Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Səidə Quliyeva: "Plastik əməliyyatlar etdirən aktrisa filmə çəkilməməlidir"

© Photo : YouTube / V Element ATVSəidə Quliyeva
Səidə Quliyeva - Sputnik Azərbaycan, 1920, 10.07.2022
Abunə olmaq
Rejissorlar bildirir ki, zaman keçdikcə, öz təbiiliyini qoruyub saxlayan aktrisa tapmaq müşkil məsələyə çevrilir
BAKI, 10 iyul — Sputnik. Plastik cərrahiyə əməliyyatları hələ keçmiş dövrlərdən qadınlar üçün ən aktual məsələlərdən biri olub. Azərbaycanda ilk dəfə burnunda əməliyyat keçirmiş sənətçi Əminə Yusifqızı olub. Əminə xanımdan sonra hələ sovet dönəmində bu riskli addımı xalq artisti Flora Kərimova atıb. XXI əsrdə isə plastik əməliyyat etdirməyən insana demək olar ki, çox az rast gəlinir. Bu da öz növbəsində süniliyə yol açır. Türkiyənin məşhur aktrisası Bedia Ener müsahibələrin birində bildirmişdi ki, kino aktrisası öz təbiliyini qoruyub saxlamaldır: "Mənim indi 68 yaşım var. Mənim indi yaşlı qadın, nənə obrazını oynayan yaşımdır. Mən plastik əməliyyatla özümü cavanlaşdırsam, bəs nənə obrazını kim oynayacaq? 10 il sonra tarixi janrda film çəkilsə, orada yaşlı qadını oynayacaq aktrisa tapmaq mümkün olmayacaq".
Bedia Enerin söylədiyi problemlər təəssüf ki, bizdən də yan keçmir. Plastik əməliyyat etdirən sənətçilərin sayı günbəgün artır.
Xalq artisti Səidə Quliyevanın fikrincə, plastik əməliyyatlar etdirən aktrisa filmə çəkilməməldir: "Mən bunu təkcə aktrisalara şamil etmək istəmirəm. Bu, müğənnilərimizə də aiddir. Kino aktrisaları isə bu barədə daha diqqətli olmalıdır. Məsələn, bu yaxınlarda nümayiş olunan "Köhnə çemodanlar" filmi Birinci Qarabağ savaşına aiddir. Filmdə sənət yoldaşlarım öz rollarının öhtəsindən məharətlə gəliblər. Amma o filmin ən qüsurlu tərəfi o idi ki, nə qrim, nə də ki, orada rol alan bəzi sənətçilərin xarici görnüşü, filmin məzmununa uyğun gəlirdi. Aktrisa bunu xoşlayırsa, bu onun öz işidir. Amma həmin aktrisa filmə çəkilməməlidir. Mən bunun tamamilə əleyhinəyəm. Bu, film kriteriyalarına uyğun gəlmir. Baxın Hollivud aktrisalarına. Onlar da müəyyən müdaxilələr ediblər. Amma o qədər incəliklə ediblər ki, onu özlərindən başqa heç kim bilmir. Yəni, o qədər qabarıq görünmür. Adını çəkdiyim filmdə çəkilənlər mənim əzizlərimdir. Amma bu nöqsanlar mənim xoşuma gəlmədi. Mənə elə gəlir ki, bu nüans filmin rejissorundan tutmuş, adi tamaşaçıya qədər heç kimin xoşuna gəlməyib".
Xalq artisti Ənvər Həsənov isə həmkarı Səidə Quliyevadan fərqli olaraq kişiləri qınadı: "Əvvəllər aktrisaların nəinki imiclərinə, hətta geyimlərinə də nəzarət olunardı. Aktrisa səhnəyə çıxırsa, filmə çəkilirsə, onun ətəyi dizdən yuxarı ola bilməzdi.Mən təkcə qadınlardan danışmaq istəmirəm. Kişilərdə də bu barədə problemlər var. İndiki cavan aktyorların əksəriyyətinin saqqalı var. Üzü təraş olunmuş aktyor tapmaq qeyri-mümkündür. Baxırsan səhnəyə 7 nəfər çıxıb, hamısı saqqalıdır. Mən də saqqal saxlamışam. "Qaçaq Nəbi" filmində Siracı, "Cavad xan"da Səlim bəyi oynayanda saqqal saxlamışdım. Bu, obraza görə idi. İndi isə sanki Bakıda Taliban hərəkatı hökm sürür. Yaraşdı-yaraşmadı hər kəs saqqal saxlayır. Ona görə də mən nə yeni çəkilən filmlərə baxa bilirəm, nə də verilişlərə".
Əməkdar incəsənət xadimi, kinorejissor Ayaz Salayev də mövzuya münasibətini bildirərkən aktrisaları təbii qalmağa çağırdı: "Mən istər kinoda, istərsə də həayatda təbiiliyə qaçan insanam. Ümumiyyətlə, mən tərəfdarıyam ki, xanımlar təbii gözəlliklərini qoruyub saxlasınlar. Təkcə tarixi filmlərin çəkilişinə şamil olunmur. Ailə-məişət mövsusunda da film çəkməndə rejissora təbii insana ehtiyac var".
Əməkdar incəsənət xadimi, təsvir rejissoru Amin Novruzov isə bildirir ki, əgər sənətçinin buna ehtiyacı var, bundan heç bir qəbahət görmür: "Biz o vaxt təsvir rejissoru olduğum "Bəxt üzüyü" filmini çəkəndə Sevda obrazı üçün Məleykə Əsədova təsdiqlənmişdi. Xatırlayırsınızsa, Məleykə xanımın burnu əvvəllər uzun idi. Mən o vaxt filmin rejissoru Ramiz Əzizbəyliyə dedim ki, bu obraza uyğun gəlmir. İşıqlandırma zamanı da problem yaradırdı. Bu məsələyə görə, aktrisa filmdən uzaqlaşdırıldı. Həmin hadisədən sonra Məleykə xanım bizə inad gedib burnunu əməliyyat etdirdi".
Kino tənqidçi Sevda Sultanova bildirir ki, estetik əməliyyatlar edəndə sözsüz ki, üz ifadələrinə, mimikalara təsir edir. Kino vizual sənət olduğuna görə, bu önəmli rol yoynayır. Bu isə özünü peşəkar hesab edən aktrisa üçün yolverilməzdir: "Kinoda gözəl üz vacib deyil. Kino ifadəli simanı sevir. Əlbəttə ki, kommersiya filmlərində yaraşıqlı sima əsasdır. Düşünülmüş şəkildə yaraşıqlı xanımlar və bəylər dəvət olunur. Amma bu, sənət filmlərinə şamil olunmur. Sənət filmlərinə əsas odur ki, aktyor öz rolunun öhtəsindən necə gəlir".
S.Sultanova bildirir ki, öz peşəsini sevən aktrisa estetik müdaxilə etməməlidir. Yaşlananda da gözəl yaşlanmaldır: "Məsələn, Pedro Almodovarun filmlərinin aktrisası Rossi de Palma burnu assimmetrikdir. Hətta fransızların çox məşhur modelyerlərindən biri onu dəfilələrinə model kimi dəvət edib. Pedro Almodovar müsahibələrin birində demişdi ki, "mən filmlərimə çəkmək üçün yaşlı aktrisa tapa bilmirəm. Çünki, əksəriyyəti estetik əməliyyat etdiriblər. Mən onları filmə dəvət edə bilmirəm. Çünki, mənim obrazım onlara uyğun gəlmir"".
"Nikol Kidman da əməliyyat etdirib. Mən onun son filmlərinə baxmamışam. Onun 2017-ci ildə çəkildiyi "Müqəddəs Maralın Öldürülməsi" filminə baxdım. Baxmayaraq ki, aktrisa rolunun öhtəsindən çox uğurla gəlib. Amma onun üzündəki estetik müdaxilələr məni o rolu tam orqanik qəbul etməyə mane oldu. Elə buna görə də mən onun son filmlərinə baxmıram. Məsələn, İzabelle Huppert Nikol Kidmandan daha yaşlı aktrisadır. Ola bilsin ki, müəyyən estetik prosüdurlar edir. Amma o əməliyyat etdirməyib"- deyə kino tənqidçi fikrini tamamlayıb.
Xəbər lenti
0