Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan ciddi nəqliyyat-logistika mərkəzinə çevriləcək

© Official website of President of Azerbaijan RepublicПод председательством Президента Ильхама Алиева состоялось совещание, посвященное итогам шести месяцев этого года
Под председательством Президента Ильхама Алиева состоялось совещание, посвященное итогам шести месяцев этого года - Sputnik Azərbaycan, 1920, 15.07.2022
Abunə olmaq
İlham Əliyev deyib ki, xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur.
BAKI, 15 iyul - Sputnik. Energetika sektoru bizim üçün həmişə prioritet olub. Amma bu gün bizim enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır. Bu sahədə də biz işimizi planlı şəkildə aparırıq.
Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə deyib.
O qeyd edib ki, uzun illər ərzində böyük hazırlıq işləri gedib ki, bərpaolunan enerji növləri Azərbaycanda inkişaf etsin, ilk növbədə, xarici investorlar hesabına və nəhayət, buna nail ola bilmişik. Xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. İkisi artıq inşa edilir, birinin də - Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Yəqin ki, gələn il o inşaat da başlayacaq. Bu, ancaq başlanğıcdır.
"Bizim artıq xarici investorlarla əldə etdiyimiz razılaşmalara görə, əlavə iki min meqavat və ondan da əlavə iki min meqavat Günəş və külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. Üstəgəl, Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir. Çünki biz müharibədən sonra ancaq ermənilərin dağıtdıqları su elektrik stansiyalarının istehsal gücünü hesablamışdıq. Orada 32 su elektrik stansiyası var idi ki, ermənilər Kəlbəcər, Laçından gedəndə onları vəhşilər kimi dağıtdılar. Biz onları hesablayaraq müəyyən rəqəm səsləndirmişdik", - Əliyev deyib.
O bildirib ki, indi daha dərin təhlil aparılır. Çünki orada daha böyük həcmdə su elektrik stansiyalarının inşası mümkündür:
"İndi təhlil hazırlanır, yəqin ki, biz orada perspektivdə ancaq kiçik su elektrik stansiyalarından mindən çox meqavat götürə bilərik. Artıq bir il yarım ərzində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da əlavə, bizə 50 meqavat verəcək. Yəni, bu sahə bizdə İkinci Qarabağ müharibəsinə qədər prioritet sahə idi. Ancaq bu gün bu, artıq yeni pilləyə qalxır".
Prezidentin sözlərinə görə, bərpaolunan enerji növlərinin istehsalına, - su elektrik stansiyalarından başqa, - dövlət bir manat da pul qoymur, ancaq xarici investisiyalar qoyulur. Bu imkan verəcək ki, Azərbaycan elektrik enerjisini daha böyük həcmlə ixrac etsin:
"İndi biz ənənəvi yolla - mövcud olan yüksək gərginlik xətlərlə ixrac edirik. Amma biz gələcəkdə Zəngəzur dəhlizi ilə elektrik ixracını təşkil edə bilərik və Avropa tərəfindən yeni layihə təqdim edildi. Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və biz bu layihəyə də maraq göstəririk. Yəni, bu sahədə çox böyük perspektivlər var. Eyni zamanda, bu, bizə imkan verəcək ki, təbii qaza qənaət edək və qənaət edilmiş təbii qazı ixrac edək, xüsusilə nəzərə alsaq ki, bizim qazımıza tələbat indi kəskin artıb. Bunun səbəbi də bəllidir və biz, əlbəttə ki, bu istiqamətdə işləyirik".
İlham Əliyevin sözlərinə görə, perspektivli yataqlardan çıxarılacaq qaz həm daxili tələbatı ödəmək üçün, eyni zamanda, ixrac üçün də nəzərdə tutulub:
"Hələ ki, bizim ixrac resurs bazamız “Şahdəniz” yatağıdır. Amma yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı gözlənilir. Yəni, çox böyük resursdur və bütün sadaladığım layihələr üzrə fəal işlər gedir. Bu, sadəcə olaraq, kəşfiyyat layihələri deyil, fəal işlər gedir. Ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur. Yəni, bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir".
