini, onun attestatını da götürdüyünü bildirib:

"Sara qızıma deyib ki, "attestatın məndədir, sürücünü göndərirəm gəl bizə". Qızım onların evinə gedəndə Rasilə onu sorğu-suala tutub. Onu qızını başqa oğlanla tanış olmaqda vasitəçilikdə ittiham edib. Qızım da bildirib ki, Saranın istəyi ilə onun sevdiyi oğlana məlumat aparıb-gətirib. Rasilə qızımı təhqir edərək döyüb. Kürəyinə, qarnına təpik vurub. Üzünü cırmaqlayıb. Öz qızını da döyüb. Amma mənim qızımı daha pis döyüb".

L.Camalova bildirib ki, başçının müavini öz evində qızın telefonunu da əlindən alıb:
"Sonra onun telefonundakı bütün şəkil və videoları mənə göndərib. Bizi qızımın video və şəkillərini sosial şəbəkələrdə yaymaqla hədələyir. Qızım idmançı olduğundan, o həmişə bədəninin müxtəlif hissələrini ölçərək onu telefona çəkib. O videoları yayacağı ilə bizi şantaj edir".
Valideyn iddia edib ki, məktəb direktoru da həmin vaxt başçının müavinin evində olub. Qızı döyən zaman hadisəyə şahid olub: "Amma diektor qızımı döyməyib".
Lənkəran 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova isə telefon zənglərimizə cavab vermədi.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev isə bildirib ki, məsələ ilə bağlı Lənkəran Şəhər Polis Şöbəsinə daxil olmuş müraciət əsasında araşdırma aparılır:
"Müvafiq ekspertiza təyin edilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0