CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vəkil xırda cinayətlərə görə cəza, narkotiklərin leqallaşdırılması və qazi intiharı barədə

© Sputnik / Murad OrujovTürkel Süleymanlı
Türkel Süleymanlı  - Sputnik Azərbaycan, 1920, 12.07.2022
Abunə olmaq
Vəkil Türkel Süleymanlı deyir ki, narkotiklərlə bağlı qanunvericiliyə dəyişiklik edilməldiir
BAKI, 12 iyul — Sputnik. Məhkəmə-hüquq sistemi ilə bağlı cəmiyyətdə bir sıra narazılıqlar var. Vəkil Türkel Süleymanlı bu sistemdə, qanunvericilikdə olan problemlərdən danışıb:
- Məhkəmə-hüquq sisteminin ən böyük problemlərindən danışardınız.
- Məhkəmə-hüquq sistemində ən böyük problem elə ədalətə şübhənin olmasıdır. Sorğu aparsaq yəqin ki, əhalinin ən azı yarısı bundan narazılığını bildirər. Hətta məhkəmədə xeyrinə qərar çıxarılan tərəf də hüquqlarının tam təmin olunmamasına görə narazılığını ifadə edir. Problem tək bununla bitmir, bioqrafiyası fərqli olsa da, tarxiçəsi eyni, yaxud da yaxın olan müəyyən işlər var ki, onlara görə tamam fərqli qərarlar verilir, bir nəfərə pensiya verilir, digərinə verilmir. Məsələn, bir dul qadın ərinin pensiyasını ala bilir, digəri isə ala bilmir.
- Statusun nə dərəcədə rolu var?
- Sadəcə bir misal çəkim. Deməli, Amerikada bir milyarder bağ alır və dost-tanışı ilə oturub çay içəndə görür ki, camaaat onun bağının ərazisindən keçərək çimərliyə gedir. Məlum olur ki, uzun illər imiş ki, camaat bu ərazidən keçərək çimərliyə gedirmiş. Milyader bağ sahibi ora girişi bağladığı üçün məhkəməyə verilir, nəticədə də uduzan tərəf elə o olur. Bu hadisə Azərbaycanda baş versəydi, yəqin ki, nəticə tamamilə fərqli olardı. Demək istədiyim odur ki, hələlik ki, bizim məhkəmələrdə tam şəffaflıq yoxdur.
- Süründürməçilik halları qalmaqdadır ki, bu da vətəndaşlar tərəfindən ən çox narazılığa səbəb olur.
- Təəssüf ki, bu gün məhkəmə sistemi vətəndaşları "karusel"lə hərəkət etməyə vadar edir. Təsəvvür edin, qərar dəfələrlə Appelyasiya Məhkəməsindən Ali Məhkəməyə, Ali Məhkəmədən də Appelyasiya Məhkəməsinə göndərilir, yekun qərar verilmir. Beləcə bir iş 5-7 il uzadılır. Əslində iş appelyasiya məhkəməsinə verildikdən sonra artıq ikinci dəfədə birbaşa qərar verilməlidir.
- Vəkillər bu gün maddi rifah baxımından hakimlərdən aşağıdır
- Sual doğuran məqamlardan biri də elə budur: niyə Azərbaycanda maddi rifah baxımından vəkillər heç də hakim və prokurorlardan yuxarı deyillər? Azərbaycandan fərqli olaraq digər ölkələrdə vəkillərin maddi rifahı hakim və prokurorlardan yuxarıdır. Belə ölkələrdə şəxs 20-25 il işlədikdən, müəyyən yaşa çatdıqdan sonra hakim olmaq istəyir ki, iş rejimi daha rahat olsun, həftənin 5 günü işləsin. Belə olan halda o hakim olarkən artıq pulu düşünmür. Çünki vəkil olaraq işlədiyi müddətdə yatırımı, qazancı olub. Ümumiyyətlə, bir cəmiyyətdə vəkil daha çox qazanırsa, demək ki, məhkəmə də daha ədalətlidir. Çünki istənilən halda bu amil vətəndaşa təsir edir.
- Hakimlərlə bağlı əsas problemlər nələrdən ibarətdir?
