Bu virus Azərbaycanda geniş yayılıb - TƏBİB ÜST-ə müraciət etdi
© AFP 2024 / FABRICE COFFRINIÜST-ün loqosu, arxiv şəkli
© AFP 2024 / FABRICE COFFRINI
Abunə olmaq
TƏBİB bu virusun hazırda ölkəmizdə uşaqlar arasında geniş yayıldığını bəyan edib.
BAKI, 15 iyul — Sputnik. "Suçiçəyi peyvəndinin milli peyvənd təqviminə salınması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı qarşısında məsələ qaldırmışıq. Çünki peyvənd təqviminin müəyyən edilməsi ÜST-ün tövsiyəsi əsasında həyata keçirilir".
Bunu TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin Ana və uşaq sağlamlığının təşkili şöbəsinin məsləhətçisi Şəbnəm Şahgəldiyeva deyib. O bildirib ki, bu peyvənd digərləri ilə nisbətdə bahalıdır:
"Suçiçəyi peyvəndinin milli peyvənd təqviminə salınması olduqca zəruridir. Çünki bu virus hazırda ölkəmizdə uşaqlar arasında geniş yayılıb. Azərbaycanda peyvəndlərlə əlaqədar mövcud vəziyyətə baxdıqda sözügedən peyvəndin milli peyvənd təqviminə salınması əhəmiyyətlidir".
Məlumat üçün bildirək ki, uşaqlara ilk peyvənd doğumdan sonra 12 saat ərzində Hepatit B xəstəliyinə qarşı vurulur. 4-7-ci gündə vərəm əleyhinə peyvənd (BCG), poliomielitə qarşı peyvənd (OPV) vurulur. 2 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B-yə qarşı peyvənd (Hib), poliomielitə qarşı peyvənd (OPV), pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk) edilir. 3 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B-yə qarşı peyvənd (Hib) və poliomielitə qarşı peyvənd (OPV) vurulur. 4 aylıqda B tipli hemofil infeksiyaya, difteriya, göyöskürək, tetanus və hepatit B-yə qarşı peyvənd (Hib) və poliomielitə qarşı peyvənd (OPV), pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk) edilir. 6 aylıqda pnevmokok infeksiyalarına qarşı peyvənd (Pk), 12 aylıqda isə qızılca (QPM), parotit və məxmərəyə qarşı peyvənd, vitamin A (Vit A) peyvəndləri edilir. Uşaq 18 aylıq olduqda difteriya, göyöskürək və tetanusa qarşı peyvənd (GDT), poliomielitə qarşı peyvənd (OPV), vitamin A vaksini edilir. 6 yaşında isə qızılca, parotit və məxmərəyə qarşı peyvənd (QPM), difteriya və tetanus əleyhinə peyvənd (DT), vitamin A peyvəndi edilməlidir.
Uşaqlar üçün mütləq olan peyvəndlərdən savayı, valideynlərin şəxsi xahişinə əsasən, xəstəliyi keçirməyən uşaqlara suçiçəyi, rotovirus infeksiyası, həmçinin 12-15 yaşlı qız uşaqlarına isə insan papilloması virusu (İPV) peyvəndləri də oluna bilər. Peyvəndlər mümkün qədər peyvənd təqvimlərinə müvafiq olan vaxtlarda yerinə yetirilməlidirlər.