SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Üçtərəfli Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırır - İlham Əliyev

© Official website of President of Azerbaijan RepublicПод председательством Президента Ильхама Алиева состоялось совещание, посвященное итогам шести месяцев этого года
Под председательством Президента Ильхама Алиева состоялось совещание, посвященное итогам шести месяцев этого года - Sputnik Azərbaycan, 1920, 15.07.2022
Abunə olmaq
Azərbaycan Prezidenti deyib ki, Ermənistan Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipini rəsmən qəbul edib.
BAKI, 15 iyul - Sputnik. Bu ilin altı ayında Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Baxmayaraq ki, Vətən müharibəsindən 1 il 8 ay ötüb, ancaq əfsuslar olsun ki, Ermənistan hələ də məcburən üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.
O qeyd edib ki, prosesdə əsas müsbət məqam delimitasiya üzrə işçi qrupların birinci görüşünün keçirilməsidir. Bu da Azərbaycanın təşəbbüsü ilə baş verib.:
"Məhz Azərbaycan sərhədlərin delimitasiyası ilə bağlı addımların tezliklə atılmasına çalışırdı. Ermənistan tərəfi buna o qədər də meyilli deyildi. Ancaq birinci görüş keçirildi. Əlbəttə, bu görüş daha çox tanışlıq xarakteri daşıyırdı. Gələn ay ikinci görüşün keçirilməsi nəzərdə tutulur. Hesab edirəm ki, ikinci görüş artıq praktik məsələlərin müzakirəsinə həsr olunacaqdır. Əlbəttə, bu formatda olan əməkdaşlıqdan biz hələ ki, tez nəticə gözləmirik, çünki delimitasiya uzun bir prosesdir. Amma hər halda bu proses başlayıb, biz bunu uğurlu inkişaf kimi qiymətləndirə bilərik".
Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib
Prezidentin sözlərinə görə, digər müsbət hal ondan ibarətdir ki, yenə də Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipi Ermənistan tərəfindən qəbul edilib, Ermənistan rəhbərliyi rəsmən bu beş prinsipi qəbul edib:
"Təmasda olduğum bütün tərəf müqabilləri ilə müzakirələr zamanı Azərbaycanın bu təşəbbüsü təqdir olundu. Münaqişənin məhz bu prinsiplər əsasında həll olunması demək olar ki, təsdiqləndi. Ermənistan bunu qəbul etdi və bunu rəsmən etiraf etdi. Biz bu məsələni bir neçə qonşu dövlətlə müzakirə etmişik - Türkiyə ilə, Rusiya ilə, İranla müzakirə etmişik və bu mövqe dəstəklənir. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları - biz bu tərəfdaşlarla da bu məsələni müzakirə etmişik və faktiki olaraq indi sülh danışıqlarının başlanması üçün əsas yaradılıb. Yenə də Azərbaycan təşəbbüs göstərib, yenə də bu beş prinsipi formalaşdıran bizik və əgər biz bu təşəbbüsü öz üzərimizə götürməsəydik, bu günə qədər bu istiqamətdə də heç bir inkişaf olmazdı".
İlham Əliyev qeyd edib ki, Ermənistanın Azərbaycanın beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşan təkliflərini qəbul etməsi müsbət hal olsa da, hələ ki, konkret addımlar yoxdur.
"Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər. Bu, nazirlər arasında ilk görüş olacaq və biz ümid edirik ki, görüşün nəticələri olacaq. Çünki mənim Ermənistanın baş naziri ilə bir neçə görüşüm olub, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub. Xarici işlər nazirləri arasında isə ikitərəfli görüş olmayıb, bu, birinci görüşdür. Ancaq artıq müzakirə olunan məsələlər masa üzərindədir. Mən hesab edirəm, bu görüşün yaxşı nəticəsi o ola bilər ki, Ermənistan tərəfi öz işçi qrupunu formalaşdırsın. Çünki sülh müqaviləsinin hazırlanması üçün Azərbaycan tərəfi öz işçi qrupunu artıq formalaşdırıb. Orada üzvlər də, o qrupda təmsil olunan üzvlər də müəyyən edilib. Ermənistan tərəfdən hələ ki, belə bir addım atılmayıb. Hesab edirəm ki, bu, yaxşı nəticə ola bilər və digər məsələlər müzakirə oluna bilər", - dövlət başçısı bildirib.
