Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bayden Səudiyyə Ərəbistanına, Putin isə İrana uçur

© Sputnik / POOL / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 13.07.2022
Abunə olmaq
Baydenin səfəri onun siyasi karyerası üçün həlledicidir. Moskvanın vasitəçiliyi ilə Ər-Riyadla Tehran arasında barışıq ABŞ-ın Rusiyanı təcrid etmək, "sivil dünya"nı ucuz yanacaqla təmin etmək cəhdlərini heç edəcək.
David Narmania, RİA Novosti
Bu gün Co Baydenin həyatı boyunca bəlkə də ən əsas səfəri başlayır. Bu səfər, həm də onun siyasi karyerası üçün həlledicidir.
Bayden, İsrailə və İordan çayının qərb sahilinə səfər edəcək. Marşrutunun son nöqtəsi isə Səudiyyə Ərəbistanı olacaq. Orada yalnız ər-Riyadla deyil, həm də Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq Şurasının digər altı ölkəsi ilə, həmçinin, Misir, İraq və İordaniyanın dəvət olunmuş liderləri ilə danışıqlar aparılacaq.
Yaxın Şərq turnesi regionun illər, hətta onilliklər ərzində taleyini əvvəlcədən müəyyən edə bilər. Bu turne həm də, əlbəttə ki, qlobal proseslərin inkişafına təsir göstərəcək.
Amma hər şey barədə növbə ilə danışaq.
Birləşmiş Ştatlar hazırda yanacaq qiymətlərinin artması ilə bağlı rekord inflyasiyanı yaşayır, sadə amerikalılara isə "Putinin bahalaşması" əfsanəsinə inanmaq getdikcə daha çətindir — Oval kabinetin hazırkı sahibinin yaşıl siyasəti yaddaşlarda çox təzədir. Bundan əlavə, Ali Məhkəmənin 40 il ərzində abortla bağlı konstitusiya hüququnu təmin edən "Roy Uayda qarşı" məhkəmə qərarını ləğv etməsi ilə seçicilər bölündü və məsələ dövlət orqanlarının ixtiyarına verildi.
Bu fonda Baydenin ictimai dəstək reytinqi fəlakətli 30 faizə düşüb. Ümumiyyətlə, ölkə həyəcanverici sürətlə "konfederallaşır" və Demokratlar nəinki noyabrda nəzərdə tutulan aralıq Konqresə seçkiləri, həm də növbəti prezidentlik kampaniyasını uduzmaq riski ilə üzləşiblər.
Vəziyyəti düzəltmək üçün ABŞ prezidenti hələ bu yaxınlara qədər iflas edəcəyinə söz verdiyi ölkəyə - Səudiyyə Ərəbistanına minnətçi kimi nə isə xahiş edib istəmək üçün getməyə məcburdur.
Amma "enerjidən asılı" reallıqdan uzaqlaşa bilməzsiniz və bir də, Rusiyanı təcrid etmək üçün nələr, nələr etmək olar.
Bayden tərəfindən qəzəblə qınanılan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman səfərə hazırlaşmağa vaxt itirməyib - iyunun sonunda o, sünni dünyasının əsas ölkələri olan Misir və Türkiyəyə səfər edib. İctimai müstəvidə söhbət iqtisadi əməkdaşlıqdan gedirdi, amma görünən odur ki, Amerika prezidentinin artıq təxirə salınmış səfərindən əvvəl regional oyunçular öz mövqelərini möhkəmləndiriblər.
Bayden üçün bu qədər əhəmiyyətli hadisə ərəfəsində, sanki, aydın səmada şimşək çaxacağı kimi məlum olur ki, Vladimir Putin səfərindən dərhal sonra nəinki Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq, həm də Tehranda "Astana formatında"kı sammit çərçivəsində bunu edəcək.
Təbii ki, Suriya üzrə danışıqların belə yüksək səviyyədə olması Türkiyənin orada - ölkənin şimalında ABŞ-ın fəal şəkildə dəstəklədiyi kürd birləşmələrinə qarşı növbəti xüsusi əməliyyat keçirmək planları ilə izah oluna bilər. İraqda oxşar əməliyyat, təxminən, üç aya yaxındır ki, davam edir.
Dəməşq belə bir addımı öz suverenliyinin pozulması hesab edir, baxmayaraq ki, o, bu əraziyə həqiqətən nəzarət etmir - o, Vaşinqton tərəfindən maliyyələşdirilən və dəstəklənən, nüvəsini kürd özünümüdafiə bölmələri olan "Suriya Demokratik Qüvvələri" tərəfindən idarə olunur. Onlar Əsəddən geniş muxtariyyət tələb edirlər. Ankara da öz növbəsində Suriyanın şimalında 30 kilometrlik təhlükəsizlik zonası yaratmaq istəyir.
Vəziyyəti nəzərə alsaq, aydındır ki, həm Moskva, həm də Vaşinqton Ankaranın bu planlarına mənfi yanaşırlar.
