CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazilərimizi intihara sürükləyən səbəb nədir?

© Sputnik / Murad OrujovVətən Müharibəsi qazisi
Vətən Müharibəsi qazisi - Sputnik Azərbaycan, 1920, 14.07.2022
Abunə olmaq
Psixoloq bildirir ki, özünü yandıraraq öldürmək intiharın psixologiyasına görə etiraz əlamətidir.
BAKI, 14 iyul — Sputnik. Sabirabad rayonu Qalağayın kənd sakini, Vətən müharibəsi qazisi 1987-ci il təvəllüdlü Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi qazilərin psixoloji durumu ilə bağlı problemi aktuallaşdırıb.
İkinci Qarabağ müharibəsi zəfərlə başa çatsa da, bu müharibədə iştirak edərək sağlamlığını itirmiş qazilərimizin intihar etməsi cəmiyyətdə də birmənalı qarşılanmır. Bizə qələbə sevinci yaşadan qazilərimizin düşmənlə döyüşdən sağ-salamat çıxdıqdan sonra canına qıyması məsələnin kökündə ciddi və öz həllini gözləyən problemlərin olduğundan xəbər verir.
Qarabağ qazisi, tanınmış jurnalist Rey Kərimoğlu Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müharibə başa çatdıqdan sonra həm şəhid ailələri, həmçinin də qazilərlə psixoloji iş düzgün və planlı aparılmayıb: "Mən deyərdim ki, post-müharibə dövründə qazilərimizlə psixoloji iş "gözdən pərdə asmaq" üçün aparılıb.
"YAŞAT" Fondu Türkiyədən psixoloqlar dəvət etdi, müəyyən dövrdə prisoxloqlar qazilərimizə psixoloji yardım göstərdi. Amma psixoloji iş planlı şəkildə aparılmalı idi. Müharibə iştirkarçıları ilə ayrı, yaralı qazilərlərlə ayrı, şəhid ailələri ilə ayrıca psixoloqlar işləməli idi. Çünki, bunların hamısı müharibə travması yaşasa da onların fərqli səbəblərdən stres keçirirdilər. Qazimiz var ki, iki ayağını, iki gözünü itirib. Şəhid ailələri isə sevdiklərindən əbədi arılıb. Belə ailələrin, qazilərin hər biri ilə ayrıca psixoloji iş aparılmalı idi. Çox təəssüf ki, bunu görmədik".
R.Kərimoğlu deyir ki, qazilərin intiharına səbəb təkcə onların müharibədə yaşadıqları, aldıqları travma deyil. Qazilərimizi məmurların münasibəti də intihara sürükləyir:
"Məmurlar münasibətləri ilə qaziləri qıcıqlandırırlar. Əsgərlikdə olmayanlar icra başçısı işləyir. Rayon icra hakimiyyətlərinin başçılarının 90 faizi hərbi xidmətdə olmayıb. Onlar haradan anlasın müharibəni, onun vurduğu travmanı? Belə insanlar sağlamlığını itirmiş qazilərimizin nə çəkdiyini anlaya bilməzlər. Çünki, özləri ömürlərində bir dəfə əllərinə silah almayıblar. Qazilərimiz isə müharibə dəhşətlərini görüb, gözləri qarşısında öz dostlarını, hərbiçi yoldaşlarını itiriblər. Müharibənin odunu-alovunu görmüş, əzalarını itirmiş insanlara normal münasibət olmaldır. İcra başçıları ən azı ayda iki dəfə belə şəxslərlə görüşməli, onların ailələrinə baş çəkməlidir".
Qeyd edək ki, dünyada baş verən müharibələrdən sonra müharibədən sağ qayıtmış insanlar arasında depesiya halları, özünəqəsd, post-travmatik stress hallarının baş verdiyinə dair məlumatlar var. İngilis psixoloq Charles Samuel Myers müharibədən sonra bu halları araşdıraraq "Müharibə depressiyası" adlandırılan bir psixoloji xəstəlik aşkar edib.