Prezident deyib ki, ölkəmizin həm beynəlxalq nüfuzu artır, imkanları artır, gəlirləri artacaq, biznes şəraiti yaxşılaşır. Energetika nəqliyyatla bərabər bundan sonra da bizim üçün əsas sektorlardan biri olacaq:
"Nəqliyyat sahəsində də artım var. Tranzit yüklərin həcmi təxminən 30 faiz artıb. Mən hələ 5 ayın nəticələrini deyirəm, 30 faiz artım çox böyük artımdır. Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faizdir. Bizim coğrafi yerləşməyimiz və yaradılmış infrastruktur, əlbəttə, imkan verir ki, biz çox önəmli tranzit ölkəsinə çevrilək. Onsuz da Azərbaycan üzərindən tranzit yüklərin daşınması hər il artır, amma bu il biz daha kəskin artım görürük. Əlbəttə, burada Zəngəzur dəhlizinin imkanları da nəzərə alınmalıdır. Ona görə biz Zəngəzur dəhlizinin yaradılmasına daha sürətlə çalışırıq".
İ.Əliyev bildirib ki, nəqliyyat sektorunda görüləcək işlərlə bağlı hökumətə tapşırıqlar artıq verilib. Gəmiqayırma zavodu tam gücü ilə işləməlidir, nə qədər imkanı varsa, o qədər də gəmi, tanker, bərə istehsal etməlidir. Bu zavodun imkanları gərək yenidən araşdırılsın:
"Mənə verilən məlumata görə, ildə 6 tanker - bərə, yük gəmisi istehsal oluna bilər. Baxmaq lazımdır ehtiyac nə qədərdir, Xəzəryanı ölkələrdə gəmilərin sayı nə qədər artacaq. Qonşu ölkələrlə bu məsələləri müzakirə etməliyik. Ola bilsin, biz qonşu Xəzər ölkələri ilə istehsal olunacaq gəmilərin növləri ilə bağlı hansısa razılığa gələk ki, eyni gəmi növlərini istehsal etməyək. Çünki Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır. İndiki şəraitdə biz buna hazırıq. Amma biz Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasına başlamalıyıq, limanı genişləndirməliyik. Mənə bu yaxınlarda verilən məlumata görə, artıq ərazimizdən keçən yükləri aşırmağa bizim imkanımız yoxdur. Çünki biz beynəlxalq ticarət limanını o vaxt olan yüklərə görə inşa etmişik, birinci fazasını başa çatdırmışıq. İndi tezliklə ikinci fazaya keçmək lazımdır. Hökumətə də tapşırıq verildi, nə lazımdırsa, onu edəcəyik".
Ölkə başısı əlavə edib ki, dibdərinləşdirmə işləri də aparılmalıdır. Çünki Xəzərin suyunun səviyyəsi düşür. Ona görə gəmilərin daha sürətlə gedib-gəlməsi üçün yeni kanallar qazılmalıdır. Odur ki, dibdərinləşdirmə işləri də, bunlar da nəzərdə tutulur: limanın genişləndirilməsi, yeni gəmilərin inşası, bütün bizim nəqliyyat qurumlarının vahid mexanizm kimi işləməsi. Çünki əvvəllər bu, yox idi, necə deyərlər, hərəsi yorğanı öz tərəfinə dartırdı. İndi gəmiçilik, liman, dəmir yolu bir mexanizm kimi işləməlidir:
"Baş nazirin rəhbərliyi altında indi müşavirələr keçirilib. Gələn ilin büdcəsi formalaşanda, əlbəttə ki, biz bu sahəni xüsusilə nəzərdə saxlamalıyıq. Çünki bu, bizim iqtisadi imkanlarımızı artıracaq, eyni zamanda, tranzit potensialı artacaq, iş yerləri yaradılacaq və biz - açıq dənizlərə çıxışı olmayan ölkə çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcəyik".
Под председательством Президента Ильхама Алиева состоялось совещание, посвященное итогам шести месяцев этого года - Sputnik Azərbaycan, 1920, 15.07.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
"Qarabağı, Zəngəzuru öz vəsaitimiz hesabına yenidən qururuq" - Prezident
Xəbər lenti
0