- Sovet dövründə hakimin bir neçə işi ləğv olunduqda artıq onun xidməti məsələsi sual doğururdu. Ən yaxşı halda şiddətli töhmət alırdı. Lakin indi elə hakimlər var ki, 15-20 işi ləğv olunsa da, ona güldən artıq söz deyən yoxdur. Ümumiyyətlə, hələ də prokurorun məhkəmələrdə diktəsi var. Bir balaca müstəqillik göstərən hakimə problem yaratmağa çalışırlar. Lakin bununla demək istəmirəm ki, hüquq-mühafizə orqanları pis işləyir. Cəmiyyətdə kifayət qədər kriminal sabitlik var.
- Əlil, qazilərlə bağlı problem qalmaqdadır.
- Son bir ilə nəzər salaq, əlillərin, qazilərin nə qədər incidildiyini görürsünüz?! Bir ayağı olmayan şəxsə görə bir aydan sonra komissiyanın gəlib yoxlama aparmasının mənası yoxdur. Axı bir insanın sonradan ayağı çıxa bilməz. Nə üçün onlara əziyyət verilməlidir, yaxud, Qarabağ qazisi niyə intihar etməlidir?!
- Cəza siyasətində dəyişiklik olmalıdırmı?
- Cinayət qanuvericiliyində də liberallaşma olmalıdır. Xırda cinayətlərə görə cəzalar 3 aydan 3 ilədək yox, elə 3 ay olmalıdır. Bir insan ömründə birinci dəfə cinayət edirsə, hər bir halda ziyanı ödəyirsə, elə 3 ay həbs olunmalıdır. Çünki vətəndaş 3 ay içəridə qaldıqdan sonra yenidən ora düşmək istəməyəcək. Lakin bu müddət 3 il olduqda o artıq içəridən fomalaşmış bir cinayətkar kimi də çıxa bilər. Başqa bir nümunə deyim. Yaponiyada avtoqəza törədənlər üçün ayrıca cəza evləri var. Çünki bu təsadüfi cinayətdir. Bu şəxslərə hər gün videoçarxlar nümayiş elətdirirlər. Xırda cinayət törədənlərə 3 ay cəza vermək lazımdır, göndərmək lazımdır Kürdəmirdə yol tikintisinə. Qoy həmin şəxs həm orada əziyyət çəksin, həm də dövlətə xeyri olsun. Bu şəxsləri ictimai işlərə cəlb etmək lazımdır. Əli qabar olan şəxs yol tikintisində işləsə, onda başa düşəcək ki, toyuq oğurlamaqdansa, halal zəhmətlə qazanmaq daha yaxşıdır. Əks halda, onun ailəsi də bədbəxt olur. Sovet dövründə istehsal sahələri çox idi, dustaqlar bu yolla ailələrinə də yardım edirdilər, həm cəmiyyətə faydalı olurdular, həm də müəyyən qədərə də olsa islah olurdular. Belə olan halda şəxsin ailəsinə də əlavə yük düşmürdü. İranda belə şəxslər gecələr həbsxanada qalırdılar. Gündüzlər isə işləyib qazanırdılar.
Xırda və təsadüfi cinayət törədənləri digər cinayətkarlarla bir yerdə saxlamaq onların da cinayətə sürüklənməsinə səbəb ola bilər.
- Dələduzluqla bağlı maddəyə dəyişiklik edilib, bunu necə dəyərləndirirsiniz?
- Dələduzluqla bağlı maddəyə dəyişiklik edilib ki, xeyli miqdarda zərərə görə ikiqat, külli miqdarda zərərə görə isə üçqat vəsait tələb olunur. Buna qarşıyam. Vaxtında kiminsə 5 min manatını qaytarmayan şəxs ziyanı ödədikdən sonra bir də nə üçün 15 min manat da dövlətə ödəməlidir? Yaxud da, nəyəsə görə yüz min manat ödəməli şəxs digər 200 mini necə tapmalıdır?! Bu özü də cinayətə sürükləməkdir. Vergi cinayətlərinə görə ilk dəfə bu əməli törədən şəxs tam ziyanı ödədikdə məsuliyyətdən azad olunur. Bunu təqdir edirəm. Dələduzluqla bağlı qanunvericilikdə də belə ola bilər ki, şəxs zərərvurduğu şəxsə ziyanı ödədikdən sonra dövlətə də ziyanın 20 faizini ödəsin. Əksinə, şərtlər ağır olduqda vətəndaş düşünür ki, onsuz da vəsaiti ödəməyə gücü çatmayacaq, gedib içəridə yatmağı seçir.
