Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Görmə mədudiyyətli uşaqların görən gözü - Onlar təhsilə cəlb olunur

© Sputnik / Nigar IskanderovaSəsli kitab
Səsli kitab - Sputnik Azərbaycan, 1920, 10.07.2022
Abunə olmaq
Layihəni icra etdiyimiz müddətdə, sonrakı dövrdə gördük ki, digər şagirdlər də səsli dərsliklərdən yararlana bilirlər - Nofəl Şirinov
BAKI, 11 iyul — Sputnik. Azərbayanda orta məktəb üzrə demək olar ki, bütün ədəbiyyat dərslikləri audio formatda hazırlanaraq təqdim olunub. Layihənin icra olunmasında məqsəd görmə məhdudiyyəti olan uşaqların təhsil almasını təşviq etməkdir.
Layihənin müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun dosenti, Kəlbəcər rayonu 19 saylı məktəbdə təlim-tədris üzrə direktor müavini olan Nofəl Şirinov Sputnik Azərbaycan-a ətraflı məlumat verərək bildirib ki, Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi çərçivəsində səsli dərslikləri ilk dəfə 2018-ci ildə hazırlamağa başlayıb: "İlk olaraq 6-cı sinfin ədəbiyyat dərsliyini hazırladıq. Daha sonra Avrasiya Fondu ilə birgə layihəni davam etdirdik. 5 və 7-ci siniflərin ədəbiyyat dərslikləri səsləndirildi. Bundan sonra, Təhsil Nazirliyinin ayırdığı qrant hesabına sesliderslik.az saytını yaratdıq. Sonradan Avrasiya Fondu vasitəsilə səsləndirilən dərslikləri həmin sayta yerləşdirdik".
O bildirir ki, 4-cü qrant müsabiqəsində səsli dərsliklərin mobil tətbiqi hazırlanıb: "2021-ci ildə həyata keçirilən qrant müsabiqəsində 10-cu sinif istisna olmaqla 5-11-ci siniflər üzrə bütün ədəbiyyatları səsləndirdik. 10-cu sinif ədəbiyyatı yenilənəcəyi üçün bu ədəbiyyatdakı materialları audio fayl olaraq hazırlamamışıq. Digər ədəbiyyat dəsliklərinin həm təkminləşdirilmiş nəşrlərini, həm də yeni nəşrlərin hər birini səsləndirərək Təhsil Nazirliyinə təqdim etdik. Həmən fayllar sesliderslik.az saytına yerləşdirilib".
Nofəl Şirinov qeyd edir ki, bundan başqa, həmin səsli fayllar video formata "Youtube"a (https://www.youtube.com/channel/UCeeSFm6P0nbDCJKh-b9Sqzw/videos) əlavə olunub. Onun sözlərinə görə, sayt və "Youtube"dan gələn baxışlara nəzər yetirdikdə bu layihəyə kifayət qədər marağın olduğunu demək olar.
İdeyaya gəldikdə, Nofəl Şirinov deyir ki, Türkiyədə magistr təhsili aldığı müddətdə belə bir təşəbbüs haqda düşünüb: "Təhsil aldığım müddətdə eyni qrupda görmə məhdudiyyətli tələbələr vardı, onlar brayl əlifbasından ümumiyyətlə istifadə edə bilmirdi. Brayl əlifbasını bilməyə-bilməyə bu pilləyədək gəlmələrinə görə çox təəccüblənmişdim. Onların görən gözləri bacı-qardaşları olub. Düşündüm ki, görmə məhdudiyyətli hər uşağın evində onun gözləri ola biləcək bacısı, qardaşı, yaxud, digər ailə üzvləri olmaya bilər. Beləcə, özümüz peşəkar səviyyədə həmin dərslik və materialları hazırlayaraq həmin şəxslərə çatdırmağı qərar aldıq".
O deyir ki, bölgələrdə, yaxud Bakı şəhərinin ətrafında yaşayan, görmə imkanı məhdud uşaqlar onlar üçün nəzərdə tutulan kitabxanalara gedə bilmir, dərsliklərlə tam şəkildə təmin olunmurlar: "Xüsusi əlifba ilə hazırlanan orta məktəb dərsliklərinin çatıdırılması prosesi çətin olduğundan düşündük ki, bu yolla belə uşaqlara kömək edə bilərik. Layihəni icra etdiyimiz müddətdə, sonrakı dövrdə gördük ki, digər şagirdlər də səsli dərsliklərdən yararlana bilirlər".
Nofəl Şirinov bildirir ki, səsli dərsliklərlə bağlı layihə uşaqların natiqlik, həm də dinləyib anlamaq qabiliyyətinin inkişafına müsbət təsir edir. Bu tip müxtəlif layihələrin müəllifi olan Nofəl Şirinov digər layihə çərçivəsəində sinifdənxaric oxu hekayələrinin səsləndirilməsinə nail olub: "Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən "1001 səsli hekayə" layihəmiz çərçivəsində sinifdən xaric oxuya dair hekayələrin səsləndirilməsi icra edilib. Burada klassik və müasir ədəbiyyata dair dünya, həm də yerli ədəbiyyata dair hekayələr səsləndirilib. Ümumilikdə, "Səsli kitabxana" layihəsinin korrdinatoru olaraq qeyd edə bilərəm ki, dünya xalqlarının 50-dən artıq müxtəlif nümunəsi səsləndirmişik.
Nofəl Şirinov bildirir ki, ədəbiyyatdan başqa digər dərsliklər də səsləndirilib: "Tərəfimizdən səsli dərsliklərlə bağlı portal yaradıldıqdan sonra Təhsil Nazirliyi tərəfindən "Tarix" fənni üzrə materiallar audio formatda hazırlanıb. Bu dərsliklər nazirliyin e-derslik.edu.az portalına əlavə olunub. Hazırladığımız dərsliklər də həmin portala əlavə olunub. Həmin sayta ingilis dilində dərslikləri də mövcuddur. Həmin saytda mobil tətbiq də yerləşdirilib".
Mütəxəssis bildirir ki, texniki fənlər üzrə belə dərsliklərin hazırlanması mümkün olsa da, onlar layihə olaraq bunu icra etməyiblər: "Həmkar müəllimlərimiz tərəfindən kimya, biologiya, fizika dərslikləri qrant müsabiqəsi çərçivəsində audio formatda hazırlanıb".
O hesab edir ki, belə uşaqlar üçün ibtidai siniflərə görə audio dərsliklərin hazırlanması çox önəmlidir: "Gələcəkdə bunlar ola bilər, lakin qeyd edim ki, hələlik bu istiqamətdə iş aparmırıq".
Qeyd edək ki, görmə məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulan, paytaxtda yerləşən 5 saylı respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir. Məktəbin hazırkı binası 1961-ci ildə inşa olunub. Bina 2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib.
Məktəbdə 306 şagird təhsil alır. Onlardan 135-i məktəbdə daimi olaraq qalır. Qeyd edək ki, ötən il məktəbin 50 məzunu olub, onlardan biri Bakı Ali Neft Məktəbinə, digər 6 məzun isə başqa universitetlərə qəbul olundu.
Xatırladaq ki, Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilən “Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi” layihəsi çərçivəsində məktəbdə uşaqlar üçün xüsusi sinif yaradılıb. 2007-ci ildə açılışı olan sinifə Fond tərəfindən müvafiq tədris vəsaitləri, kor və görmə qabiliyyəti zəif uşaqlar üçün hazırlanmış kompüterlər hədiyyə edilib. Burada, həmçinin audio studiya və kitabxana var.
Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı burada kompüterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək, musiqiyə qulaq asmaq, internetə bağlanmaq və məktublaşmaq mümkündür.
Xəbər lenti
0