Ermənistan 10 noyabr Bəyannaməsində təsbit edilən məsələlərdən boyun qaçırır
İlham Əliyev Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə əksini tapan məsələlərin icrasından boyun qaçırdığını, sülh prosesini uzatdığını da qeyd edib:
"Əfsuslar olsun ki, müharibədən 1 il 8 ay ötməsinə baxmayaraq, bundan başqa, mən hər hansı bir müsbət məqam tapa bilmirəm. Ancaq mənfi məqamlar daha çoxdur. Onlardan biri Ermənistanın 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamədə təsbit edilən məsələlərdən boyun qaçırmasıdır. 10 noyabr Bəyannaməsi faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır və müharibədə məğlub edilmiş tərəf kimi Ermənistan öz üzərinə öhdəliklər götürüb. Bu öhdəliklər orada açıq-aydın göstərilir. Onlardan biri erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır.
Eyni zamanda, biz Rusiyanın hərbi rəhbərliyi qarşısında bu məsələni qaldırmışdıq və bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsi Azərbaycanda səfərdə olarkən bizim Müdafiə Nazirliyinə söz vermişdi ki, iyun ayına qədər erməni silahlı birləşmələri Qarabağdan çıxarılacaq. Ancaq bu gün artıq iyulun ortasıdır, bu məsələ öz həllini tapmayıb. Ermənistan 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirmir. Rusiya sülhməramlıları - Rusiya tərəfi də 10 noyabr Bəyannaməsini imzalayıb - necə deyərlər, onları buna məcbur etmir. Əlbəttə ki, bu, dözülməz vəziyyətdir. Çünki erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir. Biz qalib ölkəyik, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Əgər Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, onda bizə bunu açıq desin, biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir".
Prezidentin fikrincə, ikinci mənfi məqam ondan ibarətdir ki, yenə də həmin 10 noyabr Bəyannaməsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında irtibat qurulmalı idi və Ermənistan buna boyun əymişdi, bu öhdəliyi öz üzərinə götürmüşdü. Ancaq bu günə qədər Azərbaycana bu imkan verilməyib:
"Laçın yolu açıqdır və 10 noyabr Bəyannaməsində biz öhdəlik götürmüşdük ki, Laçın yolu işləyəcək və Azərbaycan o yolun təhlükəsizliyinə zəmanət verir. Biz bunu öhdəlik kimi götürmüşük və buna əməl edirik. Amma Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün bizim imkanımız yoxdur. Nəinki imkanımız yoxdur, biz görmürük ki, Ermənistan ərazisində bu istiqamətdə hansısa işlər görülsün.
Bu günə qədər Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılması yoxdur. Texniki-iqtisadi əsaslandırma olmadan heç bir layihə icra edilə bilməz və dəmir yolunun tikintisi üçün texniki-iqtisadi əsaslandırmanı hazırlamaq bir neçə ay tələb edir. Deməli, hələ bu işə başlanılmayıb. Avtomobil yolunun marşrutu bizə verilməyib. Bir il səkkiz ay keçib, mən bu məsələni dəfələrlə qaldırmışam, o cümlədən Brüssel görüşlərində - mənim, Ermənistanın baş naziri və Avropa İttifaqı Şurası prezidentinin görüşləri əsnasında üç dəfə qaldırmışam. Bu günə qədər bizə marşrut verilmir. Orada cəmi 40 kilometr məsafədir. Bunun bir çox marşrutları ola bilməz.
Özü də aydın məsələdir ki, orada bütün mövsümlərdə və günün 24 saatında istifadə edə biləcək yolların marşrutları da o qədər də çox deyil. Deməli, bu marşrutun bizə verilməməsi, bu istiqamətdə işlərin aparılmaması, texniki-iqtisadi əsaslandırmanın hazırlanmamasının bir səbəbi var - Ermənistan bu öhdəliyi də yerinə yetirmək istəmir, ancaq bunu etiraf etmir. Ona görə biz haqqımızı tələb edirik. Əgər biz 10 noyabr Bəyannaməsinin bütün müddəalarını icra ediriksə, Ermənistandan da eyni yanaşma tələb edirik. Özü də 1 il 8 ay keçib və bunu hər kəs nəzərə almalıdır".
Под председательством Президента Ильхама Алиева состоялось совещание, посвященное итогам шести месяцев этого года - Sputnik Azərbaycan, 1920, 15.07.2022
SİYASƏT
"Müstəqil mövqeyimizə görə dünyada böyük hörmət qazanmışıq, verilən sözə sadiqik"
Xəbər lenti
0