- Narkomaniya ilə bağlı qanunvericilikdə nə kimi dəyişikliklər olmalıdır?
- Narkomanlarla bağlı qanunvericilikdə də birmənalı olaraq dünya tendensiyasına uyğun siyasət yürütmək lazımdır. Yüngül narkotikləri ağır narkotiklərdən ayırmaq lazımdır. Avropanın ən liberal ölkəsində də bu belədir. Amerikanın bir sıra ştatlarında həkim resepti əsasında marixuana leqaldır. Elmi olaraq sübut edilib ki, marixuananın ziyanı siqaretdən də azdır. Bu heroin qədər təhlükəli, məhvedici deyil. Həkim nəzarəti altında bunu müəyyən şəxslər qəbul edə bilər. Şəxs narkotiki satış məqsədi ilə gəzdirmirsə, onu bunda ittiham edib içəri salmaq düzgün deyil. Qanunda da göstərilməlidir ki, külli miqdarda narkotiklə saxlanmağın konkret cəzası nədir.
- Yüngül narkotik vasitə qəbul edib cinayət törədənlərin sayı çoxdurmu?
- Statistikalara baxsaq görərik ki, yüngül narkotik vasitə qəbul edib cinayət törədənlərin sayı azdır. Yüngül narkotiki kriminallaşdırmaq həm cəmiyyət üçün ağır yükdür, həm də dövlət üçün əlavə xərcdir.
Bir lətifə var, iki yəhudi rastlaşır, biri digərindən ortaq dostlarını soruşur. Bəlli olur ki, yeyinti etdiyi üçün həmin şəxs hazırda həbsdədir. Biri digərindən soruşur ki, bəs o içəridə nə yeyir. Məlum olur ki, su ilə qara çörək yeyir. Sual yaranır ki, məgər həmin şəxs evində qara çörək yeyə bilmirdi?! Yəni, azadlıq tamam başqa bir şeydir. Qanunların ağırlaşmasına gəldikdə isə, ABŞ-ı nümunə çəkəcəyəm. Məsələn, ABŞ-da narkotik ticarətində ağır narkotiklərə görə üçüncü dəfə tutulan şəxsə ömürlük həbs verilir. Bir insan ki, cəmiyyətə zəhər yayır, onu azadlıqda saxlamaq düzgün deyil. Ağır narkotiklərə görə cəzalar daha da sərtləşdirməliyik.
- Yol hərəkəti ilə bağlı qanunda nə kimi dəyişikliklər olmalıdır?
- Yol hərəkəti qaydalaırnda cərimələrə görə yüngülləşmələr olmalıdır. Cəriməni 3 gün ərzində ödədikdə bizdə 20 fazi güzəşt olur, Amma Rusiyada bu rəqəm 50 faizdir. Bizdə də belə olmalıdır.
- Həkim məsuliyyətsizliyi də narazılıqla qarşılanır.
- Bu da çox aktual problemlərdən biridir. Azərbaycanda demək olar ki, həkimlər məsuliyət daşımır. Bizdə ölüm halları olduqda ekspertlər normal rəy belə verə bilmirər. Ekspertiza idarəsi ayrıca və müstəqil qurum olmalıdır, Səhiyyə Nazirliyinə tabe olmalı deyil. Baxın, həkim də Səhiyyə Nazirliyinin işçisidir, idarənin eksperti də nazirliyin işçisidir. Məsələn, 9 ay doğuşa nəzarət edən həkim sonda uşağı xilas edə bilmir. Döldə hansısa problem varsa, necə olur ki, bu 9 ay bilinmir. Məsuliyyətin olmamasının səbəbi odur ki, bu gün bir çox klinikalar himayədədir. Bununla bağlı da qanunvericilikdə dəyişikliklər edilməlidir.
Xəbər lenti
0