Artıq psixologiya elmində "Vyetnam sindromu", "Əfqan sindromu", "Koreya sindromu" kimi terminlər var. Məsələn, Vyetnam müharibəsindən sonra insanlarda şiddət və insan qətli kimi davranışlar artıb. 1964-cü ildə başlayıb 1975-ci ildə bitən Vyetnam müharibəsində 2,5 milyon gənc amerikalı iştirak edib. Onlardan 58 200-ü ABŞ-a sink tabutlarda, yaylım atəşləri altında qayıdıb və təntənəli şəkildə dəfn olunub. Təxminən 150 min döyüşçü Vyetnamda aldığı psixoloji travmadan sarsılaraq normal həyat yaşaya bilməyib. Minlərlə keçmiş döyüşçü öz həyatlarına qəsd edib. 1973-cü ildə Ərəb-İsrail müharibəsinin ilk üç günündə arxa cəbhəyə göndərilən 1500 yaralı İsrail əsgərindən 900-ü psixiatrik səbəblərdən cəbhəyə qayıtmayıb.
Bəs qazilərimiz arasında intihar hallarının artması "Qarabağ sindromu" hesab edilə bilərmi?
Psixoloq Samirə Abdullayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müharibədə iştirak etmiş hərbiçilərlə kliniki və hərbi psixoloqlar məşğul olmalıdır. Onun sözlərinə görə, post-travmatik stress hər hansi itkidən sonra da yarana bilər. Ona görə də, S. Abdullayeva müharibə iştirakçıları və şəhid ailələri ilə psixoloji işin aparılmasının vacib olduğunu söyləyir. Amma S. Abdullayeva qazilərin intiharının daha çox frustrasiya halı ilə bağlı olduğunu söyləyir:
"Buna el dilində xəyal qırıqlığı deyirlər. Ona görə hər intihar hadisəsi ayrıca araşdırılmalıdır. Mənim bildiyim qədər qazilər və şəhid ailələrinə psixoloji dəstək üçün Türkiyədən psixoloq qrupu gəlmişdi. Biz özümüz də şəhid ailələrinə də psixoloji yardım etmişik. Amma qazilərlə sırf hərbi psixoloq mütəxəssislər işləməlidir. Psixoloji iş mərhələli şəkildə aparılmalıdır. Müharibə dövründə qazilərimiz bədənlərinin müxtəlif əzalarını itirdilər. Anadangəlmə sağlam insanın bir ayın içində əlini, ayağını, gözünü itirməsini birdən-birə qəbul etməsi asan deyil. Onlara bu dövrdə dəstək olmalıdır. Əlsiz, ayaqsız, gözsüz yaşamağa tədricən psixoloji baxımdan alışdırılmalıdırlar. Qazilərə təkcə protez qoymaqla iş bitmir. Qazilərə həmin dövrdə də psixoloji yardım göstərilməlidir".
S.Abdullayeva deyir ki, qazi Elvin Cəfərovun intihar etməsinin kökündə xəyal qırıqlığı, etiraz dayanır: "İntiharın da psixologiyası var. Yandırmaq etiraz əlamətidir. İnsanın etiraz bildirərək özünü öldürməsi xəyal qırıqlığının nəticəsidir. Nəzərə almaq lazımdır ki, fiziki məhdudiyyətlərin yaranması qaziləri gərginləşdirir. Onlar iş tapmaqda çətinlik çəkirlər. Özünü yandırmaq bir növ haqsızlığa üsyandır. Ona görə də, məmurlar vətəndaşlara münasibətdə insani davranış sərgiləməlidir. Bundan sonra məmurlara ünsiyyət qaydaları öyrədilməli deyil. Onlar vətəndaşlarla işlədiklərindən, bu həssas psixoloji məqamları nəzərə almalıdırlar".
Qeyd edək ki, Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov Vətən Müharibəsi qazilərinə göstərilən psixoloji yardım barədə danışarkən bildirib ki, hərbiçilərimizdə ən çox rast gəlinən psixoloji hal kəskin stress reaksiyası olub. F. İsmayılovun sözlərinə görə, hərbiçilərin və əsgərlərin çoxunda kəskin stress reaksiyası əlamətləri kimi qıcıqlılıq, yuxusuzluq, "fleşbeklər" (müharibə görüntülərini dəfələrlə parlaq təəssüratlarla yaşama), səsə qarşı kəskin oyanıqlıq, emosional dəyişik reaksiyalar (müalicə aldıqları müddətdə döyüş və şəhid xəbərlərinə qarşı həssaslıq), mutizm (qısa müddətli nitqin itməsi) və müxtəlif psixosomatik şikayətlər olub.
Məlumat üçün bildirək ki, Elvin Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır. Xatırladaq ki, qazi öz son çıxışında Sabirabad Rayon İcra Hakimiyyəti başçısının onu qəbul edib problemlərini dinləməməsindən, özünə qarşı münasibətdən şikayətlənmişdi.
Xəbər lenti
0