ABŞ-ın mövqeyini dəyişmək üçün Ərdoğan İsveç və Finlandiyanın NATO-ya qoşulması məsələsində müəyyən qədər çeviklik nümayiş etdirərək nəticədə razılıq verdi, lakin Skandinaviya demokratiyalarını təriflənmiş humanist dəyərlərindən imtina etməyə məcbur etdi - onlar faktiki olaraq kürdlərin Türkiyəyə ekstradisiyasını qəbul etdilər, halbuki, bir neçə ay əvvəl belə bir ssenarini ağlasığmaz adlandırırdılar.
Burada, təbii ki, hadisələr sonluqdan hələ çox uzaqdır. Belə ki, Stokholm və Helsinki formal olaraq Ankaranın şərtləri ilə razılaşıblar, lakin alyansın Madriddə keçirilən sammitindən sonra onlar hər hansı ekstradisiyadan söhbət getmədiyini açıqlayıblar. Daha ciddi desək, memorandum vətəndaşların ekstradisiyası ilə bağlı bütün müraciətlərin "ətraflı şəkildə araşdırılacağına" zəmanət verir, lakin bu, onların təmin ediləcəyi demək deyil.
Nə demək olar, bu halda Ankaranın NATO-ya yeni üzvləri qəbul etməyə razılığı heç də onların əslində bloka üzv olacağı anlamına gəlmir - qərar hələ parlamentdə ratifikasiya edilməlidir.
İndi isə Ərdoğan özünün Suriya planlarını Kremllə razılaşdırmalı olacaq. Məsələ ondan ibarətdir ki, o, Rusiyanın müttəfiqinin ərazisində ABŞ-ın müttəfiqlərinə qarşı mübarizə aparmaq üçün nə təklif etməyə hazırdır.
Türkiyənin NATO-ya məxsus olmasına baxmayaraq, son illər iki ölkə arasında əlaqələr çox fəal inkişaf edir. O, blok həmrəyliyə tüpürərək çox müstəqil siyasət yürüdür və antirusiya sanksiyalarına qoşulmaqdan imtina edir. Bununla belə, Kiyevə pilotsuz təyyarələrin tədarükü də dayanmır.
Moskva ilə Ankara arasında münasibətlər zərgər işi kimi diplomatiya tələb edir: hər iki gücün yaxınlığı və ambisiyaları səbəbindən qarşıdurma potensialı çox böyükdür. Qərbə inteqrasiyanın davam etməsi Türkiyəni Rusiya ilə qarşıdurmaya cəlb etmək təhlükəsi yaradır. Ərdoğanın bütün türk xalqlarını özündə birləşdirən Böyük Turan yaratmaq ideyaları Rusiyanın suverenliyinə birbaşa təhlükə yaradır. Amma bu layihə hələ birbaşa qarşıdurma ehtimalının olduğu mərhələdən çox uzaqdır və belə bir ssenari hər iki tərəf üçün son dərəcə xoşagəlməz nəticələrə gətirib çıxara bilər.
Eyni zamanda, Rusiya və Türkiyə əməkdaşlıq üçün həddən artıq geniş məkana malikdirlər: iqtisadi aspektləri nəzərə almasaq belə, Yaxın Şərqdə sabitlik və harmoniya hər iki ölkə üçün həyati əhəmiyyət kəsb edir.
Odur ki, xüsusilə Tehran sammitinin sürətlə razılığa gəlməsi fonunda qarşıdakı danışıqların yalnız Suriya üzərində dayanacağını düşünmək sadəlövhlük olardı.
Söhbətin nədən gedə biləcəyini anlamaq üçün bütövlükdə regiona nəzər salmaq lazımdır.
Ərəb-İsrail münaqişəsindən sonra Yaxın Şərqdə bəlkə də ikinci ən mühüm tektonik parçalanma Səudiyyə Ərəbistanı ilə İranın qarşıdurması sayıla bilər. Sünnilər və şiələr arasında köhnə dini ziddiyyətlər siyasi problemlərlə yanaşı gedir: 2016-cı ildə ölkələr növbəti dəfə diplomatik əlaqələri kəsdilər, lakin 2021-ci ildən dialoqun bərpası perspektivləri var.
Əgər Rusiya əsas regional oyunçular arasında sabit münasibətlərdə maraqlıdırsa, bu, ilk növbədə öz təhlükəsizliyinə görədir. Çünki qeyri-sabit Yaxın Şərqdə hər zaman başqa bir İD-in yaranması riski var. Regionda sülhün bərqərar olması Birləşmiş Ştatlara ona görə maraqlıdır ki, Vaşinqton lazımi qiymətə neft tədarükünü əldə edə bilsin. Bunun üçün sülh o qədər də vacib deyil, yalnız yataqlara nəzarət etmək kifayətdir - Suriyanın nümunəsi göz önündədir. Amma Moskvanın vasitəçiliyi ilə Ər-Riyadla Tehran arasında barışıq, nəhayət, ABŞ-ın Rusiyanı təcrid etmək və "sivil dünya"nı ucuz yanacaqla təmin etmək cəhdlərini heç edəcək.
Xəbər